Lazım olsa, Milli Şuranın, Müsavatın qarşısına çıxarıq
Son bir il ərzində ölkədə siyasi partiyaların fəaliyyəti, bu sahədəki mövcud çatışmazlıqlar və uzlaşmaz mövqelərin yaxınlaşdırılması istiqamətində mühüm addımlar atılır. 44 günlük müharibəsində ölkənin siyasi partiyalarının sərgilədiyi vahid mövqe bu prosesin davam etdirilməsinin zəruriliyini də ortaya qoyur.
Bu və digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Azərbaycan Milliyyətçi Hərəkat Partiyasının sədr müavini İlyas Abdullayev maraqlı məqamlara toxunub.
- İlyas bəy, mərhum İsgəndər Həmidovdan sonra Partiyanın fəaliyyətində hansı yenilənmələr baş verdi və bugünkü siyasi kursunuz hansı istiqamətdə yürüyür?
- Bizim partiya İsgəndər Həmidovun təsis etdiyi Milli Demokrat - Bozqurd Partiyası olub. 1993-cü ildə yaradılıb və 1995-ci ildə İsgəndər Həmidov həbs ediləndən sonra qeydiyyatı ləğv edilib. Partiyanın onlayn keçirilən sonuncu 7-ci qurultayında Milli Demokrat -Bozqurd Partiyasının adı qurultay iştirakçılarının səsverməsi ilə dəyişdirilərək, Milliyyətçi Hərəkat Partiyası oldu. Qurultayda partiyanın 53 rayon təşkilatı iştirak edirdi. Tədbirdə partiyanın nizamnaməsində dəyişikliklər olub, yeni sədr seçilib və fəliyyətini davam etdirir. Sənədlər toplanaraq Ədliyyə Nazirliyinə təqdim olunub.Hazırda müxtəlif layiələr üzərində işləyirik, tədbirlər keçiririk.
- Niyə partiya fəaliyyətiniz görünmür?
- Görünməməyimiz partiyamızın taktiki gedişi ilə bağlıdır.
- Milli Şura, Müsavat partiyaları da Ağdama səfər edən partiyalar arasında yox idi, siz də. Bu partiyalarla hansı əlaqələriniz var?
- Müsavat Partiyasında, Xalq Cəbhəsində dostlarımız var. Onların yolu ayrı, bizim yolumuz ayrıdır. Müsavat liberal dəyərləri əsas tutub və Avropa Liberal Partiyasının bir üzvüdür. Xaq Cəbhəsi və Milli Şura Departamentdən bərqərar olub, onunla da fəaliyyət göstərir. Daxili resurslarımıza əsaslanaraq türk birliyi istiqamətində fəaliyyət göstəririk. Deyə bilmərik ki, Milli Şura, yaxud Gültəkin Hacıbəyli Amerikanın səfiri, yaxud başqa səfirlərlə niyə görüşür. Onların cəmiyyətə təqdimatı budur. Əlbəttə, millətçi kəsim olaraq bunu pisləyirəm. İstəyimiz Türkiyə ilə işbirliyi qurmaq və Orta Asiya türklərinə qovuşmaqdır. Əsas Azərbaycan daxilində insanlarımıza türk bağlılığını aşılamaq və bunun insanlarımızda tam oturuşmasını təmin etmək və bu dəyərləri hakimiyyətə daşımaqdır.
- İlyas bəy, dediniz ki, Ağdama səfər zamanı hökumətdən sizə gələn təklifdən imtina etdiniz. Bu gün hər bir halda bir araya gəlmək zərurət varsa, niyə imtina etdiniz?
- Hələ bizim torpaqlar tam olaraq nəzarətimizdə deyil. Bütün bu işlərin içində xeyirli məsələlər də var. Bilirik ki, Azərbaycan Ordusunun müxtəlif növləri Türkiyədə təlimlər keçir. Müharibə bitməyib. Qoşunlarımız işlər görür. Bu bizi ümidləndirir, dövlətimizin, ordumuzun hər an ayaqda olması insanı güvənli hiss etdirir. Xalqdan qaynaqlanan hakimiyyət güclü olur. Siyasi iradə nə vaxt xalqa tərəf dönəcəksə, tez bir zamanda qarşısına çıxan bütün maneələri aşacaq. Mən buna inanıram.
- Radikalizmə ehtiyac varmı indi?
- Radikal yanaşmaların əleyhinəyik. Radikalizm siyasi iddia ortaya qoyub o iddiaya görə hər şeydən keçənlərə deyirlər. Biz millətçi kəsimik, lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq. Bizim üçün İvanla, Conun fərqi yoxdur.
- Siyasi partiyaların müharibə ərəfəsindəki fəaliyyətlərini necə dəyərləndirirsiniz?
