Tarixən o yerlərdə Azərbaycan türkləri yaşayıblar - Cəlal Allahverdiyev

12:20 30.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyi yarandığı gündən beynəlxalq əlaqələrini genişləndirir, azərbaycanlıların öz el-obalarından zorla qovulması, indiki Ermənistan ərazisində tarixi-mədəni irsimizin məhv edilməsi ilə bağlı həqiqətləri dünyaya yayır. Bu dəfə Qərbi Azərbaycanda vaxtilə yazıb-yaradan dahi şəxsiyyətlərimiz, mədəniyyətimizi araşdıracağıq. Filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev “Həftə içi” qəzetinə müsahibəsində Qərbi Azərbaycan tarixində mühüm imzalara diqqət çəkib.

– “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların, bütövlükdə Azərbaycan ictimaiyyəti qarşısında hansı yeni səhifə açıb?

– Qeyd etməliyəm ki, 2022-ci il dekabrın 24-də cənab Prezidentin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirakı, orada proqram xarakterli çıxışı xalqımızın qarşısında yeni tarixi mərhələnin açıldığını ortaya qoydu. Əlbəttə, o çıxış xalqımızın tarixində, taleyində yeni bir şərəfli mərhələnin həyata keçirilməsi üçün çox əhəmiyyətli, təqdirəlayıqdir. O çıxışdan irəli gələn məsələlər bu gün istər Qərbi Azərbaycan icması, istərsə də bu sahədə çalışan ziyalılarımız tərəfindən uğurla həyata keçirilir. Bu Konsepsiya istər ziyalılarımızın, istərsə də müxtəlif sahələr üzrə fəaliyyət göstərən hər bir vətəndaşımızın  qarşısında konkret vəzifələr qoyub. Əgər biz dünən “Hər birimiz qarabağlıyıq”, - deyib o torpaqların erməni işğalından azad olunması uğrunda birləşib, mübarizə aparırdıqsa, bu gün  “Hər birimiz qərbi azərbaycanlıyıq”, - deyərək, birləşərək tarixi həqiqətlərimizi, haqlarımızı bərpa etmək, qorumaq üçün fəaliyyətimizi əzmlə, fədakarlıqla davam etdirməliyik.

Bu Konsepsiyanın elan edilməsi, bizim Qərbi Azərbaycanımıza dönüşümüz, o torpaqlarda tapdanılan haqlarımızın bərpası ilə bağlı mübarizə aparmağımız üçün sistemli, ardıcıl başlanğıcdır. Bu gün artıq görülən işlərin uğurlu görüntüləri göz qabağındadır.

Beynəlxalq təşkilatlara ünvanlanan məktublar, əlaqələrin yaradılması, Qərbi Azərbaycandan zorla köçürülən qaçqınların hüquqlarının tanınması, bərpası yönündə aparılan işlər mütləq öz töhfəsini verəcək. Bu gün beynəlxalq aləm dövlətimizin soydaşlarımızın öz tarixi torpaqlarına - Qərbi Azərbaycana qayıdışı ilə  bağlı apardığı siyasətə reaksiya verir. Beynəlxalq təşkilatlar Qərbi Azərbaycanın Azərbaycanın qədim əraziləri olduğunu bir daha öyrənir. İndiki Ermənistan əraziləri Azərbaycan torqaqlarıdır, ermənilər o yerlərə gəlmədir. Onlar imperialist dövlətlərin dəstəyi ilə bizim torpaqlarda özlərinə dövlət yaradıblar. Bu gün isə o yerlərdə bir nəfər də azərbaycanlının yaşamaması beynəlxalq insan hüquqlarının pozulmasıdır. Bu gün dünya ictimaiyyətinə sübut etməliyik ki, ermənilər havadarlarının köməyi ilə bu yerlərdə soyqırımlar həyata keçirdərək, Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaradıblar. Biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Qərbi Azərbaycanda ermənilərə məxsus bir dənə də olsun toponim,  yer-yurd adları yoxur. Tarixən o yerlərdə Azərbaycan türkləri yaşayıblar.

