Gürcüstanda ölkənin ən böyük kilsəsinin divarına keçmiş Sovet İttifaqı lideri İosif Stalinin ikonası çəkilib və bu, tənqidlərə səbəb olub.
Hafta.az-ın yazdığına görə, İkonada Rus pravoslav müqəddəslərindən olan Müqəddəs Matrona Stalinə xeyir-dua verir.
Bəzi qeyri-hökumət təşkilatları Gürcü Pravoslav Kilsəsini simvolu silməyə çağırıb.
Reaksiyaları "anti-kilsə kampaniyası" kimi xarakterizə edən Andria Caqmaidze, sözügedən şəklin Stalinin simvolu olmadığını, sadəcə onun da yer aldığı bir ikona olduğunu bildirib.
Caqmaidze deyib ki, "Diokletian kimi pis adamlar da ikonalarda görünə bilər. Amma bu, başqa vəziyyətdir. Burada Stalin pis kontekstdə təsvir olunmur".
Stalin ikonasına boya atdığı iddia edilən Nata Paradze radikal sağçıların reaksiyasının hədəfinə çevrilib. O, sosial media hesablarında boya ilə örtülmüş ikonanın 3 saniyəlik videosunu paylaşdıqdan sonra radikal sağçı Alt İnfo qrupunun üzvləri Paradzenin evinə basqın etmək istəyiblər.
Paradze bəzi dostlarının da hücuma məruz qaldığını bildirib.
Stalinin kilsə tərəfindən "təsir silahı" kimi istifadə edildiyini deyən Paradze, "Mən əminəm ki, bu, Rusiyanın imzasıdır. Stalin bütün ailəmi öldürdü. O, ancaq terror və qorxu aşıladı. Stalin qəhrəman deyil" deyə bildirib.
Bu arada, Paradze polis tərəfindən də dindirilib.
Hakim “Gürcü Arzusu” Partiyası ikonanın üzərinə boya atılmasını “anti-xristian, kilsə əleyhinə və təxribat xarakterli hərəkət” kimi qiymətləndirib.
Hadisədən sonra hərəkətə keçən hökumət kilsəyə qarşı təhqirlərin qarşısını almaq üçün “dini bina və obyektləri təhqir etmək” üçün cəzaları da artırmağı planlaşdırır.
Sovet İttifaqının lideri İosif Stalin ölümündən illər keçsə də, doğulduğu Gürcüstanda mübahisəli fiqur olaraq qalır. Bəzi Gürcüstan vətəndaşları onu milyonlarla insanın ölümünə səbəb olan Adolf Hitlerə bənzəyən şəxsiyyət kimi görürlər. Digərləri isə Sovet İttifaqına həsrətlə Stalinə bağlıdırlar və hələ də Stalinə dua edənləri və ölkənin hər yerində Stalinin fotoşəkilləri olan divarları görmək mümkündür.