Cinsi orqanı olmayan 15 həftəlik pişik balası İngiltərədəki xeyriyyə təşkilatında ona qulluq edən mütəxəssisləri təəccübləndirib.
Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, əvvəlcə dişi olduğu düşünülən Hope adlı bala pişik Pişiklərin Mühafizəsi xeyriyyə təşkilatına yenicə qəbul edilib. Onun ətraflı müayinəsi nəticəsində məlum olub ki, əslində cinsiyyət orqanı yoxdur və bu hal qeyri-adi kimi şərh edilib.
"Biz cinsiyyət orqanlarını tapmaq üçün prosedur etdik, lakin içəridə və ya çöldə heç bir şey görünmədi", - deyib qurumun böyük sahə baytarı Fiona Brockbank.
Komanda pişik balasının normal inkişaf edib-etmədiyini və ya rahat şəkildə sidiyə və nəcisə gedə bilib-bilməyəcəyini öyrənmək üçün diqqəti artırıblar. Hazırda heç bir problem müəyyən edilməsə də, bunun gələcəkdə pişiyə necə təsir edəcəyi məlum deyil. "Bu, o qədər nadirdir ki, onu təsvir etmək üçün ümumi istifadə olunan termin yoxdur", - deyib Brockbank.
Bala pişiyə baxım qrupunun əməkdaşı himayəyə götürərək evə apardığı pişiyin adını dəyişdirərək Fasulye qoyub.