“Trampın bölgəmizə marağı bizim üçün yoxuşa doğru bir pillədir” - Abutalıb Səmədov

14:38 06.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“ABŞ danışıqlarında Azərbaycanı Ermənistanın məqbul şərtlər daxilində sülhə imza atacağına inandıran amillər ortaya qoyula bilər. Ancaq böyük ehtimalla memorandum imzalanacaq. Bu da indiki şəraitdə mühüm sənəddir və onun harada imzalanması da mühümdür”.

Bunu hafta.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.

Qeyd edib ki, Rusiyanın bu qədər həyasızlaşdığı bir dövrdə Donald Trampın Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasına diqqət yetirməsi və bögəyə daha çox nüfuz etməyə çalışması maraqlarımıza cavab verir.

A.Səmədov vurğulayıb ki, Tramp birinci prezidentliyi dövründə Azərbaycan-Ermənistan məsələsinə bu qədər ciddi fikir verməyib. Amma bu gün dünyada sülhün təmin olunması üçün ciddi səylər göstərir:

"Trampın sülh müqaviləsinə münasibəti Azərbaycanın maraqlarına xidmət edir. Hədəfin sülh, yoxsa Nobel mükafatı olduğu müzakirə oluna bilər. Sülh sazişinin imzalanması ehtimalı çox aşağıdır. Ancaq “danışıqların gedişində Paşinyan sülh sazişi ilə bağlı hansısa inandırıcı arqumentlər gətirə biləcəkmi, yaxud Trampın müəyyən məsələlərdə öz nüfuzunu ortaya qoyub qarant kimi çıxış etməsi ola bilərmi, yaxud bütün bunlar Azərbaycanı nə dərəcədə qane edəcək”sualları açıla bilər”.

Ekspert hesab edir ki, bütün bunlar mümkün variantlardır və az da olsa sülh sazişinin imzalanma ehtimalını yaxınlaşdırır:

“Trampın Cənubi Qafqaz bölgəsinə marağının artması, daha çox bölgəyə nüfuz etməyə çalışması bizim üçün vacib amildir. Rusiya Ukrayna ilə müharibədə bir fasilə gözləyir ki, Azərbaycan və Ermənistanla daha kəskin şəkildə danışa bilsin. Biz Rusiyanın hansı “dildə” danışdığını bilirik. Rusiya normal dövlət deyil ki, nomal danışıq qabiliyyəti olsun. Biz təbii ki, özümüzü qorumalıyıq. Burda bir tərəfdə Çinin Azərbaycanla yaxınlaşması, Azərbaycan-Çin arasında imzalanan sənədlər, bir yandan Trampın bölgəmizə marağı bizim üçün yoxuşa doğru bir pillədir. Trampın Cənubi Qafqaz marağı Zəngəzur dəhlizinin açılmasına gətirib çıxara bilər. Bu gün dəhlizin açılması dalana dirənib. Çıxış yolu tapmaq çətindir. Bir yandan İranın qeyri-konstruktiv mövqeyi, bir tərəfdən Rusiyanın 10 noyabr sənədinin 9-cu bəndinin icrasını tələb etməsi kifayət qədər ciddi problemlər yaradıb. Trampın Zəngəzur dəhlizinin açılmasına müdaxiləsi bu işi tezləşdirə bilər. Ümid edirəm ki, Vaşinqtonda baş tutacaq görüşdə memorandum imzalanacaq və ikitərəfli müzakirələr olacaq”.