ABŞ-ın rəhbərliyi altında NATO-nun 2001-ci ildə işğal etdiyi Əfqanıstanda baş verən hərbi çevriliş dünyanın diqqətindədir. Əlbəttə, ABŞ-ın 20 illik işğalı sona çatdırıb, top-tüfəngini Əfqanıstandan çıxarması, bu müddət ərzində ölkənin idarəetməsini tapşırdığı və siyasi varlığını qoruduğu hökumət də süqut etdi – prezident isə xaricə qaçdı. “Taliban” çox qısa vaxtda, ildırım sürətilə, əksər hallarda isə bircə güllə belə atmadan bütünlüklə Əfqanıstanda hakimiyyəti ələ aldı.
Bu necə oldu, axı 20 illik işğal dövründə ABŞ-ın ciddi hərbi təlim keçdiyi, müasir silah-sursatla təmin elədiyio 300 minlik ordusu vardı hökumətin. Belə böyük ordunun, dini-cəhaləti istəməyən milyonlarla gənc və dünyagörüşlü gənclərin, 40 milyonluq əhalinin təxminən yarısı olan, “Taliban”ın qoyacağı sərt və insan haqlarını heçə sayan əmrlərinə boyun əymək istəməyən 20 milyonluq qadınların dəstəklədiyi hökumət niyə belə asanlıqla yıxıldı? “Taliban”a bu gücü-zəhmi verən nədir, bəlkə onu yönətənlər dünyanın ən aqil siyasətçiləri və hərbçiləridir? Bilmirəm, bildiyim şeysə budur ki, “Taliban”ı idarə edib, bu gücə-qüvvəyə qovuşduran 6 nəfərdir.
İndi də qısaca bu 6 nəfərin kimliyini öyrənməyə çalışaq:

Heybətullah Axundzadə:
“Taliban” nümayəndələri onu “möminlərin lideri” və ya “Əmir əl-möminin” adlandırır. Heybatullah Axundzadə, “Taliban”ın ruhani lideri olmaqla yanaşı, siyasi, dini və hərbi qərarlarının verilməsində də son sözü deyir. Təxminən 60 yaşı olan Axundzadə, “Taliban”da tutduğu indiki posta sələfi Ahtar Mansurun 2016-cı ildə ABŞ-ın Əfqanıstan - Pakistan sərhədinə İHA-lar etdiyi hücum zamanı öldüqrülməsindən sonra gəlib. O, 2016-cı ilin may ayında “Taliban”ın lideri seçiləndən sonra bir müddət yoxa çıxmışdı. Elə indi də harada olduğu bəlli deyil.
Qeyd edək ki, Axundzadə 2016-cı ildən öncəki 15 il boyunca (2001-2016-cı illər) Pakistanın cənub-qərbində yerləşən kiçik Kuçlak qəsəbəsində yaşayıb və oradakı məsciddə öz dünyagörüşlərini, islami fikirlərini insanlara çatdırıb, uşaqlara dini dərslər verib və ardıyla da vaizlik yaradıb.

Molla Məhəmməd Yaqub:
“Taliban” hərəkatının qurucusu Molla Ömərin oğlu olan Molla Məhəmməd Yaqub təşkilatın hərbi qüvvələrinə rəhbərlik edib. Afqanıstanın keçmiş silahlı qüvvələri ilə baş vermis döyüşlərə məhz o rəhbərlik edib. Hətta 2015-ci ildə onun ölməsi haqda xəbərlər də yayılmış, amma sonradan təkzib edilmişdi.
Yerli mətbuatın yazdığına görə, təxminən 30 yaşlarında olan Molla Məhəmməd Yaqubun hətta, Ahtar Mansur 2016-cı ildə öldürüləndən sonra “Taliban”ın yeni lideri seçilməsi təklifi səsləndirilib. Amma Mansurun hələfinin seçildiyi toplantıda “Taliban” komandanlarından biri, Molla Yaqubun çox gənc olmasını və döyüş təcrübəsinin olmamasını səbəb göstərərək liderlik üçün Axundzadənin namizədliyini təklif edib.
