Tanınma yolunda ciddi addım: Çin Əfqanıstana səfir təyin etdi

11:05 13.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin administrasiyası Əfqanıstana yeni səfir təyin edib.

Hafta.az-ın yazdığına görə, Çinin Kabilə göndərdiyi yeni səfir Zhao Şenq bu gün Əfqanıstan İslam Əmirliyinin rəsmilərinə etimadnaməni təqdim edib. Daha sonra keçirilən mərasimlə yeni səfir vəzifəsinin icrasına başlayıb.

Çin səfiri ölkəsinin bundan sonra da Əfqanıstanın daxili işlərinə qarışmayacağını vurğulayıb.

İslam Əmirliyi administrasiyasının rəsmiləri bu təyinatı “diplomatik tanınma yolunda mühüm addım” kimi qiymətləndiriblər.

2021-ci ildən sonra hakimiyyətə gələn İslam Əmirliyi administrasiyasının yaxın münasibətdə olduğu ölkələr arasında Çin də var.

İslam Əmirliyi rəhbərliyi Qərbin sanksiyalarına cavab olaraq Türkiyə, İran, Çin və Rusiya kimi ölkələrlə əlaqələri gücləndirmək yolunu seçib.