- Bu gün İrəvanın ədəbi mühitində azərbaycançılıq ideologiyası hansı amilləri ilə diqqət çəkir və o tarixdə kimlərin möhürü var?

 - XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə, yanaşı İrəvan Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri idi. Azərbaycan elm və mədəniyyət tarixinə "İrəvani" təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alimlərə, ədəbiyyat və mədəniyyət xadimlərinə rast gəlmək olar. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Balağa İrəvani, Mirzə Müslüm İrəvani, Aşub İrəvani, Mirzə Məhəmməd İrəvani, Dəlil İrəvani, Əbdülkərim İrəvani və başqa şəxsiyyətlərin yaradıcılığı bunu bir daha təsdiq edir. Görkəmli alim, pedaqoq Firidun bəy Köçərli XIX əsrin axırlarında İrəvan gimnaziyasında dərs deyərkən "Azərbaycan ədəbiyyatı" adlı əsəri üçün materiallar toplamış, ədəbi-bədii sözün görkəmli xadimləri arasında İrəvanda yaşayıb-yaratmış Məşədi İsmayıl Hacı Kazımzadə "Bəzmi" - 1846-1888, Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov "Mütəlle" - 1832-1892, Hacı Seyid Rza Əmirzadə" - 1906, Mirzə Əlixan Şəmsül-Hükəma "Ləli"- 1845-1907 kimi sənətkarların yaradıcılığına toxunmuşdu. Bu şairlərin əsərlərindən verdiyi nümunələr əsasında Firidun Köçərli sübut edir ki, İrəvan şairləri əruz vəznində türkcə gözəl şeirlər yazmışlar. Vaxtilə Mirzə Hüseyn Ağa, Mirzə Cabbar Əsgərzadə, Axund Məhəmmədbağır Qazızadə, Əli Məhzun, Abbas Ağa Fərəcov, Yaqub Mustafa oğlu, Mirzə Abbas kimi ədəbiyyat xadimləri və ziyalılar İrəvanın ədəbi həyatında fəal iştirak etmişlər. Azərbaycanın bir çox görkəmli şair və yazıçıları – Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Abbas Səhhət, Hüseyn Cavid, Eynəli bəy Sultanov, Əziz Şərif, Heydər Hüseynov və başqaları İrəvan ədəbi mühitinin aparıcı simaları ilə sıx dostluq və yaradıcılıq əlaqələrində olmuşlar.Haşım bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə və başqaları inqilabdan əvvəl İrəvanda işləmiş, öz ədəbi fəaliyyətlərini burada da davam etdirmişlər.

Onu da qeyd etməliyəm ki, İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrinin Şərq elmində, ədəbiyyatında, mədəniyyətində oynadığı müstəsna rolun təsiri bu gün də ədəbi-mədəni prosesdə duyulmaqdadır.

- Qərbi Azərbaycanın ədəbi mühitində erməni soyqırımına məruz qalmış hansı faktlara diqqət çəkə bilərsiniz?

-1918-1920-ci illərdə ermənilərin Qərbi Azərbaycanda, (indiki Ermənistan) apardıqları soyqırımı siyasəti nəticəsində əvvəllər ədəbi-estetik fikrimizin inkişafında böyük rolu olan İrəvan ədəbi mühiti də dərin tənəzzülə uğramış, onun bir sıra nümayəndələri soyqırımına və deportasiyaya məruz qalmışlar. Ədəbi mühitin görkəmli nümayəndələri məcburiyyət qarşısında qalaraq İrəvanı tərk etmiş, Türkiyə, İran, Şərqi Azərbaycan, Orta Asiya və başqa ölkələrə üz tutmuşlar. İrəvanda yaşlı nəslə mənsub ziyalı qalmamış, nəsillər arasında sələf-xələf münasibətləri pozulmuşdur. Şübhəsiz, bu, İrəvan ədəbi məktəbinin yaradıcı potensialına təsir etməyə bilməzdi. Məlumdur ki, XX əsrin sonu - XX əsrin əvvəllərində bütün Azərbaycan poeziyasında olduğu kimi, İrəvan ədəbi mühitinin yetirmələrinin yaratdıqları bədii nümunələr daha çox klassik şeir janrlarına - qəsidəyə, qəzələ, müxəmməsə və s. uyğun olaraq yaradılırdı. İnqilabdan sonra, yəni keçən əsrin 1920-ci illərindən başlayaraq, İrəvanda yaşayan azərbaycanlı sənətkarlar forma sahəsində yeni poetik janrlara, məzmun sahəsində isə zəmanənin sərt tələb kimi ortaya qoyduğu ideologoyanın təcəssümünə üstünlük verirdilər. Amma bununla yanaşı İrəvanda yaşayan şərqşünas alim Mirzə Hüseyn Ağa və "Vahid" təxəllüslü Məşhədi Heydər İsmayılov klassik janrlara müraciət edirdilər.