Molla Məhəmməd Yaqub sələfi İbrahim Sədrdən fərqli olaraq daha çox sülhpərvərdir. Onun fikrincə, Əfqanıstanı döyüş yoluyla, qan tökməklə deyil, təbliğatla, daha yaxşı işlərlə birləşdirmək mümkündür. Hansı ki, Sədr sülh danışıqlarını birmənalı şəkildə rədd edir, güc variantına üstünlük verirmiş.
“Taliban” liderləri arasında daha gənc və mülayim insan olan Yaqub, bir az da aatsına görə çox sevilir, hörmət göstərilir. Amma Pakistanda doğulub-böyüməsi, orada təhsil alıb, həyata addım atmasından dolayısı “Taliban”ın daxilində belə özünə qarşı mövqe tutanları var. Hakimiyyət devrilmədən öncə Əfqanıstanın kəşfiyyat orqanları Yaqubu "özünü haqq sahibi görən” və "Əfqanıstanın reallıqlarından xəbərsiz" biri kimi təqdim edirdi.

Siracuddin Hakkani:
Mücahidlərin olduqca şöhrətli komandiri, vaxtilə “Əl-Qaida” terror təşkilatının lideri olmuş Üsamə bin Ladenin yaxın dostu olmuş Cəlaləddin Hakkaninin oğlu olan Siracuddin, “Taliban”ın Pakistan - Əfqanıstan sərhədindəki maliyyə və hərbi varlıqlarını idarə edən “Hakkani dəstəsi”nin lideri idi. Məhz bu təşkilat Kabildəki məşhur otellərdən birinə silahlı basqın düzənlənməsində, eyni zamanda keçmiş dövlət başçısı Həmin Kəraiyə sui-qəsd cəhdində və Hindistanın Kabildəki səfirliyinə intihar hücumunda günahkar bilinir. Siracuddin Hakkaninin 48-50 yaşlarında olduğu deyilir. Onun da son anadək harada olduğu bilinmirdi.
Siracuddin Hakkaninin adı ABŞ-ın tərtib etdiyi terror təşkilatları liderləri siyahısındadır, hətta onun Əfqanıstanda törədilən terror aktlarında birbaşa əlinin olmasına dair fikirlər də səsləndirilir.
Məlumat üçün deyək ki, Hakkani şəbəkəsinin adı bir sıra yüksək çinli əfqan rəhbərlərin öldürülməsində və bir sıra xarici vətəndaşların qaçırılmasında keçir.
Qeyd edək ki, Siracuddin Hakkaninin rəhbərlik etdiyi Hakkani şəbəkəsinin “Əl-Qaida” ilə yaxın əlaqələrinin olduğu bəllidir.

Molla Əbdül Qani Biradər:
“Taliban” hərəkatının yaradıcılarından biri olan Molla Biradər hazırda təşkilatın siyasi ofisinin rəhbəridir. O, eyni zamanda, “Taliban”ın Dohadakı müzakirə heyətinin əsas simalarından biridir.
Barak Obamanın iqtidarı zamanında hərb işlərini çox yaxşı bildiyi üçün, Ağ Ev Pakistanın təhlükəsizlik xidmətini inandıra bildi ki, Biradəri həbs etmək lazımdır və belə də oldu. MKİ-nin yardımıyla 2010-cu ilin fevralında Kəraçidə Pakistan və ABŞ əsgərləri tərəfindən yaxalanaraq həbsxanaya salınan Biradərlə bağlı adıçəkilməyən bir səlahiyyətli deyirdi ki, "Biradərin tutulma səbəbi anidən sülh yaratmaq deyil, onun döyüşdə oynadığı roldur. Həqiqəti demək lazımdırsa, Pakistan Biradəri məhz ABŞ istədiyi üçün həbs edərək illərlə zindanda saxladı”. Molla Ömərin ən etibarlı komandirlərindən sayılan Baradar 2018-ci ildə sərbəst bıraxılıb. Hazırda Dohada yaşayan Biradərin, Kabil “Taliban”ın tam nəzarətinə keçədən sonra Əfqanıstana qayıdacağına dair məlumat var.
