1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin Xocalıda törətdiyi soyqırımı faciəsindən düz, 32 il ötür. Xocalı soyqırımı qurbanlarının, soyqırımı şahidlərinin o gün dünyanın gözü qarşısında tapdanan hüququnun “portreti” anım günündə yenidən qarşımızda dayanacaq. Lakin “Pozulan hüquqlarımız dünya müstəvisində necə qorunur? Cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cəzasını aldımı?” sualı açıqdır. Bu gün torpağı, yurdu düşmən tapdağından tam azad olunan xocalılılar yaralarını bağlayıb, haqqını bərpa edib, yenidən o yerlərdə xoşbəxt yaşaya biləcəklərmi? “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Elman Məmmədov mühüm məqamlara diqqət çəkib.
– Bu gün Xocalı da daxil olmaqla, Azərbaycanın bütün ərazilərində suverenliyimiz bərpa edilib. Xocalıda vəziyyət necədir? Xocalılılar geriyə dönməyə hazırdırlarmı?
– 2020-ci il sentyabrın 27-də düşmən üzərində əks-hücuma keçən Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq bütün ərazilərimizi, Xocalını, erməni faşistlərinin qırğın törətdiyi əraziləri azad edib, öz nəzarəti altına aldı. Ərazilərimizdəki separatçıların, işğalçıların, terrorçuların kökü kəsilib, torpaqlarımız azaddır.
O gündən bu yana yaraları qan ağlayan şəhid ailələri, soyqırımı şahidlərinin, bütün xocalılıların ruhu sərinləndi. Xocalının erməni zülmünə tuş gələrək, qanımızın töküldüyü o torpaqlar bu gün tam olaraq Azərbaycanın nəzarətindədir və xocalılılar çox da uzaq olmayan bir vaxtda öz yurdlarına geri dönəcəklər.
Bu gün azad olunan ərazilərdə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı işlər aparılır. Məlumdur ki, ermənilər bu illər ərzində bütün əraziləri minalayıblar. Hazırda o ərazilər mina və partlamamış silah-sursatdan təmizlənir. Bundan başqa, paralel bərpa quruculuq, tikinti işləri gedir. Yollar salınır, su çəkilir, enerji, qaz, rabitə və sair kommunikasiya xətlərinin təminatı həyata keçirilir. Şəhər və bəzi kəndlərdə elektrik təminatı, demək olar ki, hazır vəziyyətdədir.
– Xocalılıların öz yurdlarına qayıdışı ilə bağlı hansı yeniliklər var?
– Bu gün xarici güclərin, düşmənlərin Azərbaycana qarşı qərəzli davranışına baxmayaraq, torpaqlarımız azaddır, xocalılılar, bütövlükdə Azərbaycan Xocalı soyqırımını 32 il sonra düşmənə zəfər çalmış bir ölkənin vətəndaşı olaraq öz torpağında anacaq. Bu, xocalılılar üçün bir təsəllidir. Xocalılılar bu gün onlara bu sevinci yaşadan Azərbaycan Ordusuna, Ali Baş Komandana minnətdardır.
Yaxın vaxtlarda geriyə dönüşümüzlə bağlı o sevincli xəbərləri alacağıq. Xankəndiyə, Xocalıya, Şuşaya, Malibəyliyə, Kərkicahana, Xocavəndə qayıdış başlanacaq. Bu qayıdışı həyata keçirmək üçün müvafiq işlər görülür.
– 32 il – bu uzun zamandan sonra Xocalı soyqırımı Xocalıda anıla bilərmi, orada hansısa abidənin yaradılması nəzərdə tutulurmu?
– 26 fevralda Xocalıda anım mərasiminin keçirilməsi gözlənilir. Ola bilər ki, müəyyən məhdud qrup Xocalı sakinlərinin iştirakı ilə orada anım mərasimi keçirsin. Novruz bayramında tam da olmasa da, müəyyən ailələr bayramı Xocalı şəhərində keçirə biləcəklər. Bu istiqamətdə müəyyən gözləntilər var. Xocalı işğaldan azad olunandan sonra mətbuat, müxtəlif televiziya kanalları ilə birlikdə, müxtəlif QHT-lərin təşəbbüsü ilə çox sayda xocalılılar, şəhid ailələri, soyqırımın şahidləri, əsir və girovluqda olmuş insanlarımız son 3-4 ay ərzində Xocalının özündə, kəndlərində, soyqırımında zamanı kütləvi qırğınlar törədilən yerlərdə olublar. Dövlətimiz tərəfindən bunun işıqlandırılması, xatirə-anım abidəsinin qurulması məsələsi və digər tədbirlərin görülməsi nəzərdə tutulub. Bu, tədricən həyata keçirilir və yaxın vaxtlarda hər kəs bunu görəcək. Eyni zamanda, çox yaxın zamanda xocalılıların torpaqlar azad olunandan sonra o yerlərə gedərkən keçirdiyi hissləri, təəssüratları ilə televiziya vasitəsilə tanış ola biləcəksiniz. Hələlik, bu barədə danışmaq istəmərəm. Şübhə yoxdur ki, Xocalı qurbanlarının ruhu dövlətin, xalqın qəlbə əzmi ilə keçirdiyi hisslərlə yenidən yaşayır.