1920-ci illərdən sonra İrəvandakı siyasi durum birxətli, eynixarakterli olmadığı üçün bədii ədəbiyyatın, o cümlədən poeziyanın inkişaf xətti də ziqzaqlı olmuşdur. Yaradılan "Azsaylı xalqlar şöbəsi" və onun mübariz rəhbəri Bala Əfəndiyevin səyi nəticəsində artıq 1924-cü ildə nəşrə başlayan "Zəngi" qəzeti səhifələrində artıq Azərbaycan dilində şeir nümunələri görünməyə başladı.

    Ağır repressiya şəraitində, şübhəsiz, nəinki ədəbi prosesin inkişafından, heç bədii nümunələrin meydana gəlməsindən və işıq üzü görməsindən söhbət belə gedə bilməz. Məhz buna görə də 1924-cü ilə kimi Ermənistanda, xüsusilə İrəvanda şeir və nəsr nümunələrinə təsadüf olunmur. 1924-ci il iyun ayının 28-də SİK(b) P Mərkəzi Komitəsinin "Partiyanın ədəbiyyat sahəsindəki siyasətinə dair" adlı qətnaməsi sovet ədəbiyyatının əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Qətnamədə gənc proletar ədiblərindən yaşlı nəsilə mənsub olanlara ehtiyatla yanaşmaq, onları sosialist ədəbiyyatının yaranmasında səfərbər etmək tələb edilirdi. Eyni zamanda qətnamədə, yeni yetişən gənc nəsli daha cəsarətlə müdafiə etmək dövrün tələbi kimi qoyulurdu. Keçmişi gecəyə, sovet hakimiyyəti illərini günəşli gündüzə bənzətmək o dövrkü şeirdə ən geniş yayılmış metafora idi. Başqa görkəmli sovet sənətkarları ilə yanaşı, İrəvan şairlərinin çoxu da həmin mövzuda yazmağa meyl edirdilər. Məhz bu mövzu həm də yaxın keçmişdə bolşevik daşnaklarının Azərbaycan türklərinə qarşı etdiyi cinayəti örtbasdır etməyə, kommunist ideologiyasını safa çıxartmağa, ermənilərlə türklər arasında mövcud gərgin münasibətlərə qardaşlıq və beynəlmiləlçilik libası taxmağa imkan verirdi. İrəvanda türkdilli  poeziyanın inkişafına 1927-ci ildə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin nəzdində yaradılmış Türk bölməsinin yaranması da kömək etdi. Türk bölməsi İrəvanda yazıb-yaradan azərbaycanlı gənc ədəbiyyat həvəskarları arasında yaxından iş apararaq, onların yaradıcılığına istiqamət verir, köməklik gostərirdi. 1927-ci ildən başlayaraq Nəriman Fəxri, Abbas Tahir, Abbas Azəri, Əbülfət Rəhimov, Əşrəf Bayramov, Adil Axundov, Telman Nəzərli, Teymur Əhmədli, Yusif Rizayi, Əkbər Həsənov, Bəhlul Mamedov, Əbülfət İbrahim, Cəlal Sərdar, Əli Şahin, Əli Əliyev, İslam Süleymanov, Sona Bağırova, Foqiyə Kəngərli və başqaları İrəvanda Azərbaycan poeziyasının aparıcı qüvvələri idilər. İrəvan ədəbi mühitinin nümayəndələri faktik olaraq ikiqat əsarət - total sovet və lokal erməni təzyiqi altında yazıb yaratmağa məcbur idilər.

