“Şuşanın azadlığı yolunda ciddi siyasi təhdid yoxdur...” - Müsahibə

11:15 22.10.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

 Rusiyadan, KTMT-dən əli üzülmüş qəsbkar Ermənistanın dələduz, araqarışdıran Amerika milyarderi Corc Sorosun təsiri altında olan terrorçu hakimiyyəti indi də ümidini ABŞ-a bağlayıb. Bu günlərdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Amerika paytaxtında Dövlət katibi Mayk Pompeo ilə görüşü gözlənlir.  Noyabrda isə ABŞ-da növbəti Prezident seçkiləri keçiriləcək...  

Sabiq Xarici İşlər naziri, tanınmış politoloq Tofiq Zülfüqarov “Həftə içi”nə müsahibəsində bəhs edilən siyasi olayların Qarabağda – hərb meydanında gedən proseslərə təsirindən nikbin danışıb.   

- Tofiq  müəllim,  oktyabrın 23-də   Vaşinqtonda  Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşü baş tutacaq və ermənilər  Azərbaycanın Milli Ordusunun zəfər  yürüşünü durdurmaq üçün  həmin görüşə böyük ümidlər bəsləyirlər.  Bəs sizcə, Amerikada noyabrda keçiriləcək Prezident  seçkilərinin nəticələri Ağ evin, Pentaqonun  Azərbaycanın Qarabağdakı əməliyyatlarına münasibətini hansı istiqamətə dəyişə bilər?..

- Təbii ki, ermənilər Vaşinqton görüşündə də özləri üçün heç bir müsbət nəticə əldə edə bilməyəcəklər. Bilirsiniz, dünyada və daxilində o qədər problemlər var ki, ABŞ üçün  hazırda Qarabağ problemi o qədər də gündəmdə deyil. İndiki mərhələdə həmin ölkədə hansısa siyasi dairələrin bu məsələ ilə ciddi maraqlanmağından danışmaq olmaz. Sadəcə, demokratlar bir az fəallıq göstərməyə çalışırlar; Ermənistana yardımla bağlı müəyyən bəyanatlar verdilər. Hesab edirəm ki,  heç bəyanatdan o tərəfə gedən də olmayacaq. Bir sözlə, Azərbaycanın uğurlu əməliyyatlar apardığı bir vaxtda  ABŞ-ın başı daxili problemlərinə, siyasətinə qarışıb. Və hazırda rəsmi Vaşinqtonun diqqətini  Qarabağ mövzusuna dəyişməyə heç erməni lobbisinin də gücü çatmaz. Ona görə, zənnimcə, Amerikada  Prezident seçkilərində də kimin seçilib-seçilməməsinin də Azərbaycanın torpaqlarının azadlığı uğrunda  apardığı haqlı mübarizəyə o qədər təsiri olmayacaq. Bununla bağlı real siyasi addımlar yalnız 2021-ci ilin yanvarından, yəni artıq ABŞ-ın yeni Prezidentinin and içərək bilavasitə vəzifələrinin icrasına başlamasından sonra gözlənilir. O vaxta qədər Birləşmiş Ştatlarda xüsusi siyasi dövr hesab olunur. Əgər köhnə Prezident qalırsa, onun proqramı təzələnir, hansısa yeni elementlər daxil edilir. Yeni Prezident gəlirsə, onun proqramı bambaşqa olur... 

Bir sözlə, düşünürəm ki, ABŞ Qarabağdakı hərbi əməliyyatlara ciddi müdaxilə edən deyildir. Qeyd edək ki, bir sıra aparıcı dövlətlər kimi Amerika da istəmir ki, Ermənistanın hazırkı anormal siyasətinə şərik olsun və ya onu bu və ya digər formada yeniləsin. Digər ölkələrin də, hətta Fransanın belə, məsələyə münasibət və baxışlarını təhlil etsək, belə bir nəticəyə gəlmək olar ki, Qarabağ ətrafındakı beynəlxalq durum Azərbaycanın nəzarəti altındadır...

- Amerikanın “pərdəarxası” qüvvələri, elə C.Sorosun özü müəyyən maraqları naminə Ermənistana, Paşinyan hakimiyyətinə dəstək verə bilməz ki?  Rusiyanın bəzi nəşrləri Qarabağdakı hazırkı hərbi əməliyyatları, hətta Soros-Ərdoğan savaşının təzahürü kimi qələmə verməyə çalışırlar. Belə çıxmır ki, elə Gəncəyə, Bakıya ballistik raketləri də Soros atdırır?

