Sosial şəbəkə xidmətləri göstərən böyük şirkətlər etik normalara riayət etmək üçün çox səy göstərməkdə, sosial şəbəkələrdə dezinformasiyanın və manipulyasiya elementlərinin qarşısının alınmasında və tənzimləmə mexanizminin tətbiqində maraqlı deyillər. Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda çıxış edərkən deyib.
O, vurğulayıb ki, biz yeni reallıqlarla qarşı-qarşıyayıq: “Süni intellektin inkişafı, informasiyanın sosial şəbəkələrdə yayılması zamanı onun imkanlarının tətbiqi ola bilər ki, gələcəkdə, biz bunu artıq bu gün də müşahidə edirik, nizamlanmayan nəticələrə gətirib çıxarsın”.
H.Hacıyev əlavə edib ki, tərəflər sosial şəbəkələrdə tənzimləmə mexanizminin tətbiqində müsbət nəticə əldə edə bilməsələr, beynəlxalq səviyyədə süni intelleklə bağlı hansısa mexanizmi birgə tətbiq edə bilərlər: “Bəlkə də süni intellektlə bağlı qanunvericilik, tənzimləyici və ya konvensiya bazasının işlənib hazırlanması barədə düşünməyin vaxtı çatıb”.
H.Hacıyevin sözlərinə görə, bu məsələdə özəl təşəbbüslər var, lakin beynəlxalq səviyyədə bu məsələ ilə bağlı ciddi müzakirələr aparılmır.
Mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, hazırda Azərbaycanda süni intellekt texnologiyasının inkişaf etdirilməsi ilə dövlət sektorundan iki qurum məşğul olur: “İqtisadiyyat Nazirliyi yanında 4SİM qurumu, RİNN yanında Azərbaycan Süni İntellekt Laboratoriyası fəaliyyət göstərir. Hər iki qurum data və süni intellekt sahəsində strategiyanın hazırlanacağını bildirsə də hələlik belə layihələr ortada yoxdur. Görünən odur ki, ölkəmizdə bu sahənin inkişafı istiqamətində müəyyən addımlar atılsa da hələlik real nəticələr barmaqla sayıla bilər. Dünya trendlərinə baxanda görmək olar ki, onlar milli strategiyalarında artıq İKT-dən gələn gəlirlərdən deyil, məhz süni intellektdən əldə olunan gəlirdən və üstünlüklərdən danışırlar. Düşünürəm ki, səlahiyyətli qurumlarımız bu sahəyə diqqəti artırmalıdır. Bu sahədə işlər çox ləng gedir. Maraqlı tərəflərin səylərini bir yerə cəmləşdirmək, prioritetləri müəyyənləşdirmək lazımdır. Milli Korpus hazırlanmalıdır. Dövlətin əlində toplanan nəhəng datadan effektiv istifadə məsələləri gündəmə gətirilməlidir. Bura investisiyalar yatırılmalıdır. Hələlik süni intellekt sahəsinə real investisiya yatıran, real iş görməyə başlayan dövlət qurumu Dövlət İmtahan Mərkəzidir. DİM bununla bağlı tender elan edib. Tenderin qalibi də məlumdur, müqavilələr imzalanıb. Bu, yerli "Robotronics" şirkətidir. Qurum bu işdə ETN İdarəetmə Problemləri İnstitutu (keçmiş Kibernetika) ilə əməkdaşlıq edir. DİM vətəndaş müraciətlərini süni intellekt texnologiyası əsasında cavablandıran sistem - robot operator hazırlayır. Ən yaxın zamanda test rejimində işə başlaması gözlənilir”.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, süni intellekt artıq bütün dünyada inkişaf edən tendensiyaya çevrilib: “Bu gün həm özəl, həm də dövlət qurumları öz xidmətlərini rəqəmsallaşdırır və süni intellekt də bu rəqəmsallaşmaya inteqrasiya edir. Bunun üçün hər bir ölkə həm süni intellektin təhlükələrinə qarşı qabaqcıl tədbirlər görməyə, həm də faydalarından yararlanmağa çalışır. Lakin təəssüf ki, süni intellektlə insanları müxtəlif kampaniyalara cəlb etmək, onları qaralamaq üçün aparılan işlər də az deyil. Bu, bir neçə ildir ki var. Təqribən səkkiz il əvvəl başlayan bir tendensiya idi ki, o zaman daha çox film sektorunda özünü göstərdi. İlk olaraq filmdə baş rol oynayan aktyorun ölməsi ilə başlamışdı. Daha sonra pornoqrafıq sektorda məşhur insanların pornoqrafiq filmləri çəkilərək davam etdirildi. Son illərdə isə siyasətçilərin adından müxtəlif formada istifadə olunur. Süni intellektin bu cür mənfi tərəfləri var ki, saxtakarlıqda çox geniş istifadə olunur. Xüsusilə də siyasətçilər, dövlət rəhbərləri adından saxta videolar çəkilərək insanları müxtəlif kampaniyalara cəlb edirlər. Süni intellekt həmçinin kiberdələduzluqda da çox geniş istifadə olunur. Təəssüf ki, saxtakarların istifadə etdiyi, hətta dövlət rəhbərlərinin, siyasətçilərin adından paylaşılan videoların da real, yoxsa saxta olması anlaşılmır. Yayılan platformalarda bu videoların yalan, yoxsa real olması bilinmir, həmin sosial şəbəkələr bunu texnoloji olaraq aşkarlaya, sübut edə bilmir. Bu nə vaxt aşkarlanır? Aidiyyəti qurumlar bu videonun saxta olması ilə bağlı həmin sosial şəbəkələrə reaksiya verdikdə, o zaman müdaxilə olunur. O səbəbdən dünyada saxta videoları araşdırmaq üçün müxtəlif standartlar yaradılmağa, qanunvericiliklər tətbiq etməyə çalışırlar. Hər bir halda Azərbaycan da bu cür kampaniyalara məruz qalır. Dövlət başçısı adından da saxta videolar yayılır, insanları müxtəlif kampaniyalara cəlb etməyə çalışırlar. Bu baxımdan artıq Azərbaycanda da qanunvericilikdə süni intellektin müxtəlif layihələrə tətbiq olunması, həm də iş mexanizminin təşkili ilə bağlı dəyişikliyə ehtiyac var”.