Dünən – oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü qeyd edildi. İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ilə Hafta.az üçün növbəti söhbətimizdə Türkiyə Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümündə qardaş ölkənin 98 illik tarix boyu düşmən ittifaqların mühasirəsində keçdiyi keşməkeşli, mürəkkəb və ziddiyyətli yollardan, bütün bu dövrlərdə Azərbaycan-Türkiyə qardaşlığının çətin sınaqlarından, Qərb və Rusiya arasında aparılan balanslı siyasətin bədəllərindən, mövcud iqtisadi çətinliklər və 2023-cü il -100 illik hədəflərindən bəhs etdik.
-Teymur bəy, qardaş ölkənin keçdiyi 98 illik yolu bu günkü gerçəkliklər baxımından necə dəyərləndirmək olar? Həmin dövr ərzində qarşıya çıxan obyektiv, subyektiv maneələr, düşmən güclər baxımından Türkiyənin hazırkı durumuna yetərincə normal demək olarmı, yoxsa bundan da yaxşı ola bilərdi?
-Bilirsiniz ki, 1914-1918-ci illər arası Birinci dunya müharibəsi baş verdi. Müharibə bitdikdən sonra dunya nizamı dəyişdi, yeni dövlətlər yarandı. Birinci dunya müharibəsi Osmanlı dövlətinə böyük zərbə vurdu. Türkiyə tarixçiləri maraqlı bir fikir bildirirlər: Birinci Dunya müharibəsi Osmanlı dövlətinin dağılması üçün baş verdi. Bununla razılaşmaq da olar, qəbul etməmək də...
Osmanlı dövləti həmin savaş zamanı Almaniyanın yanında yer aldı. Bir müddət uğurlar qazana bilsə də, Almaniyanın məğlub olması nəticəsində Osmanlı da məğlub duruma düşdü. Osmanlı torpaqları Antanta dövlətləri arasında bölündü. İngiltərə İstanbulu, Fransa və Yunanıstan Osmanlıya bağlı digər şəhərləri işğal etdi. Qısası Osmanlı işğal altında qaldı... Osmanlının son sultanı ingilislərin oyuncağına çevrildi...
Belə bir vaxtda Osmanlı dövlətinin Mustafa Kamal adlı zabiti qərara gəldi ki, ölkəsini işğalçılardan xilas etsin. Bu xilas qərarının verilməsinin maraqlı tarixçəsı var. İstanbulda dostunun evinin eyvanında oturmuş Mustafa Kamal aşağıdan qadın səsləri eşidir. Eyvandan baxan zaman görür ki, sərxoş ingilis zabiti və əsgəri çarşablı Osmanlı, türk xanımına təcavuz etmək istəyirlər... Onda Mustafa Kamal, gələcək Atatürk ayağa qalxıb ucadan və qəzəblə söyləyir ki, bu ölkəni işğaldan azad etmək namus məsələsidir. Bundan sonra silahdaşlarıyla birlikdə Samsuna gedir. Beləliklə, 1919-1922-ci illər arasında baş vermiş Qurtuluş müharibəsinin əsası qoyulur...
Bir məsələni də demək istərdim; Mustafa Kamal Birinci Dunya muharibəsi zamanı Osmanlı dövlətinin İngiltərənin yanında yer almasının tərəfdarı olub. Amma bu, baş tutmayıb... Qurtuluş zamanı Ərzurum, Sivas konfransları oldu. Milli ruhun əsasıni məhz bu konfranslar qoydu. Ondan sonra təşkilatlanma prosesi başladı. Ancaq silah yardımı, maddi dəstək lazım idi. Buna görə də Mustafa Kamal bolşeviklərlə yaxınlaşmağı qərara aldı. Bolşevik Rusiyası da Atatürkə yaxınlaşmaqda maraqlı idi. Çünki hər ikisinin hədəfi İngiltərəyə qarşı mübarizə idi. Bu yaxınlaşma, uğurlu Atatürk-Lenin yaxınlaşması sonunda Türkiyə Respublikasının qurulmasına gətirib çıxardı. Bolşevik Rusiyasında yaşayan müsəlman türkləri, ən çox da Azərbaycan xalqı Qurtuluş müharibəsinə kifayət qədər yardım elədi. Azərbaycan Xalq Cumhuriyyətinin işğalından sonra Azərbaycan ordusunun zabitləri qurtuluş müharibəsində yaxından iştirak etdi və qəhrəmanlıqlar göstərdi...
