Ukrayna ordusunun 92-ci Mexanikləşdirilmiş Piyada Briqadasının pilotsuz uçan aparat komandiri Yuri Fedorenkonun Telegram hesabından paylaşdığı videoda rus əsgərin təslim olduğu anlar qeydə alınıb.
Hafta.az-ın “Ukrinform”a istinadən yazdığına görə, Fedorenko “xeyriyyə aktı” qeydi ilə yazıb ki, hadisə mayın 9-da baş verib və təslim olmaq istəyən əsgərə PUA vasitəsilə qeyd atılıb. Buna uyğun olaraq rus əsgərdən pilotsuz uçan aparatı izləyərək səngərlərdən çıxıb Ukrayna qoşunları tərəfinə keçmək və təslim olmaq tələb olunub.
Videoda əsgərin pilotsuz uçan aparatı izlədiyi və təlimata əməl edərək ukraynalıların tərəfinə keçdiyi görünür.
Yoldaşlarının rus əsgərin arxasından atəş açdığını iddia edən Fedorenko “Ukraynada əsir olmaq sizə Rusiya ordusunda döyüşməkdən daha çox sağ qalmaq şansı verir” deyib.
Ukraynanın rəqəmsal transformasiya naziri Mixaylo Fedorov da kimliyi açıqlanmayan rus əsgərin təslim olduqdan sonra saxlanıldığını bildirib. Fedorov dünən verdiyi açıqlamada "Düşmən pilotsuz uçan aparatı görüb və təslim olmaq istədiyini göstərən jestlər edib. Piyada və kəşfiyyatçılar onu Ukrayna mövqelərinə qədər müşayiət ediblər", - deyə o bildirib.