Talibandan daha bir qadağa: qadınlar parka girə bilməz!

10:40 28.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda Taliban hökuməti qadınların Bamiyan bölgəsindəki Bande-Amir Milli Parkına getməsini qadağan edib.

Hafta.az-ın yazdığına görə, Əfqanıstanın fəzilətin təbliği və əxlaqsızlığın qarşısının alınması üzrə naziri Məhəmməd Xalid Hənəfi qadınların parkda örtünmə qaydalarına əməl etmədiyini deyib. Hənəfi dini məsul şəxslərdən və təhlükəsizlik güclərindən problemin həlli yolu tapılana qədər qadınların parka daxil olmasını yasaqlamağı xahiş edib.

2009-cu ildə Əfqanıstanın ilk milli parkı olan Bande-Amir ölkənin mühüm turizm mərkəzlərindən biridir. Park ailələr arasında da çox populyardır.

Əfqanıstanın “Tolo News” agentliyinin məlumatına görə, Hənəfi parkı görmək üçün ora getməyin “məcburi olmadığını” deyib.

Bamiyandakı dini liderlər parkı ziyarət edən və qaydaları pozan qadınların əsasən bölgəyə gələn qonaqlarən olduğunu bildiriblər.

Bamiyan şiə üləma şurasının sədri Seyid Nəsrullah Vaezi deyib: “Örtüyün olmaması və ya zəif örtülmüş türbanla bağlı şikayətlər var, lakin bunlar Bamiyan sakinləri üçün deyil. Bura başqa yerlərdən gəlirlər”.

Keçmiş əfqan millət vəkili Məryəm Solaimanxil sosial media hesabında qadağanı tənqid edən şeir paylaşaraq, “Biz qayıdacağıq, buna əminəm” deyib.

Human Rights Watch-dan Fereşta Abbasi qadağa qərarının Qadınların Bərabərliyi Günündə qəbul edildiyini xatırladıb və “Əfqan qadınlara qarşı tam hörmətsizlik” adlandırıb.