Atatürk-Lenin yaxınlaşmasından sonra Atatürk Qafqazda olan maraqlarından geri çəkildi... Ən önəmlisi Leninin verdiyi dekret vardı: Osmanlı dövləti ərazisində Ermənistan dövləti yaratmaq planı ləvğ olundu. Sonda Atatürkün istədiyi alındı və nəticə etibarı ilə Türkiyə Respublikası quruldu. Onu da demək istərdim ki, əgər bolşevik inqilabı olmasaydı, Türkiyə Respublikasının qurulması möcüzə ola bilərdi, bəlkə də qeyri-mümkün olardı. Çünki Çar Rusiyası qalsaydı, həmin imperiyanın ən böyük arzularından biri olan Osmanlıdan pay almaq arzusu çin olacaqdı. Antanta dövlətləri ilə birlikdə...
Türkiyə Respublikası qurulduqdan sonrakı 98 ildə çox çətin sinaqlardan, ağır günlərdən keçib. Ən ağır günlər İkinci Dunya müharibəsindən sonra baş verib. Həmin vaxt Türkiyə iki super gücün arasında siyasi manevrlər etməyə məcbur qalıb... Soyuq müharibə zamanı ABŞ yanında saf tutub. Ancaq yeri gələndə dövlət maraqları naminə Sovet İttifaqına da yaxınlaşıb. Fəqət, belə yaxınlaşmalar üçün bədəl də ödəyib: ölkədə hərbi çevrlişlər baş verib. Sovetlər dağılana qədər Türkiyədə sol-sağ ideologiyası tərəfdarları arasında küçə döyüşlərindən tutmuş hərbi qiyamlara qədər mürəkkəb və ağır məqamlar olub. Ölkənin iqtisadiyyatı çox zəif hala düşüb...
Türkiyə Cümhuriyyəti 98 ildə iki müharibə aparıb. NATO-ya üzv olmaq üçün Koreya müharibəsində iştirak edib. Sonra Kıbris adasındakı türkləri yunan zülmündən qurtarmaq üçün Kıbrısda hərbi əməlliyyatlar aparıb və uğur qazanıb. Ancaq bundan sonra ağır sanksiyalara məruz qalıb. 1980-ci illərdən ölkə iqtisadiyyatının inkişafı başlayıb. Nəticə etibarı ilə Türkiyədə tekstil sənayə sahəsi yüksək inkişaf edib. Təəssüf ki, 1984-cü ildəki ilk terror aktı ilə imperialist güclərin başlatdığı guya “kürd xalqının azadlıq hərəkatı” olan “PKK” terror hərəkatı bu günədək davam etməkdədir. 30 mindən çox insan canı almış bu terror hərəkatıyla mübarizədə Türkiyə dövləti ağır bədəllər odədi. Və bu gün “PKK” terrorçu təşkilatı bu müddət ərzində xeyli zəiflədilsə də, yenə də xarici güclərin dəstəyi ilə terror aktları davam edir...
Türkiyə dövləti Qurtuluş müharibəsi dövrü ilə müqayisədə bu gün çox güclənib. Dünya dövlətləri arasında nüfuzu var. Güclü orduya malikdir. Ancaq Qurtuluş savaşı zamanı mübarizə apardığı eyni qüvvələr və ölkələr yeni Türkiyə dövlətinə də qarşı birləşiblər. Bu düşmən birliyi özünü zaman-zaman daxildə siyasi və ya silahlı qarşıdurmalarda, yaxud Türkiyənin ətrafında baş verən gözlənilməz siyası hadisələr və müharibələrdə özünü büruzə verir. Məsələn, Suriyada, Egey və Aralıq dənizində baş verən siyası hadisələr onu göstərir ki, Türkiyəyə qarşı 98 il öncəki düşmən ittifaqlar bu gün də davam edir. Bütün çətinliklərə rəğmən Türkiyə dövləti qarşısına daha da güclənmək və daha böyük nüfuz sahibi olmaq məqsədini qoyub...
-Rəhmətlik Atatürk deyirdi: “Siyasi, hərbi zəfərlər nə qədər böyük olursa - olsunlar, əgər iqtisadi zəfərlərlə taclandırılmazlarsa, əldə edilən zəfərlər davamlı ola bilməz, az zamanda sönər”. Həmin kəlamın prizmasından baxanda bu gün faktiki olaraq müsəlman-türk dünyasında lider ölkəyə çevrilmiş, artıq dünya güclərinin hesablaşmağa başladığı, həm siyasi, həm də hərbi qələbələrə imza atmış Türkiyə Cümhuriyyətinin iqtisadi inkişaf perspektivi yetərincədirmi? Son vaxtlar bütün iqtisadi ekspertlər lirənin kəskin ucuzlaçmasından danışır... Ermənistandakı revanşistlər və digərləri buna sevinir...
