Suriyanın şimalında "Türkiyə səfərbərliyi" başladı

10:00 28.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə bəzi tənqidçilərin “türkləşmə prosesi” olaraq xarakterizə etdiyi fəaliyyətləri sürətləndirən yeni addımla Suriyanın şimal və şimal-şərqindəki bölgələrdə “Türk səfərbərliyi” başladıb.

Hafta.az-ın yazdığına görə, 2020-ci ildə Yunus Əmrə İnstitutunun (YEE) Azez nümayəndəliyi açılandan sonra Əl Babda sayca ikinci nümayəndəliyini də təsis edib.Üçüncü filial bu gün (28 avqustda) Cerablusda, dördüncü nümayəndəlik isə gələn çərşənbə axşamı Afrində fəaliyyətə başlayacaq.

Yunus Əmrə İnstitutunun prezidenti professor Şərəf Atəş Əl Babda mədəniyyət mərkəzinin rəsmi açılış mərasimindəki çıxışında deyib: “Türkiyə müharibənin hökm sürdüyü bir coğrafiyada saf fidanlar əkir. Biz Prezidentimizin göstərişi ilə bu rayonu yaşıllaşdırmaq, yaşatmaq üçün buradayıq. Əl Babda 2000-dən çox insana türk dilini öyrədirik. Əsas məqsədimiz ilk növbədə bölgədəki 300 min uşağa türk dilini öyrətməkdir”.

Suriyanın şimalındakı bəzi fəallar və müşahidəçilər “Fərat Qalxanı” əməliyyatının ildönümündə Türkiyənin bu bölgədə səfərbərliyə başlamasını şərh edərək, Ankaranın “sistemli türkləşdirmə siyasəti” çərçivəsində səylərini əsirgəmədiyini iddia ediblər.

Bölgədə səhiyyə, təhsil, poçt, valyuta, elektrik, su və telefon xidmətləri Türkiyənin dövlət sistemi tərəfindən həyata keçirilir.

Bu bölgələrdə Suriya lirəsi əvəzinə türk lirəsi istifadə olunur və Suriyanın şimalındakı məktəblərdə türk kurrikulumun tətbiqinə başlanılıb.