İran Kəşfiyyatı SAVAMA və Daxili İşlər Nazirliyi Pakistan və Əfqanıstan sərhədindəki Bəlucistan əyalətində 11 polisin ölümü ilə nəticələnən hücuma görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb ediləcəyinə söz verib.
Hafta.az-ın yazdığına görə, separatçı “Ceyşul Adl” təşkilatı cümə günü səhər saatlarında Pakistan sərhədi yaxınlığındakı Rask qəsəbəsində polis məntəqəsinin hədəf alındığı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
İranın Kəşfiyyat naziri İsmayıl Hatib bildirib ki, təhlükəsizlik xidmətləri və onların üzvləri cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını öz vəzifələrindən biri hesab edirlər.
Daxili işlər naziri Əhməd Vahidi bildirib ki, Rask hücumunu törədənlərin izlənməsi prosesi ciddi şəkildə davam edir. Vahidi əyalət qubernatorları ilə keçirdiyi görüşdən zamanı “Yeni məlumat olarsa, insanlara bildirəcəyik. Bu qrup gecə vaxtından və bölgənin coğrafi şəraitindən istifadə edərək qonşu Pakistan sərhədindən gizli şəkildə İran ərazisinə daxil olub. Cinayətkarlar mütləq cəzalandırılacaqlar” deyib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefon danışığı aparıb. Hökümətə bağlı Mehr agentliyi xəbər verir ki, terror aktını pisləyən nazir Cilani İslamabadın terrorla mübarizədə Tehranla yaxından əməkdaşlıq etmək əzmini vurğulayıb.
Cilani deyib: “İslamabad bütün region ölkələri üçün sülh və təhlükəsizliyə təhlükə yaradan terrorizmlə mübarizə məqsədilə Tehranla sıx əməkdaşlıq etməyə ciddi şəkildə hazırdır”.
İran şənbə günü İsrailin xeyrinə casusluqda ittihamlanan şəxsin Bəlucistan əyalətinin mərkəzindəki Zahedan həbsxanasında edam edildiyini açıqlayıb. Həmin şəxsin kimliyi və ya həbs olunduğu tarix açıqlanmayıb. Təxminən bir ay əvvəl İran məhkəməsi üç bəluc müxalifi “Ceyşül Adl”a üzv olmaq və terror aktları törətməkdə ittihamlayaraq edam cəzasına məhkum etmişdi.
Bəlucistan keçən il Tehranda Mahsa Əminin ölümü ilə bağlı başlayan və bütün ölkəyə kürd əyalətlərindən yayılan etirazlardan sonra iğtişaşlara səhnə olub. Həmin vaxt Bəlucistanda etirazların intensivliyi bir polis rəisinin gənc qadına təcavüzdə ittiham olunması səbəbindən artıb. Ötən il etirazlarda həlak olan 500-dən çox insandan ən azı 130-u bəlucistanlıdır.
Hər cümə günü səssiz yürüşlər keçirən Zahedan sakinləri ötən il sentyabrın 30-da polis məntəqəsinə hücum edən və ən azı 93 nəfərin ölümünə səbəb olan nümayişçilərə atəş açanların məsuliyyətə cəlb olunmasını tələb edir.
Ölkənin ən kasıb əyaləti olan Bəlucistanda əhalinin əksəriyyətini bəluc sünniləri təşkil edir. Vilayətin əhalisi etnik və dini ayrı-seçkilik siyasətindən şikayətlənir.
Pakistan-İran sərhədi təhlükəsizlik qüvvələri ilə bəluc əleyhdarları arasında tez-tez toqquşmalara səhnə olur. Əfqanıstan sərhədində narkotik alveri ilə məşğul olan dəstələr fəaliyyət göstərir.