“Taliban”ın hakimiyyəti oturuşduqca Əfqanıstanda vəziyyət fərqli şəkil almağa başlayır. Dünənədək bazarlarda, əhalinin sıx toplaşdığı hər yerdə, toy şənliklərində, hətta dəfn mərasimlərinmdə belə bombalar partladan, silahlı hücumlar edib insanları qətlə yetirən “Taliban”ın etdikləri bu gün deyəsən öz başına gətirilir. Hava limanı ərazisində, ortalama 200-dən çox insanın ölümü ilə nəticələnən terror aktı oldu. Çox keçmədi ki, İŞİD baş verənlərin məsuliyyətini öz üzərinə götürdü.
Bu arada, İŞİD lap əvvəldən “Taliban”la rəqib idi və bunu Əfqanıstanda asayişin bərqarar olmasını istəməyən ölkələr və güclər çox yaxşı bilir. Odur ki, lazımi anda məhz İŞİD-i irəli verməklə Əfqanıstanın inkişafına mane olmağa çalışacaqlar. Bütün dünya bilir ki, zamanında “Taliban”ı Pakistan yaratdı və indinin özündə də bu təşkilata hocalıq edir. Deməli, taliblərin iqtidara gəlməsi Pakistanın Əfqanıstanda nüfuzunu qat-qat artıracaq. Pakistanla rəqib və hətta düşmən olan ölkələr də var və təbii ki, onların da “A”, “B” və sair vainatları var...

Bəli, Qərbin qurduğu hökumət devrildi və “Taliban” 20 illik aradan sonra dövlətin idarəetməsini ələ aldı. Aradan təxminən 10 gün keçməsinə rəğmən nələr dəyişdi Əfqanıstanda? Əfqanıstanlı siyasət uzmanı Əhməd Səidi Hafta.az-a deyir ki, paytaxt Kabildə və ümumiyyətlə, bütün Əfqanıstanda “Taliban”ın gəlişi daha çox qadınlara və gənclərə mənfi təsir göstərib.
“Təsəvvür edin, təhsilli gənclərin böyük hissəsi ölkədən getdi. Jurnalistlər də bu prosesdən zərər çəkiblər. İmkan tapmış əksər media nümayəndələri Əfqanıstanı tərk ediblər. Əvvəlki vaxtlarda, xüsusilə paytaxt Kabildə müasir qiyafətli, başlarına sadəcə şarf örtmüş qadınlar vardı, indi onları görmək mümkün deyil. Təsadüfən ola bilər bu cür qadınlara rast gəlinsin, amma onlar da maksimum qapalı geyinmiş formada, qorxa-qorxa çıxırlar küçəyə” deyən müsahibimiz bildirir ki, hazırda istər “Taliban”, istərsə də xarici ölkələr üçün ən vacib strateji yer olan hava limanında da vəziyyət sürətlə dəyişir. Onun sözlərinə görə, hazırda sözügedən məkana 80 faiz “Taliban” nəzarət edir. Çox güman ki, yaxın günlərdə hava limanına nəzarət tamamilə “Taliban”a keçəcək və bundan sonra oranın işlədilməsi səlahiyyəti Türkiyəyə veriləcək.
Əhməd Səidi deyir ki, indi ölkədə hökuməti təşkil etmək üçün işlər gedir. Amma hökumətin tam tərkibdə nə zaman elan ediləcəyinə dair hələ ki, konkret məlumat yoxdur. “İnsanlar qorxu içindədir, fürsət tapan hər kəs İran və Pakistan sərhədlərinə üz tutub ki, ölkədən çıxa bilsinlər. Çünki hava limanına giriş çətinləşdiyi üçün insanlar alternativ yollarla xaricə qaçmağa çalışırlar”, - deyir müsahibimiz.
Maraqlıdır, şəxsən mənə elə gəlir ki, hava limanı yaxınlığında törədilən partlayışın məqsədi sadəcə 200 insanı öldürmək deyil, yuxarıda qeyd etdiyim kimi, “Taliban”dan qisas almaq, onu rahatlıqla iqtidarda oturmağa qoymamaqdır. Müsahibimiz də oxşar mövqedədir. Onun sözlərinə görə, sözügedən partlayış nəticəsində ABŞ əsgərləri öldüyü kimi, “Taliban” silahlıları da həlak olub. Yəni hər ikisi eyni vəziyyətdədir. Üstəlik, ABŞ kimi “Taliban” da partlayışı qınayıb və sair. “Bu hücum həm ABŞ, həm də “Taliban” üzərində siyasi-psixoloji təzyiqlər yaradır”, - deyir cənab Səidi.
Bir neçə gün öncə məlumat yayılmışdı ki, bütün Əfqanıstan “Taliban”ın iqtidarını qəbul eləsə də, paytaxtdan o qədər də uzaq olmayan Pənçşir vilayətində əks cəbhə yaradılıb. Yəni Əhməd Məsudun liderliyi altında toplaşan özbək və tacik qüvvələri qatı şəriət qaydalarına boyun əymək istəmirlər. Amma son günlər heç səsləri eşidilmir, danışıqlar gedirmi, bəlkə təslim olublar – bilinmir.

“Pənçşirdə idarəetmə hələ ki, Şah Məsudun oğlu Əhməd Məsudun əlindədir. Onların mövqeyi belədir ki, geniş tərkibli hökumət qurulmalı, özləri də hökumətdə təmsil olunmalıdırlar. Yalnız bundan sonra bölgəni “Taliban”a təslim edə bilərlər. Amma onu da bir şərtlə ki, vilayətdəki Əhməd Məsuda tabe olan silahlı qüvvələr toxunulmaz qalacaq, üstəlik onların cəbbəxanalarına da əl vurulmayacaq”, - deyir Əhməd Səidi.
Taliblər deyirlər ki, artıq əhali mövcud şəraitə uyğunlaşır, sabitlik yaranır şəhərlərdə. Əgər doğrudan da belədirsə, niyə xarici ölkələr buradakı səfirliklərini bağlayaraq, diplomatlarını təhliyyə edirlər? Müsahibimiz deyir ki, son partlayışı nəzərə almasaq, bəli, həqiqətən də Kabildə və əyalətlərdə sakitlik bərqərar olunmaqdadır. “Kabildə onsuz da 4-5 ölkənin səfirliyi qalmışdı. Türkiyə də diplomatlarını aparmışdı hava limanına, ölkədən təhliyyə edəcəkdi, amma məndəki məlumat görə dünən səfir, konsul və sair diplomatlar yenidən öz səfirliklərinə qayıdıblar. Hesab edirəm ki, yaxın vaxtlarda bütün səfirliklər normal fəaliyyətlərini bərpa edə iləcəklər” deyən Əhməd Səidi Azərbaycan əsgərlərindən də söz açdı. Bildirdi ki, Azərbaycan əsgərləri bu neçə ildə Kabildə xidmət göstərib və artıq öz vətənlərinə geri dönüblər. Onlar Kabildə olduqları müddətdə humanitar işlər görüb, insani yardım göstəriblər. Ona görə də hörmətlə xatırlanacaqlar.