Azərbaycan Respublikasının Xocavənd rayonunun son iki il 5 aydır birbaşa Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin nəzarətində olmaqla 32-ci ildir işğalçı və separatçı ermənilərin işğalında qalan rayon mərkəzinin girişində vurulmuş terrorçu Monte Melkonyanın şəkli olan plakat bir neçə gün öncə cırıqlanıb.
Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri məlumat yayıb.
Erməni qəzetinin yazdığına görə, Xocavənd şəhərinin qondarma “bələdiyyəsi” bununla bağlı verdiyi izahatda bunu “reklam panosunun idarə edilməsi hüququna malik “Zebra” reklam agentliyinin müştərinin tələbindən asılı olaraq reklamın məzmununu mütəmadi olaraq dəyişdirməsi” zərurəti ilə izah edib.
Həmin agentliyə “Monte Melkonyanın şəklinin əks olunduğu reklam afişasının cırılmış və uyğun olmayan görünüşü ilə bağlı xəbərdarlıq edilib”. Nəticədə “agentlik onu dəyişdirərək öz istəyinə uyğun olaraq məşhur erməni dirijor Ohan Duryanın obrazı ilə əvəz edib”- məlumatda belə deyilir.
Xatırladaq ki, əli Qarabağda, o cümlədən Xocalıda yüzlərlə soydaşımızın qanına batmış beynəlxalq miqyaslı terrorçu Monte Melkonyanın Xocavənd şəhərinin mərkəzində 2021-ci ilin yanvarından qoyulmuş heykəli Azərbaycan tərəfinin Rusiya “sülhməramlı” kontingentinin rəhbərliyindən də tələb etməsinə rəğmən bu günədək sökülməyib.