Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin mərdlik, ərlik, sədaqət andıdır - Elçin Mirzəbəyli

13:31 15.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Şuşa Bəyannaməsi bir millətin iki dövlətinin milli iradəsinin təntənəsi, siyasi, hərbi, mədəni, iqtisadi əhəmiyyət daşıdığı qədər də mənəvi önəm kəsb edən bir sənəddir. Tarixdə mövcud olan türk dövlətləri arasında heç vaxt Şuşa Bəyannaməsi qədər geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd imzalanmamışdır”.

Bunu hafta.az-a siyasi şərhçi Elçin Mirzəbəyli bildirib. Onun sözlərinə görə, həm bu baxımdan, həm qardaş Tükiyənin Azərbaycana açıq və birmənalı dəstəyi, ortaq hədəflərimizin birliyi, maraqlarımızın uzun və bəlkə də yüzillər davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması aspektindən Şuşa Bəyannaməsinin tayı-bərabəri yoxdur.

“Şuşa Bəyannaməsi haqqında söz açarkən, Azərbaycan-Türkiyə münasibətlərini indiki səviyyəyə çatdıran, misli görünməmiş qətiyyət və siyasi iradə nümayiş etdirən liderlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri haqqında söz açmamaq mümkün deyil. Azərbaycan-Türkiyə münasibətləri ortaq dil, tarix, mədəniyyət kimi mühüm əsaslara söykənir, şübhəsiz. Amma dünyada baş verən proseslər sübuta yetirdi ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün ortaq dil, mədəniyyət və tarix kimi amillər yetərli deyil. Belə məsələlərdə milli iradəni olduğu kimi, dəqiqliklə, həm tarixi prosesləri düzgün təhlil edərək, həm də perspeltivləri doğru dəyərləndirərək ifadə etmək, qarşılıqlı etimadlı münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir. Bu aspektdən, tarixin indiki mühüm dönəmində İlham Əliyevin Azərbaycana, Rəcəb Tayyib Ərdoğanın isə Türkiyəyə rəhbərlik etmələrini, təkcə bir millətin iki dövləti üçün deyil, bütövlükdə Türk Dünyası və region üçün tarixi şans kimi qiymətləndirirəm”.

E.Mirzəbəyli hesab edir ki, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin hər zaman həm çətin, həm də xoş günlərdə birlikdə olacaqlarının, maneələri birlikdə dəf edəcəklərinin, birgə inkişaf yolundan vaz keçməyəcəklərinin mübarək imzalarla təsdiqi, qardaşlığın əhd-peymanı, mərdlik, ərlik, sədaqət andıdır.

“Azərbaycan və Türkiyə bir-birinin yanında deyillər, birdirlər, bütövdürlər. Azərbaycan olan yerdə Türkiyə, Türkiyə olan yerdə Azərbaycan var.

Türkiyə-Azərbaycan birliyinin cazibədarlığı, türk dünyasının mənəvi bütövlüyü üçün də mühüm əhəmiyyətə malikdir. Kimsəyə sirr deyil ki, Azərbaycan və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılması digər qardaş xalqların da Türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmalarına zəmin yaradıb. Azərbaycan-Türkiyə münasibətləri Türk Dünyasının siyasi, iqtisadi, mənəvi, ideoloji lokomotivi, hərəkətverici qüvvəsidir. Bu səbəbdən də, qardaşlığımızın dərinliyini ifadə edən ”Bir millət-iki dövlət", hədəflərimizin birliyini nümayiş etdirən “Bir millət-bir dövlət” şüarlarından daha geniş müstəvidə hərəkət edildiyi qənaətindəyəm. Dünyanın siyasi arenasında artıq Türk Dövlətləri Təşkilatı mövcuddur və təşkilatın tarixi proseslərin inkişafında birgə strateji hədəflərimizə çatmaq üçün mühüm önəm daşıyan bir mexanizmə çevriləcəyinə böyük ümidlər bəsləyirəm”.

Oxunma sayı 99