Su kanalları insanlar tərəfindən zəbt olunur – EKOSİSTEM ÜÇÜN TƏHLÜKƏ

18:07 27.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Əslində Xəzərin Azərbaycan sektorunda da nəhəng nərə balıqlarına rast gəlinir. Sadəcə, bəzi balıqçılar qanunsuz ovla məşğul olduğundan belə hadisələrin qeydiyyatını aparmaq mümkün olmur.

Bu fikirləri hafta.az-a Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev də bildirib:

“Mən bilirəm ki, 4 il bundan əvvəl Səngəçalda bir balıq tutmuşdular,360 kilo idi. Həmin balıq orada bir vətəgəyə girmişdi. Amma bu qanunsuz, hesabatsız olduğu üçün heç bir yerdə məlumatı getmədi. Həmin balıq 40-70 kilo arası kürü verir. Onun da indiki bazar qiyməti 150-200 min manatdır.

Yəni, mən özüm bu hadisənin şahidi olmuşam. Amma o vaxt bizim sələhiyyətlərimiz olmadığından məsələyə müdaxilə edə bilmədik. Artıq 2 ildir ki, biz bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə mübarizə aparırıq. Ona görə son 2 ildə əsasən, kütüm və ziyad balığında artım var. Bu gün Azərbaycanın şah balıqlarından biri də kütüm balığıdır. Bu balıqlara o qədər tələbat var ki, hətta Amerika bazarında belə satışa çıxarılır”.

Ə.Əliyev vurğulayıb ki, ölkəmizdə balıq ehtiyatının azalmasının əsas səbəblərindən biri də balıqçılığın inkişafı və miqrasiyası üçün yaranan su kanallarının insanlar tərəfindən zəbt olunmasıdır: “Kanalların ağzı brakonyerlik üsulları ilə bağlanıb. Şirvan kanalı, Şaqay kanalı, Varvaraçay, Lənkərançay, Astara çayı, Araz çaylarının dənizə birləşən istiqaməti tam şəkildə bağlanmışdı. Biz keçən ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edərək həmin kanalların ağzını bir az açmışıq.

Bu həftə sonu brakonyerliklə mübarizə çərçivəsində Şirvan kanalda reyd aparacağıq və qanunsuz balıq tutmaq üçün istifadə olunan vasitələr kanaldan təmizlənəcək. Sizi inandırım ki, bu vasitələr tamamilə təmizlənərsə, daxili su hövzələrində balıq ehtiyatları əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda, nərə balıqlarının sayında da ciddi artım olacaq. Nərə balıqları artım üçün əsasən, daxili su hövzələrinə, kanallara üz tutur.

Brakonyerlər isə bir gündə 3-4 ton balıq tutur və bu yol ilə balıqların kütləvi qırılmasına səbəb olurlar. Bir vaxtlar Azərbaycanın nərələri hər yerdə tanınırdı, ancaq bu gün onların kökü kəsilmək üzrədir. Balıqlar qışlıq yuxuya gedən zaman belə onları xüsusi cihaz vasitəsi ilə ovladılar. Yəni, deməyim odur ki, Xəzərin Azərbaycana aid hissəsində nərə balıqlarının yoxa çıxması insan faktoru ilə bağlıdır, burada iqlim dəyişikliyindən söhbət gedə bilməz. Çünki İranda, Türkmənistanda, Qazaxıstanda nərə balığı var, Azərbaycanda isə yoxdur”.

Ekspert öz açıqlamasında onu da qeyd edib ki, daxili su hövzələrində balıqları suya elektrik cərəyanı buraxmaqla məhv edirlər: “Bu çox ağır cinayətdir, mübarizə aparılır, amma belə hallar hələ də var. Hazırda Ağgöl də, Qızılağacda, Sarısuda, Zaqatala, Samux, Şəmkirdə bu vasitə ilə balıq ovlayanlar xeyli saydadır. Onlar əsasən, gecələr işləyirlər. Bu da bizim gələcəyimizin sağlamlığını məhv edir. Məsələn, həşaratların, xüsusən, ağcaqanadların 80 faizi daxili su hövzələrində yumurta qoyurlar. Balıq da onlardan qidalanır. Balıq əvvəlki kimi olmadığından həşəratlar, ağcaqanadlar əhəmiyyətli dərəcədə artıb. Bilirik ki, bir çox xəstəliklərin əsas daşıyıcısı qansoran həşəratlardır. Bu isə o deməkdir ki, gələcəkdə yolxucu xəstəliklərin sürətlə çoxalma ehtimalı var”.

Ə.Əliyev ölkə əhalisinin balıq məhsullarına olan illik tələbatına da toxunaraq deyib ki, hazırda tələbatın 15 faizi daxili istehsal hesabına ödənilir: “Digər 85 faiz İran, Rusiya, Türkiyə və bir sıra Skandinaviya ölkələrindən idxal hesabına qarşılanır. Halbuki biz əvvəllər ixracatçı ölkə idik. Bu ixracı da bərpa etmək mümkündür. Sadəcə, bu sahəyə mütəxəssislərin iştirakı ilə nəzarət daha da artırılmalıdır. Eyni zamanda, vətəndaşlar da təbii ehtiyatlarımızın məhv edilməsinə biganə yanaşmamalıdırlar. Bu təbiət hamımızındır, bu evdə hamımız yaşayırıq. Ona görə də yaşadığımız dünya adlı evə hamılıqla sahib çıxmalıyıq”.