- Bilirsiniz, Sorosun da imkanları  məhduddur. Yəni o, müəyyən hadisə və proseslərə təsir edə bilir, amma bu, o demək deyil ki, dünyanı Soros idarə edir. Ən başlıcası, dünyada Sorosdan başqa Azərbaycana yaxın olan digər daha güclü qüvvələr də var... Gəncədəki raket qətliamlarına gəlincə, bu,  Ermənistanın zərərinə olan bir məsələdir, çünki ermənilər bununla azdan-çoxdan onlara simpatiyası olanların da rəğbətini itirdilər. Bundan əlavə, biz başa düşməliyik ki, həmin raketlər  Rusiyanı da müharibəyə cəlb etmək, bu ölkənin qoşunlarının bölgədə yerləşdirilməsinə şərait yaratmaq üçün atılıb. Təbii ki, Qərbin buna münasibəti  birmənalı olacaq, çünki Paşinyan bu terrorçuya xas addımı ilə, demək olar ki, Avropa və  ABŞ-ı da özündən uzaqlaşdırıb. Təbii ki, Qərbdə heç kəs istəməz ki, Rusiya hansısa sülhməramlı qüvvələr adı ilə yenidən öz qoşunlarını Azərbaycan Respublikası ərazisində yerləşdirsin... Avropa İttifaqının bəyanatına səbəb olan əsas amillərdən  biri də məhz budur. Bu, hərbi əməliyyatlar dövründə ermənilərə qarşı ən təsirli bəyanat oldu...

- Sizcə,  Azərbaycanın Qarabağın azadlığı üçün keçirdiyi uğurlu əməliyyatlara, sadəcə,  müşahidəçi qismində baxan Rusiya lideri  Vladimir Putin, artıq iki ildən çoxdur Kremlin maraqlarına zidd siyasət aparmağa çalışan Ermənistan baş naziri Nikol Paşinyanın məğlub, miskin durumundan belə desək, ləzzət alır, yəqin ki...

- Sadə baxışla baxsaq,  bəli. Demək olar ki, Paşinyan Putinə, loru dildə desək,  sataşmışdı, indi də Rusiya lideri onun məğlub duruma düşməsinə şərait yaradır və buna sevinir.  Tarixən Rusiya Ermənistanı dəstəkləsə də, artıq getdikcə bu ölkə Kreml üçün strateji əhəmiyyətini itirir və bəlkə də artıq heç bir əhəmiyyət kəsb etmir.  Bu gün “Ermənistanda Rusiyanın hərbi bazası-filanı var” kimi düşüncələr  XIX əsrə, uzağı, XX əsrin əvvəllərinə xarakterik olan fikirlərdir. Müasir silahlar o dərəcə də inkişaf edib ki, Moskva üçün Ermənistanda hərbi bazanın olub-olmaması o qədər də vacib deyildir.  Məsələn, Rusiya ordusu Suriyada “İŞİD” bazalarını raket atəşinə tutanda Xəzər dənizindəki gəmilərdən istifadə edirdi.  Bir sözlə, Ermənistan Kreml üçün artıq yükdür. Dəfələrlə biz eşitmişik ki, ruslar Ermənistanı qulpsuz çemodana bənzədirlər. Odur ki, Azərbaycanın müzəffər savaşı da  Moskvaya özünü bu lazımsız yükdən azad etmək üçün bəhanə olub. Digər tərəfdən, Rusiya rəhbərliyi fikirləşir ki, dostluğa tez-tez xəyanət Ermənistanla əməkdaşlıq daha mənfi nəticələrə gətirib çıxara bilər. Xülasə, hesab edirəm ki, ABŞ kimi Rusiyanın da Qarabağın azad olunması üçün Azərbaycan ordusunun apardığı hərbi əməliuyyatlara münasibəti dəyişməyəcək...

- Tofiq müəllim, təhlillərinizdən belə nəticəyə gəlmək olarmı ki, artıq Azərbaycan Ordusunun  Şuşanın, Laçının, Kəlbəcərin azadlığına getdiyi bu zəfər yolunda qarşımızda ciddi siyasi bir təhdid yoxdur?

- Bəli... Hesab edirəm ki, bu yolda bizə elə bir ciddi siyasi təhdid yoxdur. İnşAllah, üçrəngli bayrağımızın Şuşada da, Xankəndidə də, Laçında da, Kəlbəcərdə də dalğalandığı günləri görəcəyik...

 

Oxunma sayı 1603