1927-ci ildə Ermənistan Şura Yazıçıları Cəmiyyətinin nəzdində yaradılmış azərbaycanlı yazarlar bölməsinin fəaliyyəti 1945-ci ildə EK (b) P MK tərəfindən dayandırılmışdır. Azərbaycanlı ziyalıların mərkəzə etdikləri kəskin müraciətlərdən sonra 1946-cı ildə yenidən bərpa edilmişdir.

   Erməni şovinizminin arasıkəsilməz təzyiqlərinə baxmayaraq, İrəvanda Azərbaycan ədəbi - mədəni həyatı öz məcrasında inkişaf edərək, ədəbiyyatımız rəngarəng yüksək bədii səviyyəyə malik əsərlərlə zənginləşirdi.

   - Qərbi Azərbaycanda erməni şovinizmi əhatəsində milli teatr məktəbi necə yarandı və erməni vandallarının Azərbaycan mədəniyyətinə vurduğu zərbələr onu nə dərəcədə məhv edə bildi?

- Bu il teatr sənətimizin inkişafında mühüm yer tutan, teatr tariximizə parlaq səhifələr yazan İrəvan Azərbaycan teatrının yaranmasının 140 ili tamam olur.

Məlumdur ki, ermənilərin müxtəlif dövrlərdə Ermənistanda yaşayan azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, total qırğınlar İrəvanda Azərbaycan mədəni həyatına da ağır zərbə vurmuşdur. Soydaşlarımızın yaşadığı faciələr, müsibətlər bu sənət ocağının taleyindən də yan keçməmişdir. Bütün bunlara baxmayaraq, tariximizin müxtəlif dönəmlərində erməni vandalizminin və şovinizminin qurbanına çevrilən, köçkünlük, didərginlik həyatı yaşayan bu sənət məbədi hər dəfə müəyyən müddətdən sonra öz doğma İrəvan şəhərinə qayıdıb fəaliyyətini yenidən bərpa edib. 

Erməni şovinizminin tarixin səhnəsindən silməyə və sıxışdırıb çıxarmağa çalışdığı bu sənət ocağı 1967-ci ilin yanvar ayında yenidən bərpa  edilərək öz üçüncü həyatını yaşamağa başlayır. 1968-ci ilin iyun ayında 23 yaşlı gənc Hidayət bu sənət ocağına direktor təyin edilir.

Əslində teatr sənətinə dərindən bələd olmayan gənc bir adamın bu sənət ocağına direktor təyin edilməsinin pərdəsi arxasında bir erməni məkri gizlənirdi. Çünki onlar sosial-siyasi həyatın bütün sahələrində azərbaycanlılara qarşı öz çirkin məqsədlərini “bolşevizim ideyalarının” tələbləri baxımından açıq şəkildə həyata keçirə bilmədiklərindən, özlərinin anti-türk siyasətini bolşevik maskası altında daha incə metodlarla həyata keçirirdilər. Burada Ermənistanın şovinist hakim dairələrinin əsas məkrli məqsədlərindən biri gələcəkdə teatrın rəhbərliyinin “səriştəsiz”liyini bəhanə gətirərək, sonra isə teatrın bağlanmasına  zəmin yaratmaqdan  ibarət idi. Amma Hidayətin fəaliyyəti, istedadı, milli və siyasi iradəsi erməni şovinist dairələrinin bu məkrli planlarını gerçəkləşdirməyə imkan vermədi. Düşmənin çirkin niyyətinin və mənfur siyasətinin ifşasının istər bədii, istərsə də siyasi ifadəsini Hidayətin bu sənət məbədinin tarixindəki şərəfli xidmətləri də təsdiq edir.  O bütün var qüvvəsi və fədəkar fəaliyyəti ilə erməni şovnizmi əhatəsində milli teatr məktəbini yaratdı.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Ermənistanın hakim şovinist dairələri 1968-ci ildə yenicə bərpa olunmuş İrəvanda Azərbaycan  Dram Teatrını mərkəzdən, İrəvan şəhərindən uzaqlaşdırmaq üçün Zəngibasar rayonunun mədəniyyət evinə köçürmək isyəyirdilər. Teatrı  əlverişli şəraiti olmayan kiçik bir mədəniyyət evinə köçürməkdə ermənilərin əsas məqsədlərindən biri onu əvvəlcə 1948-ci ildəki kimi rayon teatrına çevirmək, sonra isə bu sənət ocağının bağlanmasına zəmin yaratmaqdan ibarət idi. Erməni millətçiliyi ideologiyasından çıxış edən Ermənistan rəhbərliyi həmişə açıq  yaxud da gizli şəkildə İrəvan Azərbaycan Dram Teatrının təşəkkülünə daim mane olmağa çalışmışdır. Amma Hidayətin milli və siyasi iradəsi, qətiyyəti sayəsində teatr  İrəvanda öz fəaliyyətini uğurla davam etdirdi.

