TƏBİB-də ÜST-nin nümayəndə heyəti ilə görüş keçirilib

11:17 20.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Hafta.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, keçirilən görüşdə ÜST-nin Səhiyyə işçi qüvvəsi şöbəsinin müdiri Tomas Zapata, səhiyyə siyasətinin inkişafı üzrə mütəxəssis Emilia Aragón de León, Avropa İlkin Səhiyyə Mərkəzinin baş məsləhətçisi Toni Dedeu, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramin Ağayev və başqa məsul şəxslər iştirak edib.

ÜST-nin Qiymətləndirmə Missiyasının əsas məqsədi Azərbaycanda tibb işçilərinin inkişafı, ölkənin səhiyyə sisteminin dayanıqlılığının artırılması, ilkin səhiyyə xidməti sahəsində uğurlu planlaşdırmanın təmini, xəstəxana sisteminin effektiv idarəedilməsi, tibbi tədrisin tətbiq edilməsi, eləcə də kadrlar şöbələrinin fəaliyyətlərinin gücləndirilməsindən və digər məsələlərdən ibarətdir.

Görüşdə səhiyyədə insan resursları (SİR) üzrə qısa, orta və uzunmüddətli fəaliyyət, ilkin səhiyyə xidməti (İSX) üzrə Şamaxı pilot layihəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də gələcək planlaşdırma üçün tövsiyələr, reabilitasiya və köməkçi texnologiyalar da daxil olmaqla xəstəxana xidmətlərinin göstərilməsi, keyfiyyətin yüksəldilməsi kimi mövzular müzakirə olunub.

Müzakirə mövzularından biri də tibb müəssisələrində fəaliyyət göstərən tibb bacılarının bilik səviyyələrinin artırılması olub. Bu məqsədlə onların intensiv olaraq tədris və təlimlərə cəlb olunması nəzərdə tutulub.

Sonda tabeli tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması ilə bağlı qurumlararası əməkdaşlıq və bu istiqamətdə atılacaq addımlar müzakirə olunub.