Əfqanıstan müvəqqəti hökumətinin Mədən və Neft Nazirliyində keçirilən imzalanma mərasimində Taliban administrasiyasının baş nazirinin müavini Molla Əbdülqəni Qardaş, Mədən və Neft Nazirinin müavini Şahabəddin Dilavər və şirkət rəsmiləri iştirak edib.
Hafta.az-ın yazdığına görə, razılaşmalara əsasən Əfqanıstanın Tahar, Herat və Loqar əyalətlərində qızıl, mis, qurğuşun, sink və dəmirdən ibarət 7 mədən sahəsi yerli və xarici şirkətlər tərəfindən idarə olunacaq.
Bildirilib ki, tenderlərdə Əfqanıstan, Türkiyə, Çin, İran və İngiltərədə yerləşən şirkətlər qalib gəlib.
Mərasimdə çıxış edən Taliban administrasiyasının mədən və neft nazirinin müavini Şahabəddin Dilavər bu mədənlərə ümumilikdə 6 milyard 557 milyon dollar sərmayə qoyulacağını və bunun Əfqanıstanın inkişafına böyük töhfə verəcəyini bildirib.
Əfqanıstanda litium, dəmir, kömür, mis, qızıl, sink, qurğuşun, təbii qaz, neft, zümrüd, lapis lazuli, yaqut kimi qiymətli metalların və daşların zəngin yataqları var. Bu səbəbdən Taliban administrasiyası 15 avqust 2021-ci ildə iqtidara gəldikdən sonra tez-tez beynəlxalq investorları ölkənin neft, təbii qaz və mədənlərinə investisiya qoymağa çağırır.
Taliban administrasiyası 2023-cü ilin əvvəlində Çinin CAPEIC şirkəti ilə Amu çayı hövzəsindən neft çıxarmaq üçün müqavilə imzalayıb və Sari Pul vilayətində ilk dəfə bir quyudan neft hasil edilməyə başlanıb.