-Türkiyə dövləti 98 ildə yetərincə ağır iqtisadı sınaqlardan keçib. Ölkə əhalısı yoxsulluq halında yaşayıb, çətin günlərin öhdəsindən gəlib. Türkiyədəki iqtisadı böhranlar xarici və daxili səbəblərdən baş verib. Xarici səbəb deyəndə, Türkiyəni idarə edən hökumətlər bəzən dunyanın güc mərkəzlərinin dəstəyilə iqtidara gəlib, amma sonradan onların istəklərini yerinə yetiməyiblər. Nəticədə ya iqtidardan gediblər, ya hərbi çevrilişlər olub, yaxud daxildə gərginlik və iqtisadı böhranlar yaranıb. Məsələn, Bülent Ecevitin istefa verməsini göstərmək olar. Bir zamanlar ABŞ dostu sayılan Ecevit sonda Ağ Evin istəyi ilə getmədi və nəticədə siyasi karyerası bitdi...
Bu gün dunyamız çətin günlərdən keçir. Pandemiya dunya dövlətlərinin iqtisadiyyatina böyük zərərlər vurub. Türkiyə dövlətinin iqtisadiyyatı da ağır günlər keçirir... Amma lirənin dəyərdən düşməsinin ən böyük səbəbi xarici səbəblərdi. Türkiyənin indiki iqtidarına qarşı da dunyanın super güçləri birləşib. Artıq Ərdoğan ABŞ-ı istəməyən adam elan olunub... Lirənin ucuzlaşmasını da Ərdoğanın hakimiyyətdən getməsi üçün edilən siyasi gedişlərdən biri kimi dəyərləndirirəm. Ancaq düşünürəm ki, Türkiyə dövlətinin daxildə iqtisadi bohrandan çıxmaq gücü, həm də istehsal sənayesi var. Baxmayaraq ki, bu da xeyli dərəcədə xaricdən asılıdır. Qısası, Türkiyənin iqtisadı gücünün zəifləməsinin əsas səbəbi xarici siyasi amillərdir. Amma ümid edək ki, qardaş ölkə bu böhrandan da tezliklə uğurla çıxacaq və düşmənlərin “lirə sevinci” gözlərində qalacaq...
-Türkiyənin bizə yetərincə siyasi-mənəvi, texnoloji və kəşfiyyat dəstəyi verdiyi 44 günlük savaşdan sonra həm Azərbaycana yenə də dayaq durmaq, həm də Qafqazda, regionda nüfuzunu daha da möhkəmləndirmək üçün Qarabağla əlaqədar Rusiya ilə balanslı şəkildə atdığı addımlarda hansısa yanlışlıqlar sezilmir ki?
-Qafqazda tək güc varsa, o da Rusiyadır. Rusiya burada ondan başqa kiminsə güclü olmasını istəmir və heç bir zaman Avropanın, ABŞ-ın da güclü olmasına imkan verməyəcək. Bəs Rusiya nədən Türkiyəyə yaxınlaşıb. Bunu onun dövlət maraqları tələb edir. Rusiya Türkiyənin Qafqazda iqtisadı güc olmasına isti baxır, amma siyasi güc olmasını istəmir. Rusiya yaxşı bilir ki, Türkiyənin arxasında Avropa, ABŞ var. Öncə dediyim kimi, Türkiyə dövləti son 98 ildə hər zaman Qərb və Rusiya arasında balanslı siyasət aparıb. Ancaq son nəticədə Qərbin yanında yer alıb. Qaldı Qarabağla bağlı, Türkiyə öz dövlət maraqları çərçivəsində addımlar atır, sadəcə, bəzi məsələlərə gücü çatmir. Onu da bildirmək istəyirəm ki, Türkiyə və Rusiya heç bir zaman strateji müttəfiq ola bilməzlər və olmayacaqlar...
-Son 10 ay müddətində Qarabağdakı Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyətinin Azərbaycan üçün hansısa real və ədalətli nəticələri görünmür. Yoxsa bizə elə gəlir, reallıq tamam başqa cürdür?
