Torpaq sizdən, ev tikmək bizdən - Araşdırma

10:29 24.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dələduzlar indi fərdi mənzil tikintisi bazarına ayaq açıblar

“Torpaq sizdən,ev tikmək bizdən”. Yəqin ki, müxtəlif sosial platformalarda bu tipli reklamlar çoxlarının diqqətini cəlb edib. Qeyd edək ki, son illər fərdi ev tikintisi ilə məşğul olan şirkətlərin sayı xeyli çoxalıb və onlar təklif etdikləri xidmətlərlə insanlarda maraq yaradıblar. Bu şirkətlər  xidmətləri ilə sifarişçiyə həm vaxta, həm də pula qənaət vəd edirlər.

Təəssüflər olsun ki, bu sahədə də dələduzlar kifayət qədərdir və əksər hallarda sifarişçi icraçı tərəfindən aldadılır. Mütəxəssislər isə məsləhət görür ki, keyfiyyətsiz xidmətlə qarşılaşmamaq  və aldanmamaq üçün tərəflər arasında rəsmi müqavilə bağlanmalıdır. Eyni zamanda, göstərilən dizayna aldanmaq olmaz. Müraciət edilən şirkətin gördüyü işlərlə əyanı tanış olmaq əsas şərtdir.
Maraqlıdır, görəsən, gündən-günə sayı artan bu kimi şirkətlərin fəaliyyəti qanunvericiliklə necə tənzimlənir? Hansı hallarda sifarişçiyə dəymiş ziyanın geri qaytarılması mümkünsüz olur? Vətəndaşlar şirkət seçərkən hansı məsələlərə diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, hüquqi şəxs sadəcə müəyyən bir fəaliyyət sahəsi üzrə kod seçərək qeydiyyatdan keçir və fəaliyyətə başlayır:

“Bəzi şirkətlər olur ki, fəaliyyət sahələrinə uyğun olmayan fəaliyyətlə məşğul olurlar. Əgər fəaliyyət kodu qeydiyyatdan keçibsə, hətta nizamnamə kapitalı 10 manat olsa belə, onun fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Yəni, Azərbaycan qanunvericiliyi bu məsələlərdə o qədər də həssas deyil. Belə deyək, hüquqi şəxs sadəcə müəyyən bir fəaliyyət sahəsi üzrə kod seçərək qeydiyyatdan keçir və fəaliyyətini davam etdirir. Bilavasitə tikinti şirkətləri ilə bağlı zaman-zaman təkliflər olub ki, heç olmasa şirkətlərin nizamnamə kapitalı onların gördükləri işin müəyyən fazini təşkil etməlidir. Bu həm də gələcəkdə vətəndaşa dəymiş ziyanın ödənilməsi baxımından vacibdir. Lakin təəssüflər olsun ki, indiyədək bu təklif reallaşmayıb. Ona görə də vətəndaşlar podratçı şirkət seçərkən maksimum diqqətli olmalıdırlar. Yəni, tanıdıcı reklamlarla aldanmamalıdırlar. Şirkətin fəaliyyətini hərtərəfli araşdırmalıdırlar. Əgər bunları bacarmırsa, mütləq bir hüquqşünasa müraciət etməli, onunla müqavilə bağlamalı və hüquqi yardımından istifadə etməlidir. Əks halda vətəndaş əksər hallarda aldadılacaq. Vətəndaşlarımızın çoxu bu sahə ilə bağlı məhdud bilgilərə malikdir. Tutaq ki, əksər hallarda vətəndaş bilmir ki, tikinti şirkətindən hansı sənədi tələb etmək lazımdır, onun fəaliyyətini haradan araşdırmaq lazımdır, şirkətin vergi borcunun olub-olmadığını necə öyrənə bilər, şirkət nə vaxtdan fəaliyyətdədir və s. Məsələn, tikinti şirkəti vətəndaşa hansısa layihəni göstərər və yalandan deyə bilər ki, işin icraçıları onlar olub. Vətəndaşın yanında hüquqşünas olarsa, məlumatın yalan və ya doğru olduğu daha tez məlum olar”.

