Artıq imtahanlar yekunlaşdı, yeni tədris ilinə də az qalır. Paytaxta üz tutanların sayında artım olacağı qaçılmazdır. Həm yeni qəbul olmuş tələbələr, həm də əvvəlki ilin tələbələri yenidən Bakıda kirayə ev axtaracaqlar. Bəs mənzil bazarında vəziyyət necədir, subay adamlara ev verilirmi?
Apardığımız sosial ekspermentdən məlum olur ki, Bakıda kirayə ev verənlər ailəli adamlara mənzilini etibar edir. Subaylar isə ev tapmaqda problemlə üzləşirlər. Məlumat üçün deyək ki, internetdə mənzillərin qiymətləri və subay adamlara verilməməsi ilə bağlı da öncədən məlumat yerləşdirilir.
Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov hafta.az-a açıqlamasında dedi ki, paytaxtda orta mənzilin qiyməti 496 manatdan 495 manata düşüb ki, bu da 0.11 % azalma deməkdir: "Həmçinin bahalı evlərdə ay ərzində 0.48 %, il ərzində 5.3 % artım, ucuz evlərdə ay ərzində 6.35 % artım, il ərzində isə 7.13 % artım olub. Zaman-zaman tələb artdığı üçün qiymətlər də artır. Əhalinin sayının artımı, məşğulluqla bağlı paytaxta üz tutanların sayının çoxalması mənzil bazarında qiymətləri artırmış oldu. Ancaq o tələblərə görə təklif hazırlamaq lazımdır. Mövcud təklif tələbi üstələmir. Adətən avqust ayının ortalarına qədər kirayə mənzil bazarında qiymətlər azalır, ayın 20-dən sonra isə bahalaşmağa başlayırdı. Ancaq əvvəlki illərdən fərqli olaraq bu il azalma müşahidə edilmədi, çünki artıq tələbələrin əksəriyyəti yay tətili vaxtı kirayə götürdükləri evləri boşaltmırlar və dərslər olmasa da, yaşamağa davam edirlər".
İbrahimov kirayə evlərin yalnız ailələrə verilməsinə də aydınlıq gətirdi:
“Subaylar kirayə ev verənlər üçün çox zaman problem yaşadırlar. Ona görə də ev verənlər çalışırlar ki, ailəli adamlara evlərini kirayəyə versinlər. Ailəli insanlar daim o mənzildə olur. Mənzilin qorunub saxlanılması üçün əlindən gələni edir. Subay adamlar “əhlikef”olurlar. Problem yaşadırlar. Evə lazımsız adamlar gətirirlər. Son nəticədə evdə yanğın, subasmalar, ölüm, dava-dalaş kimi xoşagəlməyən hallar yaranır”.