Sovet ordusuna qarşı savaşan Biradər “Taliban”ın mərhum qurucu lideri Molla Ömərin kürəkənidir. Onun 1996-cı ildə, “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsi üçün əsas döyüşlərə rəhbərlik etdiyi deyilir. 2001-ci ildə ABŞ ordusu bu ölkəyə daxil olarkən “Taliban” liderləri Pakistana sığınarkən, Qərb yenə də məhz daha yumşaq xarakterinə və anlaşıqlı siyasət yürütməsinə görə Biradərə üstünlük verib. Elə bu səbəbdən də danışıqlarda Biradər iştirak edib. Geridə buraxdığımız 20 il ərzində bir çox xarici diplomatlar “Ketta Şurası”nda məhz Biradərlə əlaqə saxlayıb.

Şirməhəmməd Abbas Stanikzay:
ABŞ tərəfindən 2001-ci ildə devrilmiş Əfqanıstanın “Taliban” hökumətində nazir müavini olmuş Stanikzay 10 ildən artıqdır ki, Dohada yaşayır. 2015-ci ildə “Taliban”ın Dohadakı siyasi ofisinin rəhbəri təyin edilən Şirməhəmməd Abbas Stanikzay, Əfqanıstan hökuməti ilə müzakirələrdə “Taliban” heyətinin ikinci əsas siması olaraq qatılıb. O, hətta “Taliban”ı bir sıra ölkələrə səfərlərdə təmsil də edib.

Əbdül Həkim Hakkani:
Bu şəxs “Taliban”ın keçmiş “Məhkəmə sədri” olub. İndiyədək təşkilatla hökumət arasında aparılan müzakirələrə məhz Hakkani rəhbərlik edib. Əbdül Həkim Hakkani eyni zamanda, Din Adamları Şurasının da sədridir. Onun Axundzadənin ən etibarlı adamı olduğu deyilir.
Ümumiyyətlə, “Taliban” hərəkatı necə oldu ki, yaradıldı, hamiləri kimlərdir, məqsəd-məramı nələrdir?
Təşkilatın quruluşu keçmiş SSRİ-nin Əfqanıstanı işğal etdiyi dövrə təsadüf edir. Ərəbcədən tərcümədə mənası “Tələbələr” olan “Taliban” 1994-cü ildə ölkənin cənubunda fəaliyyət göstərən 50 mədrəsənin tələbələri tərəfindən yaradılıb və ilk rəhbəri əslən Qəndəhardan olan, bir müddət Pakistanda təhsil almış Molla Ömər Axund olub. Adət və ənənələri, İslam prinsiplərini özünə şüar seçən təşkilat qısa vaxtda ölkənin dindar və mühafizəkar əhalisi arasında şöhrət qazanır, sıralarını genişləndirir. “Taliban”ın başlıca prinsipi Əfqanıstanda İslama-şəriətə söykənən dövlət yaratmaqdır.
