Turizm sahəsi hələ də bərpa dövrünü yaşayır - Ekspert

16:43 14.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dövlət Turizm Agentliyi oktyabrda ölkəyə gələnlərin sayı açıqlanıb.Qurumun məlumatına görə, oktyabrda Azərbaycana 160 467 nəfər səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 76 faiz çoxdur. Belə ki, ötən ilin oktyarında ölkəyə 90 973 nəfər gəlib. Bu ilin yanvar-oktyabr ayları ərzində isə ölkəyə 1 323 416 şəxs gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 118 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin oktaybrında ölkəyə 606 253 nəfər səfər etmişdi.

Ən çox şəxs isə Rusiya (54 144), Türkiyə (28301), İran (15 257), Hindistan (9372), Gürcüstan (8479), Pakistan (5579) və Səudiyyə Ərəbistanı (4052) gəlib. Ziyarətçilərin regionlar üzrə payı Rusiya üzrə 33,74, Türkiyə üzrə 17,64, Cənubi Asiya üzrə isə 10, İran üzrə 9,51 faiz olub.

Qeyd edək ki, pandemiyadan öncəki illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı 39 faiz azdır. Belə ki, 2019-cu ilin oktyabrında ölkəyə 264 078 ziyarətçi gəlmişdi. Həmçinin 2019-cu ilin yanvar-oktyabr aylarında isə gələnlərin sayı (2 679 932) bu ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz çox olub.

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan otellərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oteldə gecələyən xaricilərin sayı 4,3 dəfə artaraq 1 milyon 031,4 min nəfər olub. Bu da ümumi gecələmələrin 50,4 faizini təşkil edir. Gecələmələrin19,7 faizi Səudiyyə Ərəbistanı, 11,2 faizi Rusiya Federasiyası, 10,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,2 faizi Türkiyə, 4,3 faizi Küveyt, 4,1 faizi İsrail, 3,9 faizi Hindistan,

3,4 faizi ABŞ, 3,1 faizi Böyük Britaniya, 2,3 faizi Pakistan, 1,6 faizi Qazaxıstan,

1,5 faizi Qətər, 1,4 faizi Almaniya, 1,2 faizi Özbəkistan, 1,1 faizi Gürcüstan, 1,1 faizi İtaliya, 1,0 faizi İran, 0,9 faizi Oman, 0,7 faizi Çin, 0,6 faizi Niderland, 0,6 faizi Ukrayna 18,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşür.

Statistik məlumatlara görə, bu ilin yanvar-sentyabr aylarında əcnəbilər bank kartları vasitəsi ilə 1 milyard 657,7 milyon manatlıq (təxminən 1 milyard ABŞ dolları dəyərində) əməliyyat aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 97,7 faiz  çoxdur. Təkcə sentyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 155,5 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 25 faiz çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri də ötən ilin eyni dövrü ilə müqayisədə yüksəlib. Bu rəqəm 1,7 dəfə artaraq 269,1 milyon manat olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun 60,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,6 faizi ictimai iaşə xidmətlərindən, 3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edib.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov hesab edir ki, bu il Azərbaycanın turizmdən əldə etdiyi gəlirlər artsa da, bu sahə hələlik bərpa dövründədir: “Təbii ki, pandemiya və dünyada baş verən digər gərginliklər turizm sahəsinə ciddi təsir göstərdi. Bizdə hazırda quru sərhədlər də bağlıdır. Nəzərə alsaq ki, ölkəyə gələn turistlərin yarıdan çoxu quru sərhədlərlə gəlir. Bu əsasən quru sərhədlərimizin mövcud olduğu ölkələrin vətəndaşlarına aiddir. Bu o deməkdir ki, quru sərhədlərinin bağlı olması gələn turistlərin sayına da təsir göstərir. Bu il dünyada, eləcə də Azərbaycan turizm sahəsi müəyyən qədər bərpa ili oldu. Belə ki, 2020-2021-ci illə müqayisədə turizm sahəsi 60 faizə qədər bərpa olundu. Yəni, bu sahədə müsbət tendensiyalar müşahidə olunur. Ümumiyyətlə, 2023-cü ilin dünyada turizm sahəsinin daha aktiv bərpa ili olacağı güman edilir”.