Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra xaricə axışan rusların üz tutduğu ölkələrdən biri də Tailanddır. Lakin bu yaxınlarda iqtisadiyyatın simasını dəyişən Fuket kimi kurortlarda rusların “qapalı dövrə” sxemini qurması yerli sahibkarların reaksiyasını çəkir.
Hafta.az-ın “Əl-Cəzirə”yə istinadən yazdığına görə, bu ilin yanvar-iyul ayları arasında Fuketə gələn rusların sayı 400 mini keçib. Bu, müharibədən əvvəlki dövrdə qəbul edilən ziyarətçilərin sayından iki dəfə çoxdur.
Rusiya vətəndaşlarının adada aldıqları və kirayə verdikləri daşınmaz əmlaklara görə qiymətlərin artdığı öyrənilib.
Adada ən çox tənqidə məruz qalanlar "Yalnız Rusiya" biznesləridir. Xəbərə görə, rus telefon proqramları ilə fəaliyyət göstərən və yalnız rusdilli kadrların çalışdığı bu iş yerləri səbəbindən ada əhalisi iqtisadi prosesdən kənarda qalıb.
Mikroavtobus Sürücüləri Klubunun prezidenti Rayut Fongmusik deyib ki, ruslar adada turizm sənayesini ələ keçirməyə çalışırlar. Fongmusik "Ruslar Taylandda iş yerlərini oğurlayırlar" deyib.
Polis rəsmisi Fongçay Matitam da bəzi işlərin yalnız Tayland vətəndaşlarına aid olduğunu xatırladıb və qısa müddət əvvəl adada bərbərxana açan 3 Rusiya vətəndaşının həbs edildiyini bildirib.
Xəbərə görə, fuketliləri narahat edən digər məqam isə rus mafiyasının bölgədə nüfuz qazanmasıdır. Buna misal olaraq bir neçə gün əvvəl 44 yaşlı rusiyalı biznesmenin qazaxıstanlı bir şəxs tərəfindən günün günorta çağı kafedə güllələnməsi göstərilib.
Fuketdəki ruslar isə taylandlıların bütün əcnəbilərə rus kimi baxmasından şikayətlənirlər. Tur bələdçisi Sergey Malinin deyib ki, taylar özbəkləri, ukraynalıları və gürcüləri də rus kimi görürlər.