Şuşanın azad olunmasını möcüzə hesab etmirəm...
1992-ci ilin mayında Şuşanın işğalı zamanı kəşfiyyat tağımının komandiri olmuş ehtiyatda olan polkovnik Azay Kərimovla “Həftə içi” üçün növbəti söhbətimizdə 29 il öncəki işğalın əsas səbəbləri, o günlərdən bəri ordumuzun keçdiyi inkişaf yolu və son 44 günlük müzəffər savaşımız sayəsində Şuşanı azad etmiş qalib əsgərimizin üstün məziyyətlərindən bəhs etdik.
- Azay bəy, bir şuşalı və peşəkar hərbçi kimi 29 il öncə bu günlərdə Şuşanın müdafiəçilərindən biri olaraq o Qarabağın üzük qaşının düşmənin əlinə keçməsi kimi ağır günlərin də şahidi oldunuz və Allah ömür verdi, Şuşanın müzəffər ordumuz tərəfindən azad edildiyi inanılmaz dərəcədə xoşbəxt günləri də yaşadınız. Həmin tarixlərdə baş verənləri bir-biri ilə müqayisə edəndə nələri düşünürsünüz?
- Bunu dəfələrlə demişəm, bir daha təkrar edirəm, əgər 1990-cı illərin əvvəlində Şuşa əsasən şuşalıların, Laçın laçınlıların, Ağdam ağdamlıların və s. nəzarətinə buraxılsaydı, təbii ki, silah-sursat, texnika ilə təmin olunmaq şərti ilə, ermənilər heç vaxt həmin rayonları, Qarabağı işğal edə bilməzdi. Təəssüf ki, bunun əvəzində Qarabağ rayonlarına, o cümlədən Şuşaya 1991-ci ilin sonlarından başlayaraq müxtəlif siyasi partiyalara, mafioz qruplara və s. xidmət edən intizamsız, başıpozuq silahlı birləşmələr göndərildi. Məhz bu cür pərakəndəlik, vahid komandanlığın olmaması Şuşanın və digər rayonlarımızın işğalına gətirib çıxardı. Halbuki, 1988-ci ildən bəri Şuşa polisi şəhərin də, rayonun da müdafiəsini kifayət qədər təmin edirdi. Özü də nizam-intizamla. Erməni terrorçularına qarşı müxtəlif uğurlu əməliyyatlar keçirirdilər. Elə 1992-ci il mayın əvvəllərində Şuşada, demək olar ki, yeganə intizamlı birləşmə Şuşa polis taboru idi. Sonradan gələn qüvvələr arasında kifayət qədər qeyrətli, vətənpərvər, döyüşkən oğullarımız olsa da, intizamsız, müxtəlif cinayətlər edib qanundan gizlənən, eyni zamanda əyyaş, narkoman, hətta ən dəhşətlisi, ermənilərə işləyən adamlar da xeyli idi. Məsələn, 1992-ci ildə kənar rayonlardan birindən gəlmiş taborun komandiri, müavinləri və bir neçə əsgər Daşaltı kəndində ermənilərlə görüşüb qayıdanda “Qırxpilləkan” deyilən yerdə bizim tərəfimizdən yaxalanmış, barələrində cinayət işi qaldırılmışdı. İstintaq materiallaırna əsasən deyirəm: o xainlərin üzərində iki şüşə araq, bir bağlama narkotik, 2 kq 400 qram donuz kababı və ermənilərin işlətdiyi “R-60” radiostansiyası aşkar edildi. Həmin radiostansiyanı ermənilər xəyanətkarlara əlaqə saxlamaq üçün vermişdilər. Bundan əlavə, Rusiyadan xüsusi olaraq tibb bacısı adı altında gətirilmiş qadınlar da var idi Şuşada... Bu cür vəziyyətdə düzgün müharibə etmək, hücum və ya müdafiə təşkil etmək mümkün ola bilməzdi. Yəni bilmirsən, özünü qarşıdakı düşməndən qoruyasan, yoxsa arxandakı, ətrafındakı satqın və agentlərdən... Ermənilər də bunun hamısını yaxşı bilir, Topxana istiqamətindən birbaşa şəhərdəki vəziyyəti müşahidə edir, eyni zamada içərimizdəki agent və kəşfiyyatçılarından da məlumat alırdılar. Bəli, çoxlarının dediyi kimi, Şuşa təbii mənada alınmaz qaladır. Qalanın içində xəyanət, başıpozuqluq olandan sonra onu müdafiə etmək mümkün olarmı?
