Su filtrləri - ekoloji təmizlik, yoxsa?..

12:29 28.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

"Su həyatdır", – deyirlər. Elə bu səbəbdən də  insanları tez-tez narahat edən başlıca məqamlardan biri içməli suyun tərkibidir. Xüsusilə də qapı-qapı gəzib su filtrlərinin satışı ilə məşğul olan şirkətlərin əməkdaşlarının keçirdikləri eksperimentlər əhalinin narazılığını bir qədər də artırır. Bəs görəsən, mənzillərə verilən içməli suyun tərkibi həqiqətən göstərildiyi qədər təhlükəlidirmi? Su filtrlərindən istifadə nə dərəcədə vacibdir? Onların qiymətləri,  aralarındakı fərq nədir? Filtrlərin dəyişilməsi zamanı vətəndaş nə cür aldadılır?

Hafta.az yaranmış suallar ətrafında araşdırma aparıb.

Dəyişən qiymətlər

Əvvəlcə onu deyək ki, satışda olan su filtrlərinin qiyməti 400 manatdan başlayaraq dəyişir. Ən bahalı qurğuların qiyməti 2000-2500 manat civarındadır.

İlk olaraq bu sahədə fəaliyyət göstərən “Dinamik Ocean” şirkəti ilə əlaqə saxladıq. Şirkətin rəhbər üzvünün sözlərinə görə, su filtrindən istifadə edərək istehlakçı təmizlənmiş, saf su əldə etməyə çalışır. Bu zaman onların növləri arasındakı fərqlərlə bağlı suallar ortaya çıxır.

"Bəzi qurğularda "kartric"lər bir aydan bir dəyişdirildiyi halda, bəziləri altı, səkkiz aydan bir dəyişdirilir. Təbii ki, suyun codluğu və duzluluq dərəcəsi bu müddətə təsir göstərir. Göstərilən faktor fərqli qiymət aralığını formalaşdıran səbəblərdən sadəcə biridir. Həqiqətən bənzər mexanizmlə çalışan qurğular arasında fərqli qiymət aralığının səbələri bir çox fərqləndirici meyara əsaslanır. Bu meyarlar aşağıdakılardır:

– Filtrasiya metodu, membranın və digər kartriclərin keyfiyyəti, duz və ağır metal birləşmələri tutma dərəcəsi, PH səviyyəsi, minerallaşdırma səviyyəsi, aktiv karbon kartricindəki yod səviyyəsi, qurğunun texnoloji modifikasiyası, məhsuldarlığı, suyun keyfiyyətinə nəzarət edən idarəetmə sistemi, aşağı təzyiqdə işləmə qabiliyyəti, filtrlərin davametmə müddəti və davamlılığı, illik baxım xərcləri, qurğunun səssizliyi, xarici görünüşü, mətbəxdə yertutma həcmi, istehsalçı şirkətin keyfiyyət standartları və onun təsdiqedici sənədləri, qida uyğunluq sertifikatı, zəmanət müddəti, servis xidmətinin keyfiyyəti, müştəri məmnuniyyəti və s".

Digər bir su filtrı şirkətindən isə  deyildi ki, 6 filtrli, saatda 8 litr su verən aparatın qiyməti 580 manatdır. Bir sutka ərzində 200 litr təmizlənmiş su verir. Ödənişi həm nağd, həm də kreditlə həyata keçirmək mümkündür. Aparatın digər şirkətlərə nisbətən ucuz olduğunu isə satışın online qaydada həyata keçirildiyini söyləyərək əsas gətirdilər. Satış əməkdaşının sözlərinə görə, daha bahalı aparatların fərqi daha çox su təmizləyə bilməsidir. Bu tip böyük aparatlar evlər üçün bir qədər artıq hesab edilir:

"Satılan filtr aparatı zəmanətli və sertifikatlıdır. Hər 6 aydan bir isə aparatın filtri dəyişilir. Filtrlərin dəyişilməsi birlikdə 50 manatdır. Və bütün bu proseslər şirkət tərəfindən həyata keçirilir. Başqa yerdən filtr dəyişmə xidməti axtarmağa ehtiyac olmur. Beləliklə, müştərilər dələduzluq halları ilə qarşılaşmır".

Əldə etdiyimiz məlumata əsasən bəzən filtrlərin dəyişdirilməsinin qiyməti 150 manata qədər yüksəlir.

