Stokholm polisi Quranın yandırılmasına icazə verməyib

18:38 16.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsveç paytaxtının polisi İraq səfirliyi qarşısında Quranın yandırılması ilə aksiya keçirməyə icazə verməkdən imtina edib. Bu barədə yerli SVT telekanalı hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən xəbər verir.

Polis bildirib ki, bu qərar etirazın İsveçə qarşı terror təhlükəsinin artmasına səbəb ola biləcəyi ilə bağlıdır.

Bir həftə əvvəl Stokholm polisi də Türkiyə səfirliyi qarşısında müsəlmanların müqəddəs kitabını yandırmaq üçün növbəti nümayişə icazə verməmişdi. Nümayiş üçün müraciət edən “Apallarkerna” qrupu İsveçin NATO-ya daxil olmasına qarşı çıxır və aksiya bu prosesi sabotaj etmək üçün bir yol ola bilər. Bundan əvvəl təhlükəsizlik polisi oxşar nümayişlərdən sonra İsveçə qarşı terror təhdidlərinin artdığını qeyd etmişdi.