Vətəndaşlar podratçı şirkət seçərkən maksimum diqqətli olmalıdırlar

Ekspert söhbət əsnasında vurğulayıb ki, əvvəllər bir mənzili bir neçə nəfərə satan dələduzlar indi fərdi mənzil tikintisi bazarına ayaq açıblar: “Belə deyək, əvvəllər bir mənzili bir neçə nəfərə satmaq “dəbdə” idi. Aidiyyəti qurumların bu məsələ ilə ciddi şəkildə məşğul olmasından sonra bunun qarşısı müəyyən qədər alındı. İndi də dələduzlar bu istiqamətə ayaq açıblar. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı da ciddi şəkildə məşğul olacaqlar. Bir məqamı da qeyd edim ki, bununla bağlı qanunvericilik bazasının da təkmilləşdirilməsi vacibdir. Əfsuslar olsun ki, Cinayət Prosessual qanunvericiliyində bəzi hallarda dələduzluğun sübutu ilə bağlı vəziyyət bir qədər mövcud reallıqları əks etdirmir. Digər təfəfdən, vətəndaşa dəymiş ziyanın qaytarılması ilə bağlı mexanizm yoxdur. Təbii ki, bu işə başlayan dələduz kifayət qədər professionaldır və işə başlamamışdan əvvəl adında olan bütün əmlakları başqasının adına keçirir. Eyni zamanda, bəzi hallarda həyat yoldaşlarından rəsmi şəkildə boşanırlar. Yəni, dələduzluqda təqsirləndirilən şəxsə hər hansı bir cinayət təqibi başlandıqda və istintaq orqanı dəymiş zərərin ödənilməsini tələb etdikdə, məlum olur ki, adam həmin vəsaiti ödəmək iqtidarında deyil. Belə olan təqdirdə, dəymiş ziyanı geri qaytarmaq qeyri-mümkün olur. Bu baxımdan, mövcud qanunvericilikdə müvafiq tənzimləmələrin aparılması zəruridir. Ən azından, tikinti prosesinə başlamaq üçün müəyyən lisenziyalar, müəyyən rəsmi sənədlər olmalıdır. Bu halda tikintiyə icazə verilməlidir. Yoxsa, icra hakimiyyətinə tutaq ki, 5 min pul verib iki dənə evin tikintisinə “icazə” almaq doğru deyil”.

Məsələyə münasibət bildirən “MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov hafta.az-a deyib ki, tikinti sahəsindən anlayışı olmayan sifarişçi podratçı şirkətlə razılığa gəlmədən öncə ilk növbədə peşəkarla məsləhətləşməlidir:

“Əgər kimsə hansısa podratçı şirkətə fərdi ev tikintisini sifariş vermək istəyirsə,mütləq peşəkar mütəxəssisdən məsləhət almalıdır. Bu, birinci məsələdir. İkinci məsələ qiymətlərə diqqət yetirmək lazımdır. Ucuz o demək deyil ki, yaxşıdır. Real bazar qiymətləri var. Əgər podratçının təklifi real bazar qiymətlərindən qat-qat ucuzdursa, deməli, burada problem var. Bizə belə məhkəmə işləri artıq bir neçə dəfə daxil olub. Çox vaxt sifarişçi ilə icraçı qiymət məsələsində mübahisə edir. Belə ki, əvvəlcə danışırlar bir qiymət, sonra başqa qiymət alınır, mübahisə məhkəməyə qədər gedib çıxır.

 
Əgər podratçının təklifi real bazar qiymətlərindən qat-qat ucuzdursa, deməli, burada problem var

Bu kimi problemlərlə üzləşməmək üçün vədəndaşlar işlərini ehtiyatlı tutmalıdırlar. Tərəflər arasında müqavilə olması mütləqdir. Bəziləri müqavilə bağlamırlar, bu isə sonradan problemin həllində çətinliklər yaradır. Sifarişçi və icraçı arasında müqavilənin olması həm də o deməkdir ki, həmin sənəddə təhlükəsizlik qaydalarına kimin cavabdehlik daşıması, hansı ödənişlərin hansı şərtlərlə olması, evin hansı mərhələdə təhvil verilməsi və yaxud işə nəzarətin kim tərəfindən aparılması,tikilinin sənədləşdirilməsinin kimin öhdəliyində olması və s. kimi məsələlərə aydınlıq gətirilmiş olur”.

İcraçı şirkət dələduzluğa yol verdiyi və ya üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda sifarişçiyə dəymiş ziyanın ödənilməsi mexanizminə gəlincə, mütəxəssis bildirib ki, belə situasiyalarda şikayətçi məhkəməyə müraciət etməlidir: “Məhkəmə işə baxıb ekspertizaya göndərir və bu sahənin mütəxəssisləri görülən işin smetasını müəyyənləşdirirlər. Həmin rəy əsasında da məhkəmə qərar qəbul edir. Bunun üçün də tərəflər arasında müqavilə olmalıdır. Müqavilə olmadıqda, bu məsələni subut etmək çətin olur və nəticədə sifarişçinin pulu batır”.