Yenidən bərpa edilən İrəvan Azərbaycan Dram Teatrı öz varlığının üçüncü dövründə çox mürəkkəb problemlərlə üz-üzə gəlməsinə baxmayaraq, Hidayətin yorulmaz zəhməti sayəsində yeni bir inkişaf mərhələsinə qədəm qoydu. İrəvanda mövcud olan teatrlar içərisində öz dəst-xəttilə seçilən bir teatra çevrildi.

Bütün bu çətinliklərə, problemlərə baxmayaraq, teatr ağır bir şəraitdə, qısa zaman ərzində öz yaradıcılıq imkanlarını daha da genişləndirərək peşəkar kollektiv səviyyəsinə yüksələ bilmişdi.

1970-ci illərdə teatr Qərbi Azərbaycanda azərbancanlılar yaşayan bütün bölgələrə - Zəngibasar, Amasiya, Vedibasar, Basarkeçər, Allahverdi, Dilican və s. rayonlara, o cümlədən, azərbaycanlı məktəblərinə qastrollara gedərək, tamaşalar göstərirdilər. Hidayətin rəhbərlik etdiyi bu mütəşəkkil və peşəkar kollektiv yeri gəldikcə çox zəngin və rəngarəng repertuarları ilə qastrol səfərlərinin coğrafiyasını daha da genişləndirərək Bakıya, Naxçıvana, Tiflisə, Borçalıya və azərbaycanlılar yaşayan digər bölgələrə də gedirdi. İrəvan Azərbaycan Teatrının tarixində ilk dəfə idi ki, bu sənət ocağı Ermənistanın hüdudlarından kənara qastrol səfərlərinə çıxırdı. Bu baxımdan 1978-ci ilin noyabr ayında İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakı qastrolu bu sənət ocağının tarixinə ən uğurlu və dərin mənalı bir səhifə yazmışdır.

Teatrın Cənubi Qafqazda azərbaycanlılar yaşayan bölgələrə qastrol səfərləri bir tərəfdən incəsənət əlaqələrinin genişlənməsinə xidmət edirdisə, siyasi və milli məfkurə baxımından isə soydaşlarımızı bir-birinə yaxınlaşdırmaq, birinin ədəbi-mədəni nailiyyətləri ilə digərini tanış etmək, milli ədəbi-mədəni əlaqələri möhkəmləndirmək, milli mənəvi düşüncənin formalaşması kimi də xarakterizə etmək olar.

Əlbəttə ki, teatrın canlanması Azərbaycanın təcrübəli, peşəkar teatrları və görkəmli incəsənət xadimləri ilə sıx yaradıcılıq əlaqəsi qurması “Ermənistan”ın daşnak rəhbərliyini qıcıqlandırmaya bilməzdi. Erməni şovinistləri teatrın nüfuzunun artmasını, nümunəvi və peşəkar teatr səviyyəsinə yüksəlməsini istəmirdilər. Bu sənət ocağı nəinki Cənubi Qafqazda, keçmiş İttifaq miqyasında fəaliyyət göstərən teatrlar içərisində öz  şöhrətini və yerini qazana bilmişdi.

