Türkiyənin Diyarbəkir şəhərində iftar yeməyinə qatılan İraq Kürd Regional Rəhbərliyinin (İKRG) etnik və dini qurumlar naziri, İraq Türkmən Cəbhəsi (İTC) İdarə Heyətinin üzvü Aydın Maruf, “Hər zaman Türkiyənin yanındayıq. Türkiyə Cümhuriyyəti ilə qürur duyuruq” deyib.
Hafta.az-ın yazdığına görə, Türk Qızıl Aypara Cəmiyyətinin mərkəzi Sur rayonundakı şadlıq sarayında zəlzələ qurbanlarının iştirakı ilə təşkil etdiyi proqramda Anadolu Agentliyinə (AA) danışan nazir Maruf zəlzələ qurbanları ilə görüşməkdən məmnun olduğunu dilə gətirib.
Türkiyənin hər zaman bölgədə əhəmiyyətli bir ölkə olduğunu vurğulayan Maruf, "Türkiyə Cümhuriyyəti hər zaman böyük bir ölkə olub. Keçmişdən bu günədək bütün regionda istər məzlum insanlara, istərsə də bütün etnik qruplara böyük dəstək verib. Təəssüf ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələdə çoxlu insanımız həyatını itirdi, çox sayda insan da yaralandı” deyib.
Türkiyənin İraq türkmənlərinin vətəni olduğunu bildirən Maruf qeyd edib ki, Türkiyə Cümhuriyyəti türkmənlər üçün əhəmiyyətli ölkədir, onların vətənidir. “Bu gün İraqdan - Ərbildən gəldik. Hər zaman yanındayıq Türkiyə Cümhuriyyəti. Biz səninlə fəxr edən insanlarıq”, - deyib Maruf.
İftar proqramında Türk Qızıl Aypara rəsmiləri, qeyri-hökumət təşkilatları və siyasi partiyaların nümayəndələri də iştirak edib.