Hüquqşünas rəyi

Hər iki firmanın təmsilçisi söyləyir ki, bu işlə kor-koranə məşğul olanlar müştərilərini rahatlıqla aldada bilirlər. Maraqlısı isə budur ki, çox vaxt alıcı aldadıldığını bilmir. Belə ki, müştəri bir müddət sonra qurğunun filtrlərini dəyişdirmək üçün müəyyən yerlərə müraciət edir. Onlar da həmin detalı saxtası ilə əvəzləyir. Bəs görəsən, bu kimi hallarla qarşılaşan istehlakçı nə etməli?

Mövzunun hüquqi tərəfləri ilə bağlı hüquqşünas Xəyal Bəşirovun fikirlərini öyrəndik. O deyir ki, su filtrlərinin alınması zamanı,  yəqin ki, alıcı ilə şirkət arasında anlaşma olur. Bu da müştəriyə gələcəkdə ehtiyat hissələrinin satışı və digər xidmətlərin göstərilməsi ilə bağlıdır:

"Şirkət su filtrlərini gətirirsə və müştəri həmin filtrin ehtiyat hissələrini başqa yerdən əldə edə bilmirsə, bu zaman şirkətin əlinə sui-istifadə imkanı düşür. Buna görə də vətəndaş ilkin olaraq həmin su filtri şirkəti ilə mütləq şəkildə yazılı müqavilə bağlamalıdır".

X.Bəşirov onu da qeyd etdi ki, ola bilsin, şirkətlə müştəri arasında yazılı razılaşma var, lakin həmin şirkət müştəriyə keyfiyyətsiz məhsul verir. Bu halda istehlakçıların hüquqları pozulmuş hesab olunur:

"Vətəndaşlar ilkin olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Xidmətə müraciət edə bilərlər. Onu da deyim ki, istehlakçıların hüquqları müxtəlif şəkildə pozula bilər. Bu, sağlamlığa zərər vura biləcək bir pozuntu olduğu üçün mövzuya daha ciddi yanaşılmalıdır. Hər bir halda məsələ ilk olaraq araşdırılır. Əgər belə hala rast gəlinməsə, o halda inzibati xəta hesab edilir. Bu zaman həmin hüquqi şəxs barəsində inzibati məsuliyyət yaranır. Sağlamlığa zərər yetirəcək hal aşkar edilsəydi, onda cinayət məsuliyyəti yaranardı.  Bununla bağlı Cinayət Məcəlləsində azadlıqdan məhrumetmə cəzası belə nəzərdə tutulur. Digər halda isə firma və şirkətə müəyyən məbləğdə pul cəzası tətbiq edilir.

Suyun tərkibi

Suyun tərkibi ilə bağlı olaraq mütəxəssis rəyini də öyrəndik. Ekoloq Əvər Əliyev söylədi ki, Bakıya gələn suların böyük əksəriyyəti şollar və Oğuz-Qəbələ - Böyük Qafqazın sularıdır:

“Böyük Qafqaz, əsasən, karbontalı süxurlardan ibarət olduğu üçün suyun tərkibində karbonat çöküntüləri çoxluq təşkil edir. Ümumilikdə bunun miqdarı Qafqazın artezianlarından gələn sularda 45-46 milliqram litrdir. Bizə gələn suyu təmizləyən qurğular sayəsində bu göstəricini 16-17% endirmək mümkün olub.”.

Mütəxəssis qeyd edir ki, Kürün suyunda da bir problem var.  Ora uzun müddət Azərbaycanın kənd təsərrüfatı zonasıdır. Buna görə də suyun  tərkibində fosforlu birləşmələr belə var. Bundan başqa, sərbəst tədqiqatçıların sözlərinə görə, burada tullantılara da rast gəlinir.

Ekoloqun sözlərinə görə, biz  ortasəviyyəli su ilə təmin edilirik:

“Bakı kimi böyük şəhəri içməli su ilə təmin etmək elə də asan məsələ deyil. Biz suyu normal işlədə bilmirik. Üç yüz km məsafədən su gətirib onunla ağac sulayıb, maşın yuyuruq. Halbuki hər il metro sularının dənizə axıdılması üçün üç yüz min manat pul sərf edirik. İndi metrodan çıxan sular zamanında artezian suları kimi istifadə olunub. Bu suları çıxarıb müəyyən işlərdə istifadə etmək olar. Bu sularda duzluluq da çox deyil. Tam olaraq içməyə yararlı sulardır”.

