Süni intellekt sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri Fransada keçirilən "Böyük yeddilik" (G7) sammitində dövlət başçıları ilə eyni səviyyədə iştirak ediblər.
Hafta.az xəbər verir ki, dünyanın ən böyük süni intellekt şirkətləri artıq gələcəyin qlobal iqtisadiyyatını, rəqəmsal infrastrukturunu və təhlükəsizlik sistemlərini formalaşdıran əsas qüvvələrdən birinə çevrilib. Bu isə onları beynəlxalq siyasi proseslərin mühüm iştirakçıları sırasına çıxarır.
Sammitə dəvət olunan texnologiya sənayesi liderləri arasında "OpenAI" şirkətinin rəhbəri Sem Altman, "Anthropic" şirkətinin rəhbəri Dario Amodei, "DeepMind" şirkətinin baş direktoru Demis Hassabis və Fransanın "Mistral" şirkətinin təsisçisi Artur Menş də yer alıb.
Onlar "Böyük yeddilik" ölkələrinin liderləri ilə qapalı görüşlər keçirərək texnologiyaların tənzimlənməsi, beynəlxalq əməkdaşlıq və demokratik dövlətlərin texnoloji üstünlüyünün qorunması məsələlərini müzakirə ediblər.
Dario Amodei Qərb ölkələrini parçalanmadan çəkinməyə və geosiyasi üstünlüyü qorumaq məqsədilə süni intellekt sahəsində səylərini əlaqələndirməyə çağırıb.
Sem Altman isə texnologiyaların sınaqdan keçirilməsi və risklərin qiymətləndirilməsi üzrə vahid beynəlxalq standartların hazırlanması üçün qlobal platformanın yaradılmasını təklif edib. O vurğulayıb ki, süni intellektin inkişafı ilə bağlı strateji qərarlar dövlətlərin və cəmiyyətin iştirakı olmadan yalnız özəl şirkətlər tərəfindən qəbul edilməməlidir.
Demis Hassabis bildirib ki, bəşəriyyət böyük tarixi dönüş nöqtələri ilə müqayisə oluna biləcək yeni bir dövrün astanasındadır. "DeepMind" rəhbəri süni intellektin standartlaşdırılması məqsədilə demokratik ölkələrin himayəsi altında beynəlxalq qurumun yaradılmasını təklif edib.
Baş verənlər təsir gücünə görə ən iri texnologiya şirkətlərinin milli dövlətlərlə müqayisə oluna biləcəyi yeni dünya nizamının formalaşdığını göstərir./"Axios"