“Təəssüf ki, ölkələrimiz arasında birbaşa uçuş yoxdur...” - TAİLAND SƏFİRİ

10:56 05.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyada öz ecazkar gözəlliyi ilə ad çıxarmış, qədim tarixə, əsrarəngiz təbiətə, ən başlıcası, istiqanlı, mehriban insanları ilə tanınan bir ölkə var – Tailand Krallığı. Bu ölkədə heç vaxt olmamışam, amma haqqında eşitdiklərim bir kitaba sığmaz. Bu ölkə Azərbaycanla çox yaxşı əlaqələrə malikdir, ticarətimiz, gediş-gəlişimiz var, yeri düşəndə bir-birlərinə ikitərəfli və beynəlxalq müstəvidə dəstək də verirlər. Əlaqələrimizin genişlənməsi yolunda bir sıra çatışmazlıq da az deyil. Məsələn, birbaşa hava yolunun olmaması, viza məsələsinin qalması və sair.

Tailand Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Apirat Sugondhabhirom Hafta.az-a eksklüziv müsahibəsində ölkələrimiz və xalqlarımız arasında əlaqələrin yaxın gələcəkdə daha da inkişaf edəcəyinə, bu əlaqələrə əngəl törədən bəzi çatışmazlıqların aradan qalxacağına tam əmindir. O, özü də səfir olaraq, əlaqələri irəli aparmaq üçün çalışır. Bu yaxınlarda Tailandda keçirilmiş seçkidən sonra qurulmaqda olan hökumətin tam tərkibdə fəaliyyətə başlamasının bütün ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin inkişafında yeni üfüqlər açacağına inanır.  

– Tailandda ümumi seçkilər may ayının 14-də keçirildi. Avropa İttifaqından və digər beynəlxalq təşkilatlardan və ayrı-ayrı ölkələrdən gələn müşahidəçilərin fikrincə, seçki prosesi sakit və nizamlı – heç bir qanun pozuntusu olmadan baş tutub. Həm də budəfəki seçkidə seçicilərin yüksək fəallığı diqqət çəkib. Səsvermə hüququ olan tailandlıların 75,71 faizi səsvermədə iştirak edib. Bu da Tailand xalqının demokratiyaya güclü bağlılığını bir daha təsdiqləyir. Tailandın yeni hökumətinin qurulmasına qədər hələ də bəzi konstitusiya prosedurlarına əməl edilməlidir. Proses irəliləyir – iyunun 19-da Tailand Seçki Komissiyası seçkilərin nəticələrini rəsmən elan edib və yeni seçilmiş deputatların qeydiyyatına başlanılıb. Milli Məclisin ilk sessiyasının iyulun 3-də işə başlaması planlaşdırılır. Gözlənilir ki, Tailandın yeni hökuməti iyulda və ya avqustun əvvəlində öz məsuliyyətini tam şəkildə üzərinə götürəcək.

– Sizcə, yeni hökumətin ölkə daxilində və xaricdə əsas hədəfləri nə olacaq?

– İnanıram ki, Nazirlər Kabinetinin üzvlərindən kimin Baş Nazir seçiləcəyindən asılı olmayaraq, ümumilikdə, ölkəmizin xarici siyasət istiqaməti Tailandın dünya ilə konstruktiv əlaqələri davam etdirəcəyi, açıq və şəffaf olacağı mənasında çox dəyişməyəcək. Xüsusən də iqtisadi və ticarət məsələlərində liberal, xarici dostları qarşılıqlı faydalı əməkdaşlıqda qəbul etmək, sülhsevər olmaq və beynəlxalq birliyin məsuliyyətli üzvü kimi çıxış etmək, çoxtərəfliliyə inanmaq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq qanunlara və normalara uyğun siyasət yürüdəcək.

- Tailandla Azərbaycan arasında yaxşı siyasi əlaqələr var. Tailandın hər zaman Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini də xalqımız heç vaxt unutmayacaq...

- Tailand və Azərbaycan diplomatik münasibətlər qurulan 1992-ci ildən bu yana 30 ildən artıqdır, hər zaman yaxşı siyasi əlaqələrə malik olublar. Qeyd etdiyim kimi, Tailand BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərə, o cümlədən dövlətin qanunlarına hörmətlə yanaşır, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenlik və ərazi inteqrasiyası, habelə müvafiq beynəlxalq qanunlara uyğun olaraq mübahisələrin diplomatik vasitələrlə sülh yolu ilə həllini dəstəkləyir.

– Hökumət dəyişikliyinin ikitərəfli əlaqələrimizə töhfəsi nə olacaq? Yeni hökumətdən Tailand-Azərbaycan əlaqələrini inkişaf etdirmək üçün hansı addımları atmasını istərdiniz?

