Tailandın əhalisi 60 il sonra iki dəfə azalacaq

10:23 14.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tailand doğum nisbətinin düşməsindən və əhalinin sayının azalmasından əziyyət çəkən ölkələrə qoşulub.

Hafta.az-ın “Nation”a istinadən yazdığına görə, ekspertlər cəmi 60 il ərzində ölkə əhalisinin 66 milyondan 33 milyona düşəcəyini gözləyirlər. Bu azalma nəticəsində ölkədə əmək qabiliyyətli yaşda olan insanların sayının 46 milyondan 14 milyona qədər azalacağı təxmin edilir.

Məsələyə münasibət bildirən baş nazirin müavini Somsak Fepsutin bildirib ki, əhalinin sayının azalması iqtisadi inkişafa və milli təhlükəsizliyə ciddi təsir edəcək.

Tailandda əhalinin azalmasının əsas səbəbi gənc nəsillərin qonşu ölkələrdəki kimi uşaq sahibi olmaq istəməməsidir. Yüksək inflyasiya kimi bir çox iqtisadi faktorlar gənc nəslin ənənəvi ailə qurmaq istəməməsinə səbəb olur.

Milli İqtisadi və Sosial İnkişaf Şurasının (NESDC) məlumatlarına görə, Tailandda 1970-ci ildə 1 milyon olan doğumların illik sayı 500 mindən aşağı düşüb.

NESDC, ölkə əhalisinin 2028-ci ildə 67,19 milyona çatacağını, daha sonra 2033-cü ildə 67 milyona və 2037-ci ildə 66,18 milyona düşəcəyini proqnozlaşdırır.

Qurum həmçinin 2017-ci ildə 66,1 faiz olan əmək qabiliyyətli əhalinin 2037-ci ildə 56,8 faizə qədər azalacağını təxmin edir.

Məsələ ilə bağlı tədbir görən Tayiand hökuməti orta yaşlı qadınların doğumunu təmin etmək üçün tibbi texnologiyalara sərmayə qoyur, eləcə də gənc qadınlar arasında doğum səviyyəsini artırmaq üçün kampaniyalar aparır.

Tailand hökumətinin doğum nisbətlərini artırmaq üçün apardığı araşdırmalardan əldə edilən nəticələr Birləşmiş Millətlər Təşkilatının aprelin sonunda keçiriləcək konfransda eyni problemdən əziyyət çəkən ölkələrin nümayəndələri ilə paylaşılacaq.