Azərsu-dan açıqlama

Məsələyə son nöqtəni isə, Azərsu Açıq Səhmdar Cəmiyyətinin(ASC) sözçüsü Anar Cəbrayıllı qoydu. O bildirdi ki, bu gün paytaxt Bakıda, eləcə də Azərbaycanda əhaliyə verilən su içməli su standartlarına tam uyğundur və bu, daimi nəzarətdədir:

“Suyun keyfiyyət göstəricilərinə Azərsu ilə yanaşı, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dövlət nəzarəti həyata keçirilir. Onlar da müəyyən olunmuş ərazilərdən, ünvanlardan, anbarlardan, ictimai iaşə obyektlərində yoxlamalar həyata keçirirlər. “Azərsu” ASC-nin mərkəzi laboratoriyalarında ən son texnologiyaya əsaslanan, suyun keyfiyyətini yoxlayan cihazlardan istifadə olunur. Bu da suyun keyfiyyətinin tam dəqiqliklə öyrənilməsinə imkan verir”.

A.Cəbrayıllı suyun tərkibinin dəyişməsinə mənfi təsir göstərən amilləri də sadaladı. Sən demə, bina daxili kommunikasiya xətlərinin köhnə olması, bina damlarında çənlərdən istifadə edilməsi, suyun keyfiyyətinə müəyyən təsirlər edə bilir:

“Burada, əsasən, söhbət suyun fiziki göstəricilərindən, bulanıqlığından gedir. Boru köhnə olarsa təbiidir ki, korreziyaya uğramış hissələrin rəngi çıxa bilər. Əgər polad borudursa, dəmir qırıqları ora gələ bilər. Bəzən də damlara çənlər quraşdırılır. Uzun müddət ağzı açıq qalan çənlərdən də su istifadə edilməsi tövsiyə edilmir. Keyfiyyət standartlarına görə, su anbarları və çənləri ildə ən azı bir dəfə yuyulmalıdır. “Azərsu” ASC, Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında mərkəzi məhəllədaxili anbarları ildə, ən azı, 2 dəfə yuyub-təmizləyir. Araşdırmalarımızdan belə məlum olub ki, elə yenitikililər var ki, onların bir qisminin anbarları neçə illərdir yuyulmur. Bu da suyun keyfiyyətinə mənfi təsir göstərir”.

Qurum sözçüsü istismar müddəti başa çatan boruların da suyu çirkləndirə bilməsinə münasibətini bildirdi:
“Bu gün Bakıda mövcud olan su xətlərinin bir hissəsi, artıq istismar müddətini bitirmişdir. Eyni zamanda, Bakıətrafı ərazilərdə, yeni salınmış yaşayış massivlərində şəbəkələrin bir hissəsi vətəndaşlar tərəfindən normalara uyğun olmadan çəkilib. Bunlar da bəzi hallarda fasilələr olduğu zaman suyun keyfiyyətinə mənfi təsir edə bilər. Əgər xətdə bir sızma varsa, su dayandıqda kənara sızmış su torpaqla birgə boruya daxil ola, suyun fiziki çirklənməsinə zəmin yarada bilər. “Azərsu” Səhmdar Cəmiyyəti ötən müddətdə 5000-dən çox köhnə su xətlərini yeniləyib. Hansı ki, bu xətlər sovet dövründən qalmadır”.

“Azərsu” ASC-nin rəsmisi sonda su filtlərinin satışı zamanı vətəndaşların necə aldadıldığı məsələsinə də toxundu. Dedi ki, bu gün əsasən gecə saatlarında qapıları döyüb, heç bir təhsili olmadan su filtrı satan bəylər və xanımlar insanlara yanlış məlumat verməklə öz məhsullarını satmağa cəhd edirlər:

“TDS metr var ki, o, suyun tərkibində ümumi həll olmuş duzların miqdarını ölçür. Göstərici 300-400 ppm gələndə deyirlər ki, “Sizin suyunuz çirklidir. 100-ə qədər yolveriləndir. Siz filtr qoymasanız ziyandır”. Bu məlumatların hər biri əsassızdır. Bunu Səhiyyə Nazirliyi ilə də təsdiqləmək olar. Suyun tərkibində həll olmuş duzların yolverilən həddi 1000 ppm-ə qədərdir. Abşeron yarımadasında verilən suyun tərkibində bu göstərici isə yarıdan aşağıdır. Ona görə də suyun istifadəsində heç bir problem yoxdur”.

Təmiz su, sağlam həyatın başlanğıcıdır. Buna görə də içdiyimiz suyun tərkibini bilmək vacib haldır. Vəziyyəti dəyərləndirib qərar vermək isə öz ixtiyarındadır.

Mövzuya qayıdacağıq