“Azərbaycan regionun təhlükəsizlik arxitekturasının qurulmasında önəmli mövqeyə malikdir. Bu prosesdə Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsinin əsasnaməsinə istinadən vahid mövqedən çıxış edir və sinxron hərəkət edirlər”.
Bu barədə hafta.az-a açıqlamasında deputat Elçin Mirzəbəyli bildirib.

Deputat məsələyə bu aspektdən yanaşaraq həm Suriyanın keçid hökumətinin dövlət başçısının Azərbaycana səfəri, ölkəmizdə aparılan danışıqlar, Azərbaycanın Suriyanın bərpası prosesində iştirakını ölkəmizin xarici siyasətinin prioritetləri kimi qeyd edib:
“Təbii ki, Suriya bizə yaxın dövlətdir. Orada bizim 3 milyon soydaşımız yaşayır. Yəni İraq türkmənləri bizə nə qədər yaxındırsa, Suriyada yaşayan türkmənlər də doğmadır. Bəşər Əsəd dövründə iki dövlət arasında münasibətlər hər kəsə bəllidr. Suriya eyni zamanda regionun təhlükəsizlik arxitekturasının qurulmasında önəmli həlqə rolunu oynayır. Burada sabitliyin bərpa olunması, qonşu dövlətlərlə münasibət və əlaqələrin normal müstəviyə keçməsi böyük önəmə malikdir. İsrail təmsilçiləri ilə Suriya təmsilçilərinin Bakıda görüşünü də məhz bu konteksdə dəyərləndirmk lazımdır”.
E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan bundan öncə də çox önəmli məsələlərdə vasitəçilik missiyasını yerinə yetirib. Bu, Türkiyə-İsrail təmsilçilərinin əlaqələrinin koordinasiya olunmasında da özünü büruzə verib.
Deputat vurğulayıb ki, indiki şəraitdə də Suriya-İsrail əlaqələrinin koordinasiya olunması məsələsində ölkəmizin aparıcı mövqeyə malik olması mühüm amildir:
“Bu, Azərbaycanın Ortaq Güc faktoru kimi mövqelərinin güclənməsindən xəbər verir. Azərbaycan atdığı addımlarla bir daha sübut edir ki, təkcə Cənubi Qafqazda deyil, daha geniş regionda sülhün təhlikəsziliyin təmin olunması, qarşılıqlı faydalı əlaqələrin qurulmasında rol ala bilir. Azərbaycanın mövqeyi birmənalıdır. Ölkəmizin bu yanaşması bir çox dövlətlər üçün xüsusilə beynəlxalq hüququn mexanizmlərinin işləmədiyi zaman kəsiyində nümunə ola bilər”.