Çinli turistlərin Azərbaycana axını gözlənilir. Belə ki, iyulun 3-də Azərbaycan Çin vətəndaşları üçün bir illik vizasız rejim tətbiq etdikdən sonra, Çin onlayn səyahət platformalarında Azərbaycanla əlaqəli turizm məhsullarına maraq kəskin şəkildə artıb. “Global Times” xəbər verir ki, iyulun 4-də Azərbaycanla əlaqəli turizm məhsullarının axtarış həcmi 50 faiz artıb. Bildirilib ki, Azərbaycan istiqamətinə olan sifarişlər ötən ilin iyulun əvvəli ilə müqayisədə 85 faiz artıb. Qafqaz ölkələrinə - Azərbaycan, Gürcüstan və Ermənistana olan sifarişlər isə 103 faiz artıb. Məlumata görə, bu ilin iyulun 4-nə qədər Çindən Azərbaycana aviabilet sifarişlərinin həcmi 336 faiz artıb.
Həmçinin bildirilir ki, bundan sonra Pekin və Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Rayonunun mərkəzi olan Urumçi şəhərindən Bakıya birbaşa uçuşlar həyata keçiriləcək.
Qeyd edək ki, Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiqi Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də qeyd olunub.
Bu ilin yanvar-iyun aylarında Çindən Azərbaycana 16 min 609 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 135 faiz artım deməkdir. Bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov Bakıda “Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi” mövzusunda keçirilən konfransda bildirib.
O qeyd edib ki, Azərbaycan Uzaq Şərq ilə turizm sahəsində əməkdaşlığa önəm verir: “Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq edilməsi də bu sahədə əməkdaşlığın inkişafına böyük dəstəkdir. İki ölkə arasında turizmin inkişafına töhfə verməyə hər zaman hazırıq. Bu istiqamətdə təşkil olunan sərgilərdə aktiv iştirakımızı bundan sonra da davam etdirəcəyik. Həmçinin hava əlaqəsinin də inkişafı üçün səylərimiz davamlı olacaq”.
Bəs, görəsən, Azərbaycanın turizm sektoru Çindən gələn turist axınını qarşılamağa hazırdırmı?
Məsələni qəzetimizə şərh edən turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, çinli turistlər dünyada ən çox səyahət edən və xərcləyən turistlər hesab edilir: “Çinlilər ilboyu dünyanın müxtəlif ölkələrinə, xüsusən də qrup şəklində səyahət edirlər. Onlar səyahət xərcləmələrinə görə dünyada birinci yerdədirlər. Bu nöqteyi-nəzərdən bir çox turizm ölkələri Çin bazarından müəyyən pay almaq istəyirlər. Azərbaycanın da vizasız rejim tətbiq etməsi Çindən gələn turistlərin sayına müsbət təsir göstərəcək. Bu məsələdə birbaşa aviareyslər xüsusilə əhəmiyyət daşıyır. Birbaşa aviareyslərin olması və vizasız rejimin tətbiq edilməsi rahat şəkildə gəliş-gedişi artırmağa xidmət edir. Məsələn, diqqətlə baxsaq görərik ki, Hindistandan ölkəmizə gələn turistlərin sayının kəskin artması birbaşa aviareyslərlə əlaqədardır. Eləcə də Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayının artması birbaşa aviareyslər və ucuz hava daşımalarının dövriyyəyə girməsi ilə bağlıdır. Eyni qaydada da viza rejiminin aradan götürülməsi Çindən gələn turistlərin sayına ilboyu öz təsirini göstərəcək”.
Azərbaycanın turizm sektorunun bu prosesə hazır olub-olmadığına gəlincə, ekspert deyib ki, Azərbaycan hər bir ölkə kimi gələn turistlərin sayının ilboyu təqvimə bölünməsinə çalışır: “Yəni, əsas məqsəd odur ki, turistlər yalnız mövsümün pik dövründə, yayda deyil, bütün ilboyu səyahət etsinlər. Azərbaycanın bəlli bir yerləşmə gücü var. Hazırda 800-ə yaxın otelimiz var, təxminən, 60 minə yaxın yataq gücümüz mövcuddur. Yay fəslində turistlərin gəlməsi, digər fəsillərdə daha az səyahətçilərin olması iqtisadi cəhətdən də səmərəli hesab edilmir. Biz ilboyu müxtəlif tədbirlər, festivallar şəklində tənzimləmələr etməklə turizm bazarında stabillik əldə edə bilərik. Yeni bazarların açılması, ölkəyə gələn turistlərin sayının artması və bunun təqvimə bölünməsi otellərin doluluq səviyyəsinə də müsbət təsir göstərəcək”.