Onu da deyim ki, biz də ermənilərin vəziyyətini yaxşı bilirdik. Bilirdik ki, onların iqtisadi durumu çox ağır idi. Erməni qadınları bir çörəyə, bir banka ət konservinə görə, özlərini rus zabitlərə satırdılar. Yalnız 366-cı alayda xidmət edən ermənilər azdan-çoxdan maaşlarını ala bilirdilər. Bu səbəblərdən yoxsul ermənilərin hamısı hərbçilərə, silahlılara baş əyir, onların hər dediyini edirdilər. Amma biz onların bu ağır durumundan istifadə edə bilmirdik...
- Şuşanın işğalında əsas günahkar kimləri hesab edirsiniz?
- Çoxları Şuşanın işğalında əsasən ovaxtkı Müdafiə naziri Rəhim Qazıyevi günahkar sayır. Nazir hər hansı tabordakı əsgərə, komandirə demirdi ki, get, gecə səngərdə o ki var araq iç, səhərə qədər ayıla bilmə, düşmən də gəlib postu ələ keçirsin. Rəhim Qazıyevin əsas səhvi ondan ibarət idi ki, tabeçilik göstərməyən, nizam-intizamı pozanları cəzalandırmırdı...
Şuşanın, Qarabağın işğalının əsl günahkarları isə həmin vaxt Bakıda oturub gözləri hakimiyyət kürsüsündən savayı heç nəyi görməyənlər idi...
Çox şükürlər olsun, hazırda bizim vahid komandanlığa tabe olan nizam-intizamlı və güclü, müzəffər bir ordumuz var. Həmin ordu 29 il öncə itirdiyimiz Şuşanı azad etdi... Mən 28 il 7 ay orduda xidmət etmişəm, bunun 16 ildən çoxunu Azərbaycan Ordusunda xidmət göstərmişəm. Ordumuzun formalaşmasının bütün mərhələlərinə, o cümlədən mərhum Prezident Heydər Əliyevin və hazırkı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə necə inkişaf edib güclənməsinə şahidəm. Bu illər ərzində Milli Ordumuz əksər saxta, qeyri-peşəkar şəxslərdən təmizləndi və onları peşəkar, vətənpərvər zabitlər, generallar əvəzlədi. Təəssüf ki, onlardan bəziləri harınladı və zabit, general adını ləkələdi. Müzəffər 44 günlük savaşımızdan öncə də Ali Baş Komandan ordumuzu belələrindən təmizlədi və bunun da Qələbəmizdə böyük rolu oldu...
- Bir peşəkar hərbçi kimi necə düşünürsünüz, ermənilərin 1992-ci il mayın 7-8-də həyata keçirdiyi Şuşanı işğal planı – onillərlə qürurla danışdıqları “Dağlarda toy” əməliyyatı hərbi baxımdan doğrudan da mükəmməl idi, yoxsa düşmənin bu qələbəsində bizim müdafiə qüvvələrinin başıpozuqluğu və daxilimizdəki xəyanətlər böyük rol oynadı?
- Etiraf edək ki, ermənilərin Şuşanı işğal planları hərbi baxımdan yerində idi. Onların da hərbçiləri arasında gerçəkdən vuruşanlar vardı. 1992-ci ilin bu may günlərində onların qalib gəlməsinə əsasən iki amil dəstək oldu: birincisi, öncə qeyd etdiyim kimi, bizim ordumuzun, o cümlədən Şuşadakı qüvvələrin başıpozuqluğu, vahid komandanlığa tabe olmaması, ikincisi isə Rusiyanın Ermənistana ciddi hərbi-siyasi yardımı. Bu haqda bir dəfə də sizə danışmışam. 1992-ci ilin əvvəllərində 366-cı alay Xankəndidən çıxarılarkən həmin alayda tabor komandiri olan Seyran Ohanyana qəsdən şərait yaradıldı və o, rusların qarşısını kəsərək onların əsas silah və texnikalarını Xaqnadzor kəndinə yönəldərək orada dairəvi müdafiə qurdu. Bundan sonra ermənilər daha da ruhlandılar və Şuşanı işğal etməyi qarşılarına bir ali məqsəd kimi qoydular. Nəticədə Şuşaya hücum edəndə ermənilər bütün parametrlərdə bizdən güclü oldular... Bizdə isə nizam-intizam, vahid tabeçilik olmadığından müdafiəmiz həddindən artıq zəif oldu...