1988-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı həyatında dördüncü dəfə didərginlik taleyini yaşamağa məcbur oldu. Öz  doğma şəhəri İrəvandan didərgin düşmüş teatrı Bakıda doğma övladı kimi qarşılayıb ilk qucaq açan, vaxtilə bu sənət ocağının direktoru işləmiş Hidayət oldu.  Bu il şərəfli tarixi yol keçmiş İrəvan Azərbaycan teatrının böyük qürur və fərəh doğuran 140 illik yubileyindən Hidayətin də ömrünə pay düşür.

- Qərbi Azərbaycanın hansı diyarındansınız, o yerləri necə xatırlayırsınız?

- Mən 1972-ci ildə qədim İrəvan şəhərinin yaxınlığındakı Zəngibasar rayonunda anadan olmuşam. Uşaqlıq,  orta məktəb illərim doğma Nizami kəndində keçib.

Biz 1988-ci ilə hadisələri ilə əlaqədar olaraq məcburən yurdumuzu tərk edib  Bakı şəhərində məskunlaşıq. İllər keçib, amma orada keçirdiyim illər mənim həyatımın ən yadda qalan silinməz səhifələri kimi yaddaşıma həkk olunub. Məktəb illərimdə mənə dərs deyən müəllimlərimin hamısı bu gün də xatirimdədir. Məktəbimizə doğru gedən o yolları, cığırları hər gün  yadıma salıram.

Uşaq olsam da, mənim də həyatıma qaçqınlıq, öz evindən didərgin düşmək kimi bir ağrılı tarix yazıldı. Nənələrimiz, babalarımız, bizdən yaşlı nəsl, həmişə ermənilərin azərbaycanlılara qarı çox  amansız olmasından danışırdı. Böyüklərimiz bizə bundan əvvəllər baş vermiş dəhşətli qaçaqaçlardan, Araz çayından keçərkən insanlarımızın o sulara necə qərq olmasndan, ermənilərin azərbaycanlılara qarşı hansı vəhşiliklər törətməsindən, günahsız uşaqları, qadınları necə qətlə yetirdiklərini, kəndlərimizi necə yandırdıqlarını ağrı-açı ilə danışardılar. Deyirdilər ki, türklər erməniyə həmişə murdar kimi baxıb.

Hətta İrəvanda yağış yağanda ermənilər qorxusundan küçə çıxmırmış ki, birdən ayağının altından çıxan su türkün üstünə sıçrayıb onu murdarlayar. Biz ermənilərin azərbaycanlılara qarşı olan qəddar davranışını unuda bilmərik.

Mən orta məktəbdə oxuyurdum. Gəncədə oxuyan qardaşım kəndə gəlmişdi. O deyirdi ki, Çaykənddə, Ağdamda erməni-müsəlman toqquşmaları olub. Çaykəndə ermənilər iki azərbaycanlını qətlə yetirmişdi. Onlardan biri vaxtilə kəndimizdən  Gəncəyə köçən Bəxtiyar idi. Ermənilər Bəxtiyarı 150 -lik mismarla o vaxt şam ağacından olan elektrik dirəyinə mıxlamışdılar.

Ermənilərin cinayət törədib, sonra onu azərbaycanlıların boynuna atması köhnə adətləridir. O vaxt Sumqayıtda törətdikləri cinayətləri də bizizm üzərimizə atmağa çalışdılar. Bu gün də erməni məkirinin  qurbanına çevrilmiş azərbaycanlıların taleyini oxuduqca, onların həyatının müsibətləri ilə yaxından tanış olduqca adamı dəhşətli bir his bürüyür. Ermənilər hara ayaq basıbsa, orda qan-qada olub, haqq-ədalət olmayıb. Ermənilər Cənubi Qafqaza köçürüləndən sonra Azərbaycan xalqımın əminəmanlığı pozulub.  Bu gün də həmin niyyətlərindən əl çəkməyiblər. Amma bu niyyətləri öz başlarında çatlayacaq.