2022-ci ilin “Şuşa İli” elan olunması çox mətləbdən xəbər verir. İlk öncə, arzu etdiyimiz kimi, əhalinin Şuşaya qayıdışı başlayacaq. Yəqin ki, qış fəsli qurtarandan sonra bunu görəcəyik.
Bu fikirləri hafta.az-a millət vəkili Elman Məmmədov deyib:
“Bu hadisəni bütün şuşalılar, hamımız gözləyirik. Şuşanın bərpası, aparılan quruculuq işləri, dünyada mədəniyyət şəhəri, Qarabağ Xanlığının tarixini yaşadan bir şəhər kimi qurulması çox mühüm, əhəmiyyətli məsələdir. Bu il tək Şuşaya yox, digər ərazilərimizə də müəyyən qayıdışlar olacaq.
Artıq Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi ilə qurulan Ağalı kəndi, demək olar ki, hazır vəziyyətdədir, ora qayıdış başlayacaq. Eyni zamanda rayonda yaradılan infrastruktur, kommunkasiyalar, əhalinin müəyyən ərazilərdə kütləvi qayıdışı mümkün olmasa da, müəyyən bir qisminin qayıdışına imkan yaradacaq. Müəyyən xidmət sahələrində çalışan insanlar ki, onların xeyli hissəsi 1 ildir ki, işğaldan azad olunan müəyyən ərazilərdə yaşamaqda davam edirlər. Məsələn, bu gün də öz ailəsi ilə Şuşada yaşayanalarımız var. Bu, digər rayonlarda da var və getdikcə artacaqdır. İşğaldan azad olunan və hazırda bərpa prosesi gedən rayonlarımıza qayıdışın, məskunlaşmanın başlanması torpağın dirçəldilməsi və qorunması baxımından çox vacib şərtlərdəndir. Bu düşmənin qalan ümidlərinin sınması, əhalimizin isə inamının, gücünün artması deməkdir. Paralel olaraq, ərazilərdə kənd təsərrüfatının, müəyyən sənaye sahələrinin inkişafı, iş yerlərinin yaradılması, həm iqtisadiyyatımıza töhfə olacaq. Biz, təbii ki, bu il Zəngəzur dəhlizinin taleyinin həll olunmasını, açılmasını gözləyirik.
Bu ilin “Şuşa İli” elan olunması mühüm siyasi əhəmiyyətə malikdir. Vaxt var idi erməni separatçıları, işğalçılar özlərinin “ilan yuvasını” - mərkəzi qərargahlarını Xankəndidən Şuşaya köçürmək istəyirdilər. Şuşada cürbəcür oyunlar çıxarırdılar.
“Şuşa İli” Azərbaycana Şuşadan baxıb, dünyaya qəti bir mesaj verməkdir. Azərbaycan həqiqətləri ortada olsa da, hələ də beynəlxalq aləmdən ikili yanaşmalar müşahidə olunmaqdadır. Beynəlxalq təşkilatları orada təmsil olunan güclü dövlətlər müəyyən edir. Düzdür, hələlik bizə qarşı o qədər də aqressivlik sərgiləmirlər. Biz bunu Brüssel görüşü ərəfəsində və ondan sonrakı dövrlərdə Avropa İttifaqının qismində görə bildik. Müəyyən mənada ədalətli mövqe sərgilədilər və bunun davamlı olmasını arzu edərdik.
Eləcə də ATƏT-in, digər təşkilatların, ABŞ senatında kök salmış ermənipərəst qüvvələrin o qurumlarda “ipinin yığılması” arzu olunardı. Bütün hallarda ölkənin mövcud problemlərini yalnız güclü olmaqla həll etmək mümkündür. Beynəlxalq aləmdə, siyasətdə, diplomatiya sahəsində uğurlarımız çox olduqca, iqtisadiyyatımız güclü olduqca, öz daxilimizdə sabitliyimiz, stabilliyimiz, birliyimiz möhkəm olduqca həmin beynəlxalq qurumların kənardan yaratdığı səs-küyün heç bir mənası olmayacaq. Bilməliyik ki, bu cür xarici qurumlar bizim kimi ölkələrdə özlərinə yer etmək üçün boş yer axrtarırılar ki, gəlib ölkəni çalxalasınlar. Biz öz daxilimizdə güclü olsaq, onların bizə təsiri sıfır olacaq."