“İlk prezidentlik dövründən bəlli oldu ki, siyasətə biznesdən gəlmiş Donald Tramp bir çox məsələlərdə qəddar mövqe tutan bir rəhbərdir. Qəddarlıq, rəqibi fürsət olan kimi vurmaq onun bariz xüsusiyyətlərindəndir. Qeyd etmək lazımdır ki, bu gün İran da, artıq tamamilə zəiflədilmiş “HƏMAS” da, “Hizbullah” da çox çətin durumdadırlar. Trampla İsrail baş naziri Binyamin Netanyahunun mövqeləri, xarakterləri üst-üstə düşdüyü üçün onlardan məntiqə sığışmayan addımlar gözləniləndir”.
Bu fikirləri hafta.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov 2025-ci ilin yanvarın son günlərində ABŞ prezidenti kimi rəsmən fəaliyyətə başlayacaq Donlad Tramp Qəzza və Livandakı amansız qətliamları durdurmağa çalışacaq, yoxsa, əksinə, bölgədə vəziyyət daha da gərginləşəcək” sualını cavablandırarkən ifadə edib.
“Düzdü, İran rəhbərliyi bəyan etdi ki, “HƏMAS”, “Hizbullah”məğlub olmayıb. Amma necə məğlub olmayıb? Hər şey göz qabağında, ortadadır. Odur ki, Tramp hakimiyyətə gələn gündən yalnız İsrailin Qəzza və Livanda apardığı savaş deyil, bütövlükdə Yaxın Şərqə və İrana münasibətdə vəziyyət daha da gərginləşəcək. Bu da əsasən onunla bağlı olacaq ki, öncə dediyim kimi, Trampla Netanyahunun əksər məsələlərdə mövqeləri və siyasi davranışları üst-üstə düşür. Ümumiyyətlə, son vaxtlar beynəlxalq hərbi-siyasi məkanda hər gün, hər saat, hər an ağlasığışmayan, məntiqə uymayan nəsə baş verir. Bütün dünya çox ağır bir dövr yaşayır”, - deyə davamında diplomat diqqətə çatdırıb.