Yazını böyüt
Yazını kiçilt
Bu məqsədlə səfirliyin əməkdaşları, incəsənət xadimləri, QHT rəhbərləri və jurnalistlər Şamaxıda, sonra isə Göyçayda səfərdə oldular. Əvvəlcə Şamaxıda Hacıdərə adlanan ərazidə şəhid olmuş türk zabitinin şərəfinə ucaldılan abidənin önünə əklillər qoyuldu. Göyçay rayonunda isə tədbir iştirakçılarını icra başçısı Mübariz Ağayev başda olmaqla dövlət strukturlarının rəhbərləri qarşıladılar. Əvvəlcə Heydər Əliyevin abidəsi ziyarət olundu. Göyçay şəhər Əli Kərim adına istirahət parkının ərazisində yerləşən Şəhidlər Xiyabanına baş çəkildi. Bundan sonra isə adıçəkilən rayonun Bığır kəndində əsrin əvvəllərində daşnaklara qarşı mübarizədə həlak olmuş türk şəhidinin məzarı önünə çiçəklər qoyuldu. Adıçəkilən kəndin bələdiyyə sədri Çingiz Xəlilovun sözlərinə görə, top atəşlərinə tutulan Göyçayın mühafizəsi zamanı düşmən qüvvələri eyni silahla susdurulub: “3 şəhid məzarı dağda, biri isə buradadır. Durduğumuz yerdəki şəhidlik simvolik xarakter daşıyır. Digər 3 şəhidə də abidə qoyulub. Buradakının adı Mustafa Çavuş olub“. Qonaqlar nahar fasiləsindən sonra axşam saat 5-də İcra Hakimiyyətində konfransa yığışdılar.
Türk əsgərlərinin Azərbaycanın köməyinə gəlməsinin müstəsna əhəmiyyətindən danışan icra başçısı Mübariz Ağayev bildirdi ki, bu təqvim xalqımızın yaddaşında silinməz izlər buraxıb. 1918-ci il sentyabrın 15-də Göyçay və Bakının işğaldan azad olunması Azərbaycan tarixində mühüm yer tutur. Nuru Paşa yaz aylarında bura gələrək ermənilərlə müharibəyə başlayıb. Onun sözlərinə görə, hazırda rayonda 4 əsgər nişanəsi var. Bundan başqa, Türkiyənin dəstəyi ilə Şəhidlər Xiyabanı da salınıb: “Bu gün Türkiyə - Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Əlaqələr bir millət - iki dövlət prinsipinə əsaslanır. Qardaş ölkə Dağlıq Qarabağla bağlı Azərbaycanın haqq işində bizi daim dəstəkləyir. Münasibətlərin yüksək səviyyəsi bütün sahələrdə hiss olunur. Məhz bunun nəticəsidir ki, hazırda 1700 tələbə Azərbaycanda təhsil alır“.
Bakının işğaldan azad olunmasının Göyçayda keçirilməsinin təsadüfi olmadığını deyən Türkiyə səfirinin müşaviri Erkan Özoral bildirdi ki, sözügedən rayon ən çox şəhid verən bölgədir. Onun sözlərinə görə, Osmanlı dövlətinin rəsmisi Ənvər Paşa Nuru Paşanı Azərbaycana göndərməklə bu gün qardaş xalqların qovuşmasını təmin edib: “Həmin tarix millətimiz tərəfindən heç zaman unudulmamalıdır. Azəri və Anadolu türklərinin varlığına qəsd edənlər bu gün də həmin siyasəti aparırlar. Məhz bunun nəticəsidir ki, torpaqların 20 faizi işğal altındadır. Biz həmişə Azərbaycan dövlətinin yanında olacağıq. Abidəyə çələnglər qoyaraq onların ruhunu birlikdə andıq. Nəriman Nərimanovun dediyi kimi, bir- birimizə köməkliyimiz alış-veriş deyil. Sadəcə, qardaşlıq nümunəsidir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. O zaman bu addımı Amerika və hələ çökməmiş SSRİ etirazla qarşıladı. Rəşid Behbudovun “Lalələr“ mahnısı həmin dövrdə mübarizə aparmış hərbi birləşmələrimizin çadırlarının önünə sancılan bayraqlardan bəhs edir. O zamankı döyüşçülərin övladları hazırda Azərbaycanda yaşayırlar. Bura onların doğma vətənidir“.
AXC təməlinin qoyulmasının türk tarixində yenilik olduğunu deyən TOGM İB sədri Emin Həsənlinin sözlərinə görə, belə çətin dövrdə cümhuriyyətin yaradılması cəsarət tələb edirdi: “Azərbaycanın ordusu yox idi. Çünki çar dövründə gənclərimiz orduya çağrılmırdı. Qardaş dövlət 11 cəbhədə mübarizə aparmağına baxmayaraq Bakını darda qoymadı. Ən yaxşı əsgərləri seçərək Azərbaycana göndərdi. Əgər Bakı azad edilməsəydi, bu gün müstəqil Azərbaycan yaşamazdı. Çanaqqala döyüşündə də xeyli Azərbaycan əsgəri şəhid olub“.
Millət vəkili Sabir Hacıyev isə diqqətə çatdırdı ki, 2 il davam edən müstəqillik bügünkü dövlətin təməl daşıdır. Müasir zamanda hər iki ölkə arasında mövcud münasibətlər bir ideologiyadır. Biz bir-birimizlə yaxın xalq yox, eyni millətik.
TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Əbdülhəmid Əfşar isə bildirdi ki, Göyçayın fədakarlıqları olmasaydı, Bakı Rusiyanın əlinə keçəcəkdi. Qızıl ordunu ilk dəfə Azərbaycan və Anadolu türkləri məğlubiyyətə uğradıblar. Onların həyatları TRT efirində həmişə işıqlandırılacaq.
Əli Zülfüqaroğlu Bakı-Şamaxı-Göyçay-Bakı