Türk Birliyi nə etsin?! – Ekspert rəyi

16:52 10.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 11-də, Türk Dövlətləri Təşkilatı üzvləri xarici işlər nazirlərinin Qazaxstandakı durumla bağlı, fövqəl iclası keçiriləcək.

Bu barədə hafta.az-a danışan hüquq eksperti İlqar Altay bildirib ki, bəziləri Türkiyə, Türk Birliyinin Qazaxıstandakı hadisələrə çevik və sərt müdaxilə etməməsinə qınaqla yanaşır.

Ancaq nəzərə almırlar ki, bu hadisələr müstəqil bir dövlətin daxilində baş verən prosesdir. Və həmin dövlətin də özü əgər məsləhət, müraciət etmirsə, mühüm, fövqəladə anda üzünü şimala - Moskvaya, KTMT-na tutursa, Türkiyə, Türk Birliyi burada nə etsin, necə etsin?

İ.Altay qeyd edib ki, ümumiyyətlə, son illər həm iqtisadi, həm hərbi baxımdan qat-qat ondan aşağı olan Rusiyanın xarici, regional siyasətdə əl-qol açmasında və Qərbi üstələməsində, Qərbin səhvləri böyükdür.

“Əvvəl, Ukrayna məsələsində ona dəstək verməkdə gecikdilər, gec ayıldılar və Krım, Donbass əldən getdi.

2 il əvvəl, Lukaşenko Qərbə meylli olan vaxtda, onu, liberal-demokratik adı ilə etirazçılar ortaya salıb təhdidlərlə mərdi qovub namərd etdilər və o da prezident səlahiyyətindən istifadə edib ölkəni Putinin yanına apardı. Bizim Azərbaycan apardığı 44 günlük savaşda Fransa, ABŞ Konqresi ortaya düşüb erməninin tərəfini tutmurdularmı?!

İndi də, görürlər, NATO ölkələri içində Rusiyanın qarşısına çıxan, mərdlik ilə qabağında dayanan, ümumiyyətlə dünyada yeganə dövlət Türkiyədir. Həm Suriya və Liviya proseslərində cəsurluqda, həm, Qarabağda Azərbaycana açıq, qəti qardaş dəstəyi ilə Ərdoğan Moskvanı, Putini çəkindirib, yerinə oturda bilib. Orta Asiyada da addımlarla.

Bu halda, Qərb Türkiyəyə dəstək vermək yerinə, ona çətin, ağır iqtisadi böhranda yardım vermir, üstəlik daha xeyli maliyyə çətinlikləri də yaradır. Türkiyəninsə bu halda təbii ki, başı öz daxili, ağır problemlərinə, düşdüyü çuxurdan çıxmağa qarışır. Xarici, Türk Birliyi siyasətinə də, məcburi ara verməklə. Və Orta Asiyaya təsir, nüfuz imkanı düşünən Qərb anlamır bu, türk regionudur, üç antitürk dövlətin - Rusiya, Çin və İranın məngənəsindədir. Bu regionun azad, müstəqil olmasında isə əsas faktor Türkiyə və onun rəhbərliyi ilə Türk Birliyi ola bilər. O regiondakı bütün türk xalqları Türkiyəni özlərinə əsas qardaş istinad, güvən amili sayır.

Qazaxstan adlı narahatçılığı çəkən Qərb, Türkiyəni zəiflətməklə hansı siyasi məntiqə əsaslanır, çox təəccüblüdür?”

Bütün bunlara rəğmən İ.Altay hesab edir ki, bu cür sarsıntılar, belə kələ-kötür yollar genetik yaranışından dözümlə, qüdrətlə, tarixin bütün odu- alovu içindən qürur, mərdliklə çıxmış möhkəm, çevik türk dünyasına, Qazaxstana, Orta Asiyaya heç bir sınma verə bilməz.

Siyasət rubrikasından digər xəbərlər