Tibbi maskalar üçün xammal Azərbaycanda istehsal olunacaq - qiymət ucuzlaşacaqmı?

11:23 16.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC tibbi maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammal istehsalına başlayıb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, “SOCAR Polymer” MMC polipropilen (PP) və yüksək sıxlıqlı polietilen istehsal edir və Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında ən iri investorlardan biridir.

Bu günə qədər xammal xaricdən idxal olunurdu. Xammalın da ölkədə istehsal olunması tibbi maskanın satış qiymətinə təsir edəcəkmi?

Bu barədə hafta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli dedi ki, tibbi maskanın Çindən gətirildiyi vaxt apteklərdə qiymət 10 qəpik civarında dəyişirdi, özümüzdə istehsal olunduqdan sonra qiymətlər bahalaşdı:

“Bu ciddi sual doğurur, Çindən gətirildikdə daha ucuz idi, ölkədə istehsal ediləndə isə baha satılır? Düzdür, pandemiya müddətidir, onda çox az idi təlabat. Amma onu da deyək ki, tibbi maskanın maliyyəsi elə də çox deyil ki, təlabat vaxtı belə baha satılsın. Xammalın Azərbaycanda istehsal olunması nəzərdə tutulur. Xammal elə də çətin başa gələn bir şey deyil. Yəqin ki, məntiqlə götürsək, xammal da Azərbaycanda istehsal olunacaqsa qiymətlər ucuzlaşmalıdır. Iqtisadiyyatın qanunları bunu deyir. Mən indi deyə bilərəm ki, qiymət artımı olmayacaq. Ucuzlaşma mexanizmlərinin yaradılmasına ehtiyac var. Dövlət maskasız gəzməyi qadağan edirsə, əlçatanlığı da təmin edilməlidir. Bəzi ölkələrdə o cümlədən Avropada avtobuslarda ən azından pulsuz paylanır. Məhdudlaşdırıcı addımların fonunda dövlət vətəndaşlara güzəştlər də tətbiq etməlidir. Ya masqalar ucuz olmalıdır. Ya da bəzi kateqoriyadan olan insanlara pulsuz verilməsi təmin edilməlidir”.