– Rusiya sülhməramlılarının Xocalıda qalışı və fəaliyyətində nə dəyişib?
– Sülhməramlılar Azərbaycana gələn ilk vaxtdan yerləşdikləri əsas mərkəz Xocalı aeroportunun ərazisi idi. Bu gün də orada müəyyən yerlərdə qalırlar. Sülhməramlıların Xocalıda, yaxud harada olmaları, nə işlə məşğul olmaları bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bütün səlahiyyət, nəzarət Azərbaycanın müvafiq qurumlarının əlindədir. Sülhməramlılar 2020-ci ildə ərazilərimizə gələndən sonra məşğul olduqları özbaşına işləri davam etmək səlahiyyətində, hüququnda və imkanında deyillər. Onlar anladılar ki, bura Azərbaycan ərazisidir, səlahiyyətlərinə aid olmayan qanunsuz missiya daşımağa ixtiyarları yoxdur.
– Xocalı soyqırımını törədən Ermənistan və havadarlarının beynəlxalq məhkəmə qarşısına çıxarılaraq, cəzalarını almaları üçün hansı addımlar atılmaqdadır?
– Xocalının pozulan haqqının, hüququnun bərpası və qatil cinayətkarların öz cəzalarını almaları üçün hər il olduğu kimi, bu il də beynəlxalq təşkilatlara, müxtəlif dövlətlərin parlamentlərinə, rəsmi qurumlarına müvafiq müraciətlər göndərilib və göndəriləcəkdir. Azərbaycan xalqı, dövləti Xocalıda beynəlxalq məhkəmələrdən cinayətkarların öz cəzasını almasını istəyir, tələb edir.
Qərbin, Avropanın isə bir çox ikiüzlü dövlətlərin, beynəlxalq təşkilatların uzun illər Azərbaycan həqiqətlərinə göz yumduğu, qərəzli, ədalətsiz yanaşması hamımıza yaxşı məlumdur. Bu, ikili standart, haqsızlıq Xocalıda erməni qaniçənlərinin 366-cı alayın dəstəyi ilə törətdiyi soyqırımından sonra xüsusilə əndazəsini aşdı. Azərbaycan torpaqlarını dağıdan, tarixi abidələrini məhv edən, insanlarını – uşaqları, qocaları, qadınları qətlə yetirən, girov götürən, onlara qarşı ağla sığmayan vəhşiliklər törədən ermənilərin törətdiyi cinayətlərə görə, Avropanın, Qərbin nüfuzlu təşkilatları Ermənistana “İşğalçısan”, “Soyqırımı cinayətkarısan” demədi, qınamadı, sanksiyalar tətbiq etmədi, cinayətkarlar məhkəməyə cəlb olunmadı. Otuz il Azərbaycan Dövləti, xalqı dünyanın ədalətinə güvənərək, haqqın öz yerini tutacağını gözlədi. Hələ də Xocalı cinayətkarları beynəlxalq məhkəmələrdə öz cəzasını almayıb. Bir neçə erməni öz xoşu ilə yaşayış yerini tərk etdiyinə görə, az qala, bizə qarşı sanksiya tətbiq etməyə çalışdı. Bu, qəbuledilməz, arzuolunmaz faktdır.
Bununla belə, Xocalı soyqırımı Azərbaycan Dövləti, Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələr tərəfindən tanınıb. Cinayətkarlar Beynəlxalq Məhkəmədə cavab verməyənə qədər bu istiqamətdə işimizi davam etdirməliyik.
Azərbaycan Dövləti Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan ərazilərimizi, Xocalını erməni tapdağından azad etməklə öz sözünü dedi. Beynəlxalq hüququn ədalətə deyil, gücə buxovlandığı bir vaxtda Azərbaycan özü dünya, insanlar üçün “demokratiya, ədalət bazarı” açan bəzi böyük təşkilatlara layiqli dərsini verdi. Bu gün dünya ictimaiyətinin Xocalı soyqırımını törədən terrorçu, separatçı dövlətə münasibətinə baxanda ikiüzlü standartından əl çəkmədiyi görünsə də, haqqın öz yerini tutacağına inanıram.