Türkiyə bu prosesdən Qərbin deyil, Rusiyanın uduşlu çıxmasını istəyir - İDDİA

18:29 10.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan da, eynən Azərbaycan kimi, Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasında çox önəmli bağdır və Putin “Yeni SSRİ”-ni – Genişləndirilmiş Avrasiya İttifaqını həm də Qərbdən qopmağa çalışan Ərdoğan Türkiyəsi ilə bərabər qurmaq niyyətindədir. Çünki həm Putin, həm də Ərdoğan strateji ağıl sahibləri olaraq, çox yaxşı başa düşürlər ki, getdikcə güclənən Çin və ABŞ arasındakı rəqabətdən ölkələrini uduşlu çıxarmağın yeganə yolu Çin-Avropa İttifaqı arasındakı coğrafiyada Türkiyə və Rusiyanın fəal əməkdaşlıq münasibətləri qurmasından keçir.

Bu fikirləri hafta.az-a Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib:

“Hətta mümkündür ki, Qazaxıstandakı etiraz aksiyaları elə həm də Rusiya-Türkiyə münasibətlərini Mərkəzi Asiyada pozmaq və bu yaxınlaşmadakı əsas bağlardan daha birini qoparmaq məqsədiylə təşkil edilib”.

E.Şükürlü hesab edir ki, Ərdoğan Türkiyəsi Nazarbayevin varisi Tokayevin etirazçıları terrorçu adlandıraraq KTMT-dən – Rusiyadan kömək istəməsindən və rəsmi Kremlin hadisələrin axarını dəyişərək Qazaxıstanda əsas sabitləşdirici güc kimi daha da möhkəmlənməsindən qətiyyən narahat deyil. Əksinə, hadisələrin arxasında Qərb barmağını gördüyündən, bu prosesdən Qərbin deyil, Rusiyanın uduşlu çıxmasını istəyir.

“Görünən odur ki, Putin Rusiyası keçmiş sovetlər məkanında dartıldığı bataqlıqlardan məharətlə yayınaraq, bu coğrafiyada əsas sabitləşdirici və pozucu qüvvə olduğunu onu yenidən prezident görmək istəməyən Baydenə qəbul etdirmək niyyətindədir”.

E.Şükürlü eyni zamanda hesab edir ki, Qazaxıstandakı kütləvi iğtişaşların təşkilində ölkə ərazisinə sızmış hansısa radikal islamçı təşkilatın, xüsusən də “İŞİD-Xorasan” qruplaşmasının ittiham ediləcəyi daha çox gözləniləndir.

“Çünki bu, Tokayevə həm KTMT-ni ölkəsinə çağırışının qanuniliyini əsaslandırmaq üçün gərək olacaq, həm də Rusiyanın Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan sərhədlərinin təhlükəsizliyini birgə qorumaq təşəbbüsünü legitimləşdirəcək”.

Siyasət rubrikasından digər xəbərlər