Tarixi torpaqlarımıza qayıdışın yeni mərhələsi BAŞLADI

22:46 09.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Hadisələr dinamik inkişaf edir. Biz sadəcə mövcud reallığa əsasən Zəngəzura doğru addımlayırıq. Müharibə, qarşıdurma təhlükəsi bəli var, amma düşünmürəm ki, bu görüş və müzakirə olunan məsələlər Qərbi Zəngəzurun - hazırda Ermənistan sərhədləri daxilində qalan ərazilərimizə dönüşümüzü məhdudlaşdırır. Nə o imzalanan sənədlər Quran ayəsi, nə də ABŞ Allah deyil. Yəni hər zaman daha mühüm dəyişikliklər ola bilər.

Əsas, hədəfin seçilməsi və ona doğru irəliləməkdir. Əsas, Ermənistanın indiki mərhələdə öz konstitusiyasında ərazi iddiası ilə bağlı maddəni silməsi, sülh müaqviləsi şərtlərini qəbul etməsidir. Əslində Ermənistana güvənmək olmaz. Amma Azərbaycan böyük güclərin daxil olduğu oyunda öz gedişini "qasırğaya" tuş gəlməmək üçün ölçüb-biçərək atmalıdır. Ona görə də indiki mərhələdə ABŞ-ın vasitəçiliyi ilə o əllər sıxılmalı idi. Bu mərhələdə Azərbaycanın tələbləri üzərindən əldə olunan hər hansı addım növbəti addım üçün açardır, uğurdur. Və biz hələ ki, 1988-1992-2020-ci ilə qədər olan boşluğu doldururuq. Hələ 1918-20-ci ildə baş verən tarixi itkilərimizlə bağlı daşları öz yerinə oturtmaq üçün imkan olacaq.

Bunun üçün hələ ki, Zəngəzur dəhlizini açmalıyıq. Və tarixi torpağımıza qayıdışa doğru irəliləmək. Bu, sadə məsələ deyil. Tarixi şərait yetişməlidir. Ona görə Zəngəzur dəhlizi adı nə olursa olsun, bizim üçün vətənə körpüdür. Bu körpüdə böyük güclərin nəzarəti, hədələri, təhlükələr var, olacaq. Mat etmək üçün yaxşı, güclü oyunçu olmağı bacarmalıyıq.

Yasəmən xanım Qəyyumlu deyir ki, çıxaq küçələrə etiraz edək. Nəyə? 100 ildir səndə olmayan, əlindən alınan yurdunun geriyə alınması üçünmü? Yaxşı, 100 il niyə bunu etmədik? Gözlədik. Geosiyasi proses və şərtlər bu tələbə uyğun idimi? Təbii ki, deyildi. Bəs 30 illik işğal tarixini necə geridə qoyduq. Hansı təsir, təzyiqlərlə üzləşdık. Həmin o ABŞ 907-ci düzəlişi ölkəmizə qarşı niyə qəbul etdi, indi də guya bizə hədiyyə edirmiş kimi ləğv edir.

Başqa dövlətin xəritəsinə qatılmış torpaqlarımızı küçələrə çıxmaqla geriyə almaq mümkün idisə niyə etmədik? Çünki zaman başqadır. Diplomatik səbr və qətiyyətlə irəliləmək. Üzümüz Qərbi Azərbaycana, Qərbin də üzü Şərqədir. Bir yolumuz var, daha da güclənmək! Güclənmək, güclənmək! BÖYÜK QAYIDIŞIMIZ üçün tarixi şəraiti yetişdirmək mümkündür.