Bu arada, qeyd edək ki, “Taliban” ABŞ-ın da xeyir-duası ilə Pakistanın ciddi əməyi nəticəsində sovet işğalçıları ilə mübarizə aparmaq məqsədilə yaradılıb. İslamabad hökuməti o vaxt ehtiyyat edirdi ki, SSRİ Əfqanıstandan sonra Hind okeanı sahillərinə enmək üçün Pakistanın Bəlucistan bölgəsini də ələ keçirə bilər. Odur ki, “Taliban”ın qurulmasına qərar verdi. Təşkilatın peştunlardan təşkil olunmasına gəldikdə, Əfqanıstanda yaşayan peştunların üç dəfə artığı Pakistanda öz etnik ərazilərində yaşamaqdadır. Pakistan həmişə narahat olub ki, Əfqanıstanda azadlığını əldə etmiş peştunlar nə vaxtsa onlara ərazi iddiası irəli sürə, pakistanlı peştunları silahlandıra, dövlətin üstünə qaldıra bilər. Axı Pakistanla düşmənçilik edən ölkələr vardı regionda, onlar hər vəchlə milli-etnik silahlı münaqişələr yaratmağa fürsət arayırdılar. Bu səbəbdən də məhz peştunlardan ibarət “Taliban”ın yaradılması və himayə edilməsi İslamabadın işinə tam yarayırdı.

Yeri gəlmişkən, Pakistan “Taliban”la əlaqəsinin olmasına dair iddiaları 11 sentyabr terrorundan sonra rədd edib (eləcə də bəzi ərəb ölkələri), amma fakt faktlığında qalır...
“Taliban” yarandıqdan cəmi bir neçə ay sonra 20 min üzv toplaya bilib. Bu gün isə 200 mindən çox üzvü var. Təşkilatın yaradıcıları və sıravi üzvləri əsasən, Azərbaycanda puştunlar kimi tanıdığımız peştunlardır. Təsadüfü deyil ki, yarandıqdan qısa vaxt sonra Pakistandakı etnik baxımdan Peştun olan Mövlana Samiul Hakkın rəhbərliyi altında Darul Ulum Hakkaniyyə mədrəsəsinin tələbələrinin yarıdan çoxu “Taliban”a qatılır.
Bir sıra şərhçilərə görə, “Taliban” həm yaranışda, həm də fəaliyyəti dövründə həlledici dəstəyi Pakistanın kəşfiyyat idarəsi olan İSİ-dən alıb. Bura təşkilat üzvlərinin döyüşə hazırlanmasından maliyyə dəstəyinədək hər şey daxildir.
Beləliklə, “Taliban” qurulduqdan qısa vaxt sonra Əfqanıstanın ikinci iri şəhəri olan Qəndəhara hücum edir və 1994-cü il noyabrın 3-də heç bir müqavimətlə rastlaşmadan şəhərə nəzarəti ələ keçirir. Hücumlar dayanmır və 1995-ci ildə artıq ölkənin 12 böyük şəhərini tuturlar. Korrupsiya və rüşvətxorluqla mübarizədə qazandığı uğurlar xalq arasında “Taliban”a rəğbəti artırır. 1995-ci ildə paytaxt Kabilə üç istiqamətdən daxil olan “Taliban” qüvvələri, Sovet ordusuna qarşı müqavimətdə ciddi ad çıxarmış tacik əsilli Əhməd Şah Məsudun döyüşçüləri ilə qarşılanır və ağır məğlubiyyətlə üzləşir. Amma geri çəkilmirlər, Pakistandan və körfəz ölkələrindən böyük maliyyə və silah dəstəyi alaraq mövqelərini gücləndirir və nəhayət, 1996-cı il sentyabrın 26-da Əhməd Şah Məsud qüvvələrini paytaxtdan çıxarıb aparır…
Sentyabrın 27-də “Taliban” döyüşçüləri paytaxta daxil olur və ilk olaraq BMT-nin Əfqanıstandakı Ofisinə sığınmış sovetyönümlü prezident Məhəmməd Nəcibullah Əhmədzayla qardaşı Şahpur Əhmədzayı edam edirlər. Bu vaxtadək silahlı döyüşçülərdən ibarət olan “Taliban” hökumət qurur, Əfqanıstanı İslam Əmirliyi elan edir. Ardıyla da təşkilatın rəhbəri Molla Öməri “Əmir əl-Möminin” (Möminlərin əmiri) elan edir və onun adına bütün məscidlərdə xütbələr oxunur. Təbii ki, yeni hökumətin legitimliyi Pakistan, eləcə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən əlüstü tanınır.