-Türkiyə-Rusiya monitorinq mərkəzi Azərbaycan dövləti rəhbərinin təkidi və istəyi ilə yaradılıb. Ancaq nəticə etibarilə həmin qurumun Qarabağada gedən proseslərə təsir imkanı yoxdur, demək olar ki, sıfırdır. Bunu Azərbaycan dövlət qurumlarının bəzi açıqlamaları da göstərir. Amma onu bilmək lazımdır ki, birgə monitorinq mərkəzinin işləməməsinin əsas səbəbi Rusiyadır...
-Sizcə, Türkiyə Azərbaycanla birgə Zəngəzur kommunikasiya dəhlzinin açılışına nail olduqdan sonra Laçın dəhlizinin, yəni Laçın şəhəri, rayonun dəhlizdəki kəndlərinin, həmçinin Şuşa rayonunun eyni dəhlizə daxil olan yaşayış məntəqələrinin də Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin ərazidən gedişi ilə Azərbaycanın yurisdiksiyasına verilməsində də kifayət qədər təkid göstərəcəkmi?
-Bilirsiz, Azərbaycan xalqı son iki yuz ildə istər Osmanlı-Çar Rusiyası, istərsə də Bolşevik Rusiyası-Türkiyə yaxınlaşmasından böyük zərərlər görüb. Və ən pisi odur ki, Qərbi Azərbaycan torpaqlarında qondarma erməni dövləti yaradılıb. Ancaq ilk dəfə olaraq 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Türkiyə-Rusiya yaxınlaşmasından qazanclı çıxdı. Hələki... Türkiyə dövləti 44 gün ərzində Rüsiyanı neytral saxlamağa çalışdı. Ancaq sonrakı siyasi proseslərə müdaxilə imkanları çatmadı. Qaldı, bundan sonra Türkiyə Azərbaycanı Rusiyadan qoruya biləcəkmi? Türkiyə dövləti öz dövlət maraqları çərçivəsində bacardığı qədər Azərbaycanın yanında olacaq. Bu baxımdan Rusiyadan Azərbaycanın tələblərini də istəyə bilər. Amma Qarabağın taleyi bütövlükdə Azərbaycan xalqının əlindədir və bütün bu proseslərin gələcəyi Azərbaycan dövlətinin atdığı addımlardan, onun siyasi iradəsindən asılı olacaq...
-2023-cü ildə, yəni Cümhuriyyətin yüz illiyində Türkiyə və Türk dünyası üçün hansı yenilik və uğurlar görünür?
-Türkiyədəki türkçülərin 95 faizi Türkiyə türkçusüdür. Yerdə qalan beş faiz 300 milyonluq Türk dünyasının türkçüsüdur... Təbii ki, öz dövlət maraqlarını qorumaq şərtilə... Türkiyədəki sol cinah Turan birliyinə isti baxmır və baxmaycaq da. Hətta Turan Birliyini ABŞ planı kimi tədqim edənlər də var. Sağ cinah isə islamçi kəsim, məzhəb olaraq İslam ümmət birliyindən danışır. Azərbaycanı çıxmaq şərtilə Türkiyə ilə digər türk dövlətlərinin məzhəbi eynidir. Və həmin dövlətlərlə yalnız məzhəb birliyi çərçivəsində müəyyən yaxınlaşmalar olub son 30 ildə. Qaldı Türkçü cinaha, bunlar isə 30 ildə Türk dunyası ilə əlaqədə nəyə gücləri çatıb ediblər. Təbii ki, Türkiyə dövlətinin maraqlarını qorumaq çərçivəsində edilib bu addımlar. Hazırda Türkiyə dövləti həm xaricdə, həm də daxildə çətin günlərdən keçir. Əsasən də Suriya ətrafında dalana dirənib. Amma bütün bu çətinliklərə rəğmən 98 yaşlı Türkiyə Cümhuriyyətinin 2023-cü il - 100 illik hədəfləri var və ona doğru gedir...
Ancaq hələki 2023-cü ilə iki il var. Ona qədər hansı dəyişikliklər baş verəcəyini bilmək olmaz. Türkiyədə hansı siyasi proseslər gedəcəyini bilmirik. Bəlkə də Ərdoğan artıq 2023-cü ildə Türkiyəni idarə etmədi? Yalnız onu demək olar ki, istər hazırki vəziyyətdə, istərsə də 2023-cü ildə və ondan sonrakı dönəmlərdə də Türkiyə dövləti öz dövlət maraqları çərçivəsində Türk dunyasının birliyi istiqamətindəki siyasətini aparacaq…