– Hazırda formalaşmaqda olan Tailandın yeni hökumətinin nə edəcəyini söyləmək çox tez olardı. Tailandın Azərbaycandakı Səfiri kimi, dostluq münasibətlərimizi daha da inkişaf etdirmək üçün əlimdən gələni edəcəyəm. İndiki sağlam təməl üzərində qurulmuş dostluq münasibətlərimizi daha da dərinləşdirmək üçün yeni gələn Tailand Hökumətinə dostluğumuzu və əməkdaşlığımızı irəliyə aparmağın mümkün yollarını dəyərləndirmələri üçün layihələr də təqdim edəcəyəm. Ümid edirəm, Tailandda və Azərbaycanda müxtəlif sektorları, o cümlədən hökumət sektorlarını, Tailand Milli Assambleyasının yeni sessiyası çağırıldıqdan sonra, parlamentlərimizi və biznes icmalarımızı yaxınlaşdıra biləcəyəm. Mən, həmçinin xalqlarımız arasında təmasları və anlaşmanı təşviq etmək üçün səy göstərəcəyəm.

– Ölkələrimiz arasında iqtisadi münasibətlər arzuolunan səviyyədədir. Qəribədir ki, 2012 və 2013-cü illərdə Tailand-Azərbaycan iqtisadi əlaqələrinin ən yaxşı dövrü olub. 2013-cü ildə ikitərəfli ticarətin həcmi 1,7 milyard dollara yüksəlib. Sonradan bu rəqəm nədənsə sürətlə azalıb və 2021-ci ildə cəmi 191 milyon dollar həddinə enib. Səbəb nədir?

– Azərbaycanın Tailanda ixrac etdiyi əsas əmtəə neft və qazdır. SOCAR-ın bizim dövlətə məxsus “PTT Public Company Limited” şirkəti ilə çox yaxşı əlaqələri var. Ticarət statistikamıza görə, 2012-ci ildə Tailand Azərbaycandan 1 milyard 237 milyon dollar dəyərində neft idxal edib və 2013-cü ildə Azərbaycandan alınan neftin həcmi 1 milyard 926 milyon dollar həcminə yüksəlib. Sonrakı illərdə bu müstəvidə azalma nəzərə çarpıb. Məsələn, 2015-ci ilin statistikası 375 milyon dollar idisə, 2016, 2017, 2018 və 2019-cu illərdə bu rəqəmlər hər il 300 milyon dollardan aşağı seyr edib. 2020 və 2021-ci illərdə Tailanda neft ixracımız müvafiq olaraq, 157 milyon dollar və 151 milyon dollar həcmində olub. Pandemiyanın aradan qalxması ilə ticarətin həcmində də yüksəlmə nəzərə çarpmaqdadır. Məsələn, ötən il – 2022-ci ildə ən son rəqəm 471 milyon dollar qeydə alınıb. Beləliklə, bu, həqiqətən də ikitərəfli ticarət həcminə təsir edə biləcək mühüm amillərdən biridir.

Ölkələrimiz aramızda ticarəti edilən neft və təbii qazın miqdarı ildən-ilə dəyişə bilər və bu, istənilən vaxt tələb və təklifdən asılıdır. Son zamanlar Tailand tərəfinin yenidən Azərbaycandan neft və qaz ticarətinin həcmini artırdığı hiss olunmaqdadır. COVID-19 pandemiyası 2019-2021-ci illər ərzində neft və qaza olan tələbatın azalmasının arxasında duran amillərdən biridir. Bununla belə, aramızda alınıb-satıla biləcək digər mümkün məhsullara da baxmalıyıq.

– Yeri gəlmişkən, yuxarıda qeyd etdiyiniz kimi, Azərbaycan deyərkən ilk ağla neft və qaz gəlir.  Azərbaycanda hər bir ölkənin bazarına çıxarılacaq çoxçeşidli məhsullar mövcuddur. Buna baxmayaraq, sizcə, niyə ticarətimizin həcmini artıra bilmirik?

– İkitərəfli ticarətimiz üçün problemlərdən biri nəqliyyat məsələsidir. Nəqliyyat xərcləri hələ də kifayət qədər yüksəkdir. Bu səbəbdən mən Mərkəzi Asiya və Qafqazdan keçməklə Asiya ilə Avropa arasında infrastruktur və əlaqə əlaqələrinin inkişafını böyük maraqla izləyirəm. Çox istərdim ki, Bakı ilə Banqok arasında birbaşa uçuşlar olsun, bu, reallaşarsa, ölkələrimiz arasında daha çox ticarətə töhfə verəcək. Digər çətinlik ondan ibarətdir ki, biznes sektorumuz hələ də bir-biri haqqında çox şeyi bilmir. Ümidvaram ki, Tailandın Ticarət Şurası ilə Azərbaycan Ticarət Palatasının 2002-ci ildə imzaladığı əməkdaşlığa dair Protokol əsasında Tailand və Azərbaycan iş adamları arasında daha çox işgüzar əlaqələri inkişaf etdirəcəyəm. Bura işgüzar görüşlər, qarşılıqlı səfərlər, tərəflərin ticarət yarmarkalarında iştirakı və sair daxildir.

