“Təhsil eksperti” müzakirəsi – kim haqlıdır?

15:10 21.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda “təhsil eksperti” statusunu Təhsil İnstitutu verə bilər. Bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzimov bildirib. Onun sözlərinə görə, buraya müəllim, baş müəllim, metodist və ya təhsil eksperti statusları aiddir. Həmçinin drektor qeyd edib ki, bu günə qədər “Təhsil İnstitutu olaraq heç kimə “təhsil eksperti” (Chartered Educator) statusu təqdim edilməyib. Lakin yaxın gələcəkdə proses başlaya bilər, hazırda xarici təcrübə öyrənilir.

Bəs görəsən müzakirə olunan dəyişiklik təhsil ekspertlərini qane edirmi? Bu qərar qəbul olunsa kimlər təhsil eksperti statusunu daşıya bilməyəcək?

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Süleymanov hafta.az-a açıqlamasında bildirdi ki, “təhsil eksperti” məsələsi daha əvvəldən müzakirə olunur. Burada ümumiyyətlə tək təhsildən söhbət getmir. Ekspert dedikdə, həmin sahədən məlumatlı olan şəxs nəzərdə tutulur. Mən özümü təhsil eksperti olaraq görmürəm:

“Sadəcə tez-tez mediada bu cür təqdim olunuram. 5 ilə yaxın orta məktəbdə, 20 ildən artıq isə universitetdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişəm. Hər zaman şagirdlərin, tələbələrin içində oluram. Bununla belə hansısa təhsillə bağlı mövzuya münasibət bildirən zaman araşdırma edib daha sonra danışıram. Bəzi təhsil ekspertləri var ki, hər mövzuya münasibət bildirirlər. Müsahibədən də aydın olur ki, şəxsin mövzu ilə əlaqədar elə də böyük bilgiləri yoxdur. Fikrimcə ekspert məsuliyyətli olmalıdır. Mən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspertiyəm. Orada ekspertin seçilmə prosesi, sahə üzrə kifayət qədər tədqiqat aparması, özünü tanıtdırması əsas götürülür. Düzdür, burada beynəlxalq səviyyəli ekspertin təyinindən söhbət gedir. Burada müvafiq sahədə təhsil də böyük rol oynayır. Çünki ekspert məsələ araşdırır, dissertasiya yazır, anketlər, analizlər hazırlayır”.

Ekspertin fikrincə bizdə özünü təhsil eksperti kimi təqdim edənlər bunu daha çox reklam xatirinə edir. Buna görə də mən Təhsil İnstitutunun rəhbəri Rüfət müəllimi bu məsələdə dəstəkləyirəm:

“Medianın və kütləvi informasiya vasitələrinin kimisə təhsil eksperti kimi təqdim etməsinə nəzarət isə mümkünsüz məsələdir. Media sərbəstdir. Fikrimcə, təhsil eksperti seçən zaman şəxslərin təhsilinə, tədqiqatlarına v s. baxılmalıdır. Bizdə bu sahədə kifayət qədər savadlı adamlar var. Asif Cahangirov, Şahlar Əsgərov, Etibar Əliyev kimi şəxslər öz təcrübələri, tədqiqatları və kitabları ilə təhsil sahəsində profesional ekspertlərdəndir”.

Növbəti müsahibimiz olan, təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu isə yeni müzakirələrə iradını bildirdi:

 "Təhsil eksperti" adının verilməsi hökumətin səlahiyyətində olsa, 1-ci mən orada yoxam, çünki bildiyim həqiqətləri söyləyirəm. Təhsil ekspertləri bu və ya digər yolla nazirlikdən yararlanırlar. Tənqid edəndə də təhsil nazirindən o yana keçmirlər. Onları  Təhsil Nazirliyi özündən asılı vəziyyətə salıb. Elə Təhsil Nazirliyi yanında İctimai şuranın tərkibinə baxsanız, bunu biləcəksiniz. Təhsil ekspertlərini media ilə müqayisə etmək olar. Qaldı adın verilməsinə, onu hansı parametrlərə istinad edib verəcəklər? Bu akt gerçəkləri söyləyən təhsil ekspertini susdurmaq məqsədi daşıyır - birbaşa mənə yönəlib. Deyə bilərsiniz: bax Etibar Əliyev naziri tənqid edir. Onun tənqidi də, tərifi də məqsədli və qərəzlidir”.