- Sentyabrın 7-dən noyabrın 9-dək Azərbaycan müxalifəti, bütövlükdə Azərbaycan vahid bir komanda oldu. Biz də əlimizdən gələni əsirgəmədik. Bütün siyasi baxışları kənara qoyub Ali Baş Komandanın ətrafında olduq. Söhbət ərazi bütövlüyündən gedirsə, biz heç bir partiyanı qınaya bilmərik, əksinə, hamısına əhsən. 10 Noyabr bəyannamsindən sonra zaman keçdikcə, həmin o yekdillik, birlik pozuldu. Pandemiya olmasına baxmayaraq, Azərbaycan vətəndaşları imkan taparaq dünyanın hər yerinə gedə bilir. Necə olur ki, işğaldan azad olunmuş torpaqlarımıza gedə bilmirik.
- İlyas bəy, məlumdur ki, müharibəni üç mərhələdə apardıq – hərbi, diplomatik və hazırda sülhməramlıların gəlişi, bərpa və qayıdışla bağlı üçüncü mərhələni keçirik. Bu gün sülhməramlıların nəzarətində olan Qarabağ bölgəsindəki vəziyyəti necə görürsünüz?
- İlk olaraq onu deməliyəm ki, orada yerləşən yad ölkənin ordusu sülhməramlı deyil. BMT-nin sülhməramlılarla bağlı öz qərarı var. Bu gün balaca Azərbaycanın bir çox ölkələrdə sülhməramlıları var. Amma onlar bir mandatla ordadılar. Rusiya hərbi qüvvələri heç bir mandat olmadan Azərbaycana soxulublar. Heç bir qanunla da onları sülhməramlı adlandırmaq olmaz. Rusiyadan başqa bunu heç kim sülhməramlı kimi qəbul etmir və sülhməramlı da adlandırıla bilməz.
İnanıram ki, o torpaqlara da biz qayıdacağıq, o ərazilər erməni vəhşilərindən təmizlənəcək. İşğal edilmiş əraziləri təmizləmək üçün Rusiya ordusuna qarşı mübarizə aparmalıyıq. Unutmamalıyıq ki, Azərbaycan əsgərləri Vətən uğrunda şəhid oldu. Xalq öz şəhidini bağrına basdı, sevə-sevə, qürurla dəfn elədi.
- Partiyaların maliyyəşləməsi məsələsinə necə baxırsınız?
- Siyasi partiyaların maliyyələşməsi dövlətin işidir. Əlbəttə maliyyələşməlidir. Siyasi instutlar yaşamalıdır. Əgər biz dövlətimizi yaşatmaq istəyiriksə, siyasi partiyalar, QHT-lər bir olmalıdır.
- Məlumdur ki, xaricdən Azərbaycana qarşı təsirlər var. Bu günlərdə ABŞ Departamentinin hazırladığı hesabatda da bu, özünü göstərdi. Vətən Müharibəmizə də ləkə salmaq istədilər. Bizə qarşı yönələn bu təzyiqlərə qarşı siyasi partiyalar hansı gedişləri etməlidir?
- Nə mən, nə də partiyamız heç vaxt qərbyönlü olmamışıq. Təbii ki, Rusiyanın da, Amerikanın da, digər ölkələrin də Azərbaycana münasibətdə öz maraqları var. Qafqaz uğrunda müharibə dayanmayıb, davam edir. Qafqazın da ən öndəgedən ölkəsi Azərbaycandır. Qafqaza nəzarət etmək üçün Azərbaycana nəzarət etmək lazımdır. Beynəlxalq təşkilatlardan gələn təsirlərə qarşı mühaibə ərəfəsində partiyalar bir mövqedən çıxış edirlər. Təbii ki beynəlxalq təşkilatlar da birinci növbədə öz mövqelərindən çıxış edirlər.
Bu gün dünyanı idarə edən yeni qütblər formalaşır. Azərbaycan Türkiyəyə qucaq açmalıdır və biz birlikdə türk cumhuriyyətləri ilə bu istiqamətdə işlər görməliyik. Bizim bu istiqamətdə Türkiyə siyasi partiyaları, dərnəkləri ilə aktiv əməkdaşlıq edir və görüşlərimiz, əlaqələrimiz sürətlə inkişaf edir. Türkiyə Milliyyətçi Partiyası, İyi Partiya, Böyük Birlik Partiyası ilə Türk Dünyası Dayanışma Vəqfı ilə partiyamızın çox aktiv əməkdaşlığı var. Yeni qütbləşmə dövründə biz vahid türk milləti kimi birləşməliyik. SSRİ dağılandan sonra Azərbaycan-Türkmənistan əlaqlərini görmüşdük. Son 6 ayda müsbət dəyişmələr baş verir. Türk siyasəti o buzu da əritdi. Indi Türkmən enerj daşıyıcılarının Azərbaycan üzərindən yönləndirilməsi məsələsi müzakirə olunur. Dünyanın harasında özünü türk sayan insanlar varsa bir yürüməyi üstün tutmalıdırlar.