– Bilirsiniz ki, Azərbaycan tropik meyvə və tərəvəzləri xaricdən alır. Bu baxımdan Tailandın yaxşı imkanları var. Üstəlik, Tailand Azərbaycan bazarına dərman və tibbi avadanlıq, kənd təsərrüfatı və dəniz məhsulları çıxara bilər...

– Neft və qazdan başqa, maşın, elektrik cihazları, pambıq, faraş meyvə, eləcə də emal olunmuş meyvələr, hər cür ərzaq, o cümlədən halal qida məhsulları, metal və metal qırıntıları, digər çox çeşiddə malların ixracı və idxalı imkanlarını araşdırmalıyıq. Şadam ki, bu məhsulların bəziləri artıq ölkələrimiz arasında ticarətə daxildir.

– Yuxarıda da qeyd etdiyim kimi, Tailand hər zaman Qarabağ məsələsində Azərbaycanı müdafiə edib. Bu gün isə artıq Qarabağ torpaqları azad olunub. Siz və ya səfirliyin müşavirləri azad olunmuş həmin bölgələrimizə səfər etdinizmi?

– Tailandın Azərbaycandakı yeni səfiri kimi mən indiyədək ölkənizə cəmi iki dəfə səfər etmişəm, amma hələ ki, Qarabağ ərazisinə getməmişəm. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün ötən ilin avqustunda paytaxt Bakıda, bu ilin mayında isə Naxçıvanda olmuşam. Qarabağla bağlı hadisələri, o cümlədən Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarını böyük maraqla izləmişəm və ümid edirəm ki, gələcəkdə bir neçə günlük Qarabağa səfər edə biləcəyəm.

– Tailand Krallığı dünyanın ən ecazkar turizm ölkələrindəndir. Azərbaycan da turizm sektorunu inkişaf etdirməyə çalışır. Bu sahədə ölkələrimiz əməkdaşlıq edirmi? Tailand Azərbaycan turizmini canlandırmaq üçün nə təklif edə bilər?

– Tailandın gözəlliyi haqqında xoş sözlərinizə görə təşəkkür edirəm. Həqiqətən də turizm sənayesindəki uğurlarımız bir neçə onilliklər ərzində qürurumuz olub və  öz təcrübəmizi dost ölkələrlə bölüşməkdən məmnun qalacağıq. 25 avqust 2022-ci ildə etimadnaməmi Prezident İlham Əliyevə təqdim edəndə, cənab Prezident özü də turizm sahəsində mümkün əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Ona söz verdim ki, bu məsələdə əməkdaşlığımızın yollarını və vasitələrini araşdıracağıq. Hər il Tailand Xarici İşlər Nazirliyi yanında Tailand Beynəlxalq Əməkdaşlıq Agentliyi və ya TİCA müxtəlif sahələrdə, o cümlədən turizm sektorunda Tailandda bəzi təqaüdlər və təlim kursları təklif edir. Ölkələrimizin turizm sektoruna və turizmin təşviqinə cavabdeh olan agentlikləri arasında əlaqələr qurmağa cəhd edə bilərik.

– Siyasi, iqtisadi, turizm – bütün sahələrdə inkişafa stimul verən bir həqiqət ölkələr arasında insanların gediş-gəlişidir. Azərbaycanla Tailand arasında birbaşa hava yolunun olmamasını nəzərə alaraq, illik gediş-gəliş nə qədərdir?

– İnsanlar arasında əlaqələr istənilən beynəlxalq münasibətlər və əməkdaşlıq üçün mühüm təməldir. 2000-ci ilin avqust ayından etibarən biz Hava Xidməti Müqaviləsi layihəsini paraflasaq da, hazırda ölkələrimiz arasında birbaşa uçuş yoxdur. Mümkün tranzit məntəqələri hazırda Türkiyənin İstanbul Hava Limanı və ya Yaxın Şərqdəki bəzi hava limanlarıdır. Statistik məlumatlarımıza görə, COVID-19-dan əvvəl 2019-cu ildə Tailanda 2 minə yaxın azərbaycanlı turist gedib, amma sonradan bu say bir qədər azalıb. Məsələn, 2020-ci ildə cəmi 438 turist Tailandı ziyarət edib. Ümid edirəm, pandemiya tam aradan qalxdıqdan sonra bu rəqəm yenidən artacaq. Mən şəxsən razıyam ki, Banqokla Bakı arasında birbaşa aviareys təkcə insanların gediş-gəlişinə deyil, həm də ölkələrimiz arasında məhsulların daşınmasına kömək edəcək.

