Tahir Mirkişili: Bu platformanın Xankəndidən ucalan səsi bütün dünyaya açıq mesaj oldu

12:08 08.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Uzun münaqişədən sonra Xankəndidə ilk dəfə beynəlxalq zirvə görüşünün keçirilməsi ölkəmizin suverenliyinin möhkəmlənməsi ilə yanaşı, Azərbaycan Prezidentinin Qarabağdakı sülh və yenidənqurma səylərini beynəlxalq aləmə nümayiş etdirirdi. Tədbir həm də müharibədən sonrakı sülh prosesində Azərbaycan diplomatiyasının nüfuzunun gücləndirilməsinə böyük töhfə oldu".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Tahir Mirkişili bildirib. Deputat qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) regionun ən nüfuzlu iqtisadi təşkilatıdır. 570 milyon əhali, 2.6 trilyon dollarlıq iqtisadi gücə malik olan təşkilat üzvləri xüsusuilə də Şərq və Qərb arasında iqtisadi əlaqələrdə mühüm gücə və potensiala sahibdirlər.

"Azərbaycan Prezidentinin təşəbbüsləri nəticəsində ilk dəfə olaraq İƏT-də mühüm yeniliklər tətbiq olundu. Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu, Şuşada Sahibkarlar Forumu - yəni həftəlik tədbirlərin keçirilməsi mühüm hadisə oldu. Eyni zamanda, ilk dəfə olaraq İƏT sonrakı 10 illik fəaliyyət planında yalnız hökumətlərin deyil, həm də gənclər, qadınlar və sahibkarların təşəbbüsləri nəzərə alındı. Azərbaycanda yaradılan təşkilatın Elmi tədqiqat və Təmiz enerji mərkəzləri bütün üzv ölkələrə məsələlərə elmi yanaşma və yaşıl gündəlik prizmasından baxmaq imkanı verəcək. Ümumiyyətlə, yaşıl enerjiyə keçmək kimi çətin bir prosesdə hər kəsdən öndə olan Azərbaycanın öz təcrübəsini üzv ölkələrlə bölüşmək istəyi yüksək nəticələr verməkdədir. Eləcə də şimalda və cənubda müharibələrin alovlandığı bir vaxtda Azərbaycandan keçən Orta Dəhliz, Zəngəzur dəhlizi, Qərbi azərbaycanlıların öz yurdlarına dönməsi məsələlərinin gündəmə gəldiyi bir platformanın Xankəndidən ucalan səsi bütün dünyaya açıq mesaj oldu", - deputat bildirib.