Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən beynəlxalq media forumu işini panel iclasları ilə davam etdirib.
Hafta.az xəbər verir ki, “ASAN Radio”nun direktoru Emin Musəvinin moderatorluğu ilə keçirilən birinci panel iclası “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar” mövzusunda olub.
Tədbirdə çıxış edən TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, dünyada yaranan yeni reallıqlar ilk olaraq kütləvi informasiya vasitələrinə təsir edib. Hazırda rəqəmsal informasiya vasitələrindən əldə olunan gəlirlər ənənəvi medianı üstələyir. Müasir dövrdə insanların 60 faizi xəbərləri sırf internet vasitəsilə oxuyurlar.
O qeyd edib ki, sosial şəbəkələrdə anonimlik və bəzi məsuliyyətsiz davranışlar bəzən ciddi fəsadlara səbəb olur. Hazırda media sahəsində çoxsaylı feyk xəbərlərlə üzləşilir. Azərbaycan da dezinformasiya hücumlarına məruz qalan ölkə kimi bununla mübarizə aparır. Bu müharibədə ən böyük silah isə dəqiq, yoxlanılmış məlumatlardır.
“Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Muhəmməd Talal Əbdülkərim Şuşada beynəlxalq media forumunda iştirak etməkdən qürur duyduqlarını bildirib.
O deyib ki, medianın hamı tərəfindən güvənilən struktur olması üçün çalışmaq vacibdir. Kütləvi informasiya vasitələrinin üzərilərinə düşən vəzifə isə etibarlı məlumatları çatdırmaqdır. “Azərbaycanda Medianın İnkişafı Agentliyinin yarandığını görəndə çox sevindim. Bu, daha faydalı, obyektiv və operativ iş görmək üçün imkan yaradır”, - deyə menecer əlavə edib.
Bolqarıstanın “BTA” İnformasiya Agentliyinin informasiya siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva Droumeva diqqətə çatdırıb ki, müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadə xəbərlərin daha böyük auditoriyaya yayılması üçün ən vacib şərtlərdən biridir.
“Gənclər sosial şəbəkələrdən geniş şəkildə istifadə edirlər və onlar xəbər əldə etmək üçün sosial şəbəkələrə üz tuturlar. Biz sosial şəbəkələrə xüsusi önəm verməliyik. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) feysbuk sosial şəbəkəsində 240 minə yaxın izləyicisi var. Lakin bizdə rəqəmlər bu qədər deyil. Hazırda bu istiqamətdə bir çox layihələr hazırlayırıq. Həmçinin çalışırıq ki, ölkənin hər yerindən xəbərləri canlı şəkildə çatdıraq”, - deyə baş direktorun müavini vurğulayıb.
Digər çıxış edənlər - APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı və “haqqin.az” analitik-informasiya veb-saytının rəhbəri Eynulla Fətullayev müasir dünyada media qarşısında duran çağırışlara toxunub, yaranmış problemlərin həlli istiqamətində səylər göstərilməsinin əhəmiyyətini bildiriblər. Eyni zamanda, diqqətə çatdırılıb ki, bu gün feyk xəbərlərlə mübarizə media qarşısında duran vacib məsələlərdən biridir.