– Səfərlərin artmasına viza məsələsi də problem yaradır...

– Hazırda azərbaycanlı dostlarımız üçün Tailanda səfər etmək bizim viza qaydalarına görə o qədər də əlverişli deyil. Onlar Ankaradakı Tailand Səfirliyi vasitəsilə viza üçün müraciət etməlidirlər. Mən Tailandın aidiyyəti orqanlarından Azərbaycan pasportu sahiblərinin Banqok hava limanlarında gəliş vizası üçün müraciət etməsinə icazə verilməsi imkanlarını nəzərdən keçirmələrini xahiş etmişəm. Tailandın Xarici İşlər Nazirliyi hazırda ərizəçilərin Tailand vizası üçün onlayn müraciət edə biləcəyi elektron viza sistemini inkişaf etdirir. Bu yeni sistem tətbiq olunduqdan sonra, ümid edirəm, azərbaycanlıların Tailanda səfəri daha asan olacaq. Hesab edirəm, turist mübadiləsi ilə yanaşı, mədəniyyət, təhsil, idman və gənclərlə iş sahələrində də daha çox əməkdaşlığı nəzərdən keçirməliyik. Mədəni əməkdaşlıq haqqında hələ də Tailand tərəfinin nəzərdən keçirəcəyi gözlənilən bir layihə var və mən onun Tailandın yeni hökuməti tam formalaşdıqdan sonra tezliklə imzalanacağına ümid edirəm.

– Eşitmisiniz, azad edilmiş ərazilərimiz vaxtilə Ermənistan işğalçıları tərəfindən başdan-başa minalanıb. Minaların təmizlənməsi məsələsində Banqkok hökuməti Azərbaycana dəstək verə bilər?

– Tailandın səfiri kimi Banqoka ölkələrimiz arasında humanitar minalarla bağlı mümkün əməkdaşlıq təklif edə bilərəm. Tailand Minaların Qadağası və 1997-ci ildə imzalanmış Ottava konvensiyalarının iştirakçısı olan dövlətdir. 2003-cü ildə Banqokda Konvensiyaya üzv olan dövlətlərin V toplantısına ev sahibliyi edib. Həmçinin Tailand Minalardan Təmizləmə Mərkəzi (TMAC) fəaliyyət göstərir.  Azərbaycan hələ də Konvensiyaya üzv olmayıb, amma hesab edirəm, hər iki tərəfin aidiyyəti orqanlarının potensial əməkdaşlıq haqqında fikir mübadiləsi aparması mümkündür.

– Yüzminlərlə məcburi köçkünü evlərinə qaytarmaq üçün hazırda azad olunmuş torpaqlarda dost və qardaş ölkələrin dəstəyi ilə tikinti-quruculuq işləri gedir. Maraqlıdır, Tailand tərəfinə bu tikinti-quruculuq prosesində iştirak haqqında təklif edilib? Ümumiyyətlə, ölkənizin bu işdə iştirak etmək niyyəti var?

– Tailandlı inşaat şirkətləri daha əvvəllər də xarici ölkələrdə böyük layihələrin icrasında iştirak ediblər və edirlər. Biz bu xüsusi məsələni ötən ilin avqustunda Bakıya səfərim zamanı Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşdə müzakirə etdik. O, tailandlı inşaatçıları azad olunmuş torpaqlarda tikinti-quruculuq prosesinə dəvət etdi. Mən ona Azərbaycanın dəvətini Tailandın əlaqəli biznes sahələrinin nəzərinə çatdıracağımı, başqa ölkələrdən bəzi xarici şirkətlərin, eləcə də transmilli şirkətlərin artıq bu sahədə layihələrdə iştirak etdiyini nəzərə aldığımı bildirdim.

– Bu il ərzində Tailanddan Azərbaycana və ya əksinə, hər hansı yüksəksəviyyəli şəxslərin səfərləri nəzərdə tutulub?

– Bu il Tailandın turizm və idman naziri cənab Pipat Ratçakitprakarnın 26 iyun – 1 iyul tarixlərində bədən tərbiyəsi və idman üzrə məsul nazirlərin və yüksəkvəzifəli şəxslərin VII beynəlxalq konfransında (MİNEPS VII) iştirak etmək üçün Bakıya səfəri baş tutub. Özüm də 5-6 iyul tarixlərində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısında ölkəmi təmsil etmək üçün Bakıya gedəcəyəm...