- Sizcə, 1992-ci ilin mayında briqada komandiri Elbrus Orucovun əvəzinə başqa bir həm cəsur, vətənpərvər, həm də peşəkar, istedadlı bir komandirimiz olsaydı, Şuşanı ermənilərə təslim etməmək olardımı?
- Təbii ki, Elbrus Orucovun yerinə Azərbaycanı, Şuşanı sevən və peşəkar bir komandir olsaydı, müdafiəni təşkil etmək və Bakıdan da real kömək gələcəyi halda Şuşanı təslim etməmək olardı... Elbrus Orucov Şuşada, demək olar ki, heç kəsin eşitmədiyi, saya salmadığı mənasız bir komandir idi. Onun ardıcıl davranışları; Laçın alayını ləğv etdirmək, Şuşaya gələn kimi könüllü taborları ləğv etmək, onları incik salmaq, sonra bir çox hərbçiləri məzuniyyətə buraxmaq, şəhərin və ətraf kəndlərin real müdafiə xəttini qurmamaq və s. –bütün bunların hamısı Şuşa və Laçının işğalına hesablanmış xəyanətkar planın tərkib hissələri idi...
- Çoxları Şuşanın 28 illik işğaldan sonra cəmi 44 günlük savaş sayəsində gözlənilmədən azad edilməsini möcüzə hesab edir. Siz necə düşünürsünüz? Bu, möcüzə idi, yoxsa ordumuzun real gücünün gerçək nəticəsi?
- Bir zabit olaraq Şuşanın azad edilməsini möcüzə hesab etmirəm. Yaxşı, cəsur komandir və əsgərlə Şuşadan da qat-qat çətin qalaları fəth etmək olar. Bu baxımdan, Şuşanın azadlığı Ali Baş Komandanın düzgün taktika və strategiyasının, ordumuzun real gücünün, hərbçilərimizin qeyrətinin, şücaətinin, vətənpərvərliyinin, böyük zəhmət və əziyyətinin, bacarıq və döyüş qabiliyyətinin nəticəsi oldu...
Bu 28 ildə mən bir hərbçi və bir şuşalı kimi gündüz oturanda da, işləyəndə də, yemək yeyəndə də, gecə yatanda da yalnız Şuşanı azad etməyin yolları barədə düşünmüşəm, öz-özlüyümdə müxtəlif taktiki gedişlər, hücum və döyüş planları qurmuşam. Çox şükürlər olsun, ordumuzun, Azərbaycan əsgərinin sayəsində Şuşa öz azadlığına qovuşdu...
- Cənab polkovnik, inşAllah, Şuşaya gedəndə öncə hansı məkanı ziyarət edərsiniz?
- Mən əvvəldən demişəm, Şuşaya ayağım dəyən kimi ilk olaraq 1991-1992-ci illərdə şəhərin müdafiəsində həlak olmuş oğullarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət edəcəyəm... Şuşanı ziyarət etmiş, amma orada uyuyan şəhidləri yad etməmiş bəzi hərbçi, döyüşçü həmkarlarım, həmyerlilərim onlara tutduğum iradlara görə məndən inciyirlər... Milli Qəhrəman Ramiz Qənbərovun əsl məzarı Bakıda yox, Şuşadadır. Bakıda onun yalnız paltarları, ayaqqabıları basdırılıb. Onun əsl məzarı Cıdır düzünün altındadır. Tahir İmanovun konsert verdiyi məkandan 20-25 metr aşağıda şəhidlərimiz uyuyur. Odur ki, Şuşada digər məkanlardan öncə Şuşa uğrunda həlak olmuş şəhidlərimizi ziyarət etmək və o məzarlıqda həm 1-ci Qarabağ, həm də 44 günlük savaşdakı şəhidlərimizn ruhuna dualar oxumaq hər birimizin vətəndaşlıq borcudur...