Dünyaca məşhur qəhvə zənciri Starbucks Çində satışa çıxardığı donuz əti ətirli qəhvələri ilə gündəmə gəlib.
Hafta.az-ın yazdığına görə, Çində ənənəvi olaraq qeyd olunan və Qərbdə “Çin Yeni İli” də adlandırılan Ay Yeni ili üçün xüsusi hazırlanmış qəhvədə espressoya qaynadılmış süd və donuz əti sousu əlavə edilir.
Çin mətbəxində tez-tez istehlak edilən odda az bişirilmiş “Dongpo” donuz əti sousu ilə ətirli qəhvələrin hər biri 68 Çin Yuanına (təxminən 16 manat) satılır.
Bir parça donuz ətinin əlavə edildiyi xüsusi hazırlanmış qəhvələr, Ay Yeni ilinin qeyd olunduğu gün - fevralın 10-da satışa çıxarılıb.
Starbucks Reserve filiallarından alına bilən qəhvə Çində də sosial mediada trend mövzusu olub.
Çinin dövlətə məxsus “Changjiang Daily” qəzetinə bağlı “Juipai News” xəbər saytı Hubey əyalətinin Vuhan şəhərindəki Starbuck Reserve filiallarında donuz əti ətirli qəhvələrin tükəndiyini bildirib.
Ölkədə cəmi 6804 şöbəsi olan Starbucks, Ay Yeni ili üçün daha iki xüsusi qəhvə təqdim edib. Onlardan biri jujube meyvəli macchiato, digəri isə badam tofu ilədir.