Böyük Britaniya Kralı III Çarlz ilk dəfə olaraq ödədiyi vergilərin məbləği barədə məlumatı ictimaiyyətə açıqlayacaq.
Hafta.az xəbər verir ki, bu məlumatlar kral sarayının yaxın günlərdə dərc ediləcək illik maliyyə hesabatı ilə birlikdə təqdim olunacaq.
Qanunvericiliyə əsasən, monarx gəlir vergisi, kapital artımı vergisi və ya mərhum kraliça II Elizabetdən miras qalmış əmlaka görə vərəsəlik vergisi ödəmək öhdəliyi daşımır.
Bununla belə, III Çarlz şəxsi aktivlərin satışından əldə olunan gəlirlər də daxil olmaqla, bəzi vergiləri könüllü şəkildə ödəməyə razılıq verib.
Kral administrasiyası bildirib ki, bu məlumatların açıqlanması maliyyə əməliyyatlarında şəffaflığın artırılması və cəmiyyətin sarayın hesabatlılıq prinsiplərini daha yaxşı anlamasına xidmət edir. Qeyd olunub ki, III Çarlz əvvəllər Uels şahzadəsi olduğu dövrdə də vergi məlumatlarını ictimaiyyətlə bölüşürdü və taxta çıxdıqdan sonra bu ənənəni davam etdirmək niyyətindədir.
Rəsmi vəzifələrinin icrası üçün dövlət tərəfindən ayrılan vəsaitlərlə yanaşı, kral torpaq mülklərindən, şəxsi daşınmaz əmlakdan və investisiyalardan da gəlir əldə edir./"Reuters"/