Hakimiyyətin ilk günlərindən başlayaraq “Taliban” çox sərt və orta əsrlərə xas qərarlar qəbul edir. Məsələn, şəriətə söykənən idarəetmə sistemi təsdiqlənir, sünniliyin Hənəfi qolu əsas götürülür, şəriət qaydalarına necə əməl olunduğuna nəzarət məqsədilə Əmr-i bil Maruf (yaxşılığı əmretmə) nazirliyi yaradılır. Həyatın hər sahəsindən təcrid edilən qadınlara çadraya bürünmə və üzlərini niqabla örtmək məcburiyyəti gətirilir, onlara işləmək yasaqlanır, qızlara məktəbə getmək, təhsil almaq qadağan olunur, kişilər isə başlarına əmmamə qoymağa və saqqal saxlamağa məcbur edilir, hətta saqqalını kəsənlər 6 aydan başlayaraq həbs cəzasına məhkum edilir, üzünü niqabla örtməyən qadınlar isə şallaqlanır.
Əfqanıstanda teleyayım dayandırılır, fotoşəkil çəkdirmək də daxil, hər cür şəkillər, musiqi yasaqlanır. Kişilər məcburən evlərinə ən yaxın məscidlərə gedərək gündə 5 rükət namaz qılmalıydılar. Hətta onların bu qaydaya əməl edib-etməmələrinə nazirlik tərəfindən ciddi nəzarət olunurdu. Kimsənin namaza getmədiyi məlum olsaydı, həmin şəxs şallaqlanar, cərimə ödəyər və ömrünün bir neçə ilini də zindanda keçirərdi.
Ölkədəki bütün məktəblər mədrəsəyə çevrilir və dərs kitablarındakı şəkillər silinir. Mədrəsələrdə isə 3-cü sinifdən başlayaraq bütün oğlanlar başlarına ən azı 3 metr uzunluğunda sarıq sarımağa (əmmamə qoymağa) məcbur edilir. Ələ keçirilən bütün komputerlər televizor hesab edilərək sındırılır. Bütün bu yasaqlara etiraz edənlər isə həbs olunur, hətta edam edilir.
O dövrdə çox sayda insanın əlləri müxtəlif səbəblərdən kəsilirdi. Əllərin kəsilməsi və ümumiyyətlə, edamlar günorta namazından sonra edilirdi və proses əhaliyə göstərilirdi. Hətta şəhərin mərkəzində kəsilmiş əllərin sərgisi təşkil olunur…
Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. 2001-ci il sentyabrın 11-də Nyu Yorkda baş vermis unudulmaz terror hadisəsindən sonra – oktyabrın 7-də ABŞ NATO ölkələrini də yedəyinə alaraq Əfqanıstana hücum edir və çox qısa vaxtda ölkə işğal olunur – “Taliban” son qalası sayılan Qəndahara sığınır. Amma ABŞ-ın hücumlarına dayana bilməyib oradan da dağlara çəkilir. Buna baxmayaraq, təşkilat partizan taktikası əsasında 2002-ci ildən üzübəri mübarizəsini davam etdirir. Nəhayət, 2020-ci ilin fevralında ABŞ-ın keçmiş prezidenti Donald Tramp taliblərlə saziş imzalayır və bu ilin may ayından başlayaraq ördusunu Əfqanıstandan çıxarmağa dair öhdəlik götürür. Söz yox, yeni prezident Co Bayden sadəcə həmin sazişi yerinə yetirir, amma “Taliban” öhdəliyi pozaraq ölkəni silah yoluyla ələ keçirir və budur, prezident Əşrəf Qani BƏƏ-yə qaçır və ölkəni yenidən taliblər idarə edir…