“Tramp və Putinin gözlənilən görüşü Rusiyanın Qafqazdakı mövqeyini zəiflətdi” - Həsən Oqtay

13:43 13.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Noyabrın 10-da imzalanan atəşkəs razılaşmasından 5 il sonra daimi sülh sazişinin olmaması imperiya güclərinin bölgəyə olan iştahını artırırdı. Məhz Trampın müdaxiləsi ilə Putinin 10 noyabr atəşkəs razılaşması tamamilə yerinə yetirildi”.

Bunu hafta.az-a Türkiyə Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, professor Həsən Oqtay Vaşinqton görüşünə qədər regionda gedən sülh danışıqları və Türkiyənin bu prosesdən nə qədər uzaqlaşdırılmasını şərh edərkən bildirib.

H.Oqtay Vaşinqton görüşünə qədər regionda gedən sülh danışıqları prosesinin xronikasına diqqət çəkib. O, eyni zamanda ABŞ-ın düzənlədiyi Əliyev-Paşinyan görüşünün Putinlə görüşdən əvvəl Rusiyaya qarşı blef olaraq ortaya atıldığını deyib. H.Oqtay bildirib ki, nə İran, nə də Rusiya Cənubi Qafqazda ABŞ-ın nəzarətində olan dəhliz yaradılmasında maraqlı deyil. Türkiyənin isə arqumenti Cənubi Qafqazda üçtərəfli sülh əldə edildikdən sonra çox keçidli prioritet keçid nəzəriyyəsinə əsaslanır.

Ekspert bildirib ki, ABŞ-da yekun sülh sənədi imzalanmadı, lakin buradakı tərəflərin xoşməramlı saziş imzalaması və ABŞ-ın Azərbaycana silah embarqosunun ləğv edilməsi ilə bağlı razılığın əldə olunması böyük uğurdur:

"Ermənistan üçün Amerikanın əhəmiyyətli dəstəyi ilə yaxın aylarda keçiriləcək seçkilərdə iştirak etmək və qalib gəlmək imkanı olacaqdı. Bu danışıqlar planlaşdırılarkən ABŞ-ın Rusiya üzrə xüsusi nümayəndəsi Moskvaya getdi və Putinlə Trampın görüşməsinə qərar verildi. Putin-Tramp görüşü vədini aldıqdan sonra Amerikada Tramp-Paşinyan-Əliyev görüşünün heç bir nəticə verməyəcəyi fikrini irəli sürdü”.

H.Oqtay Türkiyənin Cənubi Qafqazla bağlı sülh prosesinin xronikasına diqqət çəkib:

“Sovet İttifaqının dağılmasından sonra Türkiyə üç gün ərzində Qafqaz regionunu tanıdı, sərhədlərini açdı, Gürcüstan və Azərbaycanla diplomatik əlaqələr qurdu. Bu ona görə baş verdi ki, Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan ərazilərinin işğalı təşəbbüsü ilə çıxış edirdi. Ermənistanın Rusiyanın göstərişi ilə Dağlıq Qarabağ bölgəsi ilə İran sərhədi arasında olan yeddi rayonu işğal etməsi Cənubi Qafqazda bölgəyə böyük bir problem təqdim etdi. 1801-ci ildən Cənubi Qafqaza qonan quşlar türk dünyasına qarşı bir-birinin ardınca hərəkətə keçdilər. Əvvəlcə Tiflis və İrəvan qubernatorluqları yaradıldı, sonra milliləşdirildi. Türkiyə Böyük Millət Məclisi hökuməti cümhuriyyət elan olunmazdan əvvəl Azərbaycanla sərhəd əlaqəsi yaratmaq üçün İran hökumətindən 17 kilometrlik sərhəd xətti alıb Azərbaycanla birbaşa quru əlaqəsi yaratdı. Moskvanın təzyiqi ilə Azərbaycan Sovet hökuməti, sovet xalqları arasında qardaşlıq vədinə əsaslanaraq, uzunluğu 110 kvkm, eni təqribən 40 km olan Zəngəzur rayonunu - Naxçıvanla Azərbaycan arasında olan ərazisini Ermənistana verdi. Beləliklə, Türkiyə ilə türk dünyası arasında əlaqə kəsildi. Rusiya Dağlıq Qarabağı və digər yeddi rayonu işğal edərək Türkiyə ilə Azərbaycan arasında ikinci xətti yaratdı”.

H.Oqtay Türkiyənin Ermənistanla açdığı sərhəd-keçid məntəqələrinin 1993-cü ildə, ən son Kəlbəcər işğal olunanda bağlanması faktına diqqət çəkib. O, qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqları azad etməsi ilə bağlı 44 günlük prosesin sonunda noyabrın 10-da imzalanan atəşkəs sazişi Dağlıq Qarabağ və Şuşadan kənarda 7 rayonun azad edilməsinə gətirib çıxardı.