Türkiyə qalib gəlir, Tehran isə kənarda qalır

14:18 09.12.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qərb mətbuatında dərc olunmuş təhlildə bildirilir ki, Türkiyənin uzunmüddətli strategiyası ölkəni əsas qaz idxalçısından regional enerji mərkəzinə çevirməyi hədəfləyir.

Hafta.az yazır ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın "Türkiyə-Azərbaycan enerji dəhlizi"ni regional enerji təhlükəsizliyi üçün yeni üfüq kimi tərifləyən açıqlamaları vurğulanan təhlildə deyilir: "Azərbaycanın Avropaya təbii qaz ixracındakı sürətli artım İranın mövqeyini və əsas enerji nəqliyyat dəhlizlərində iştirak etmək qabiliyyətini ciddi şəkildə sarsıda biləcək səviyyələrə çatıb".

Avropanın qaz bazarında daimi mövqe qazanmaq üçün Azərbaycanın uzunmüddətli strategiyasına istinad edən təhlildə deyilir: "Cənub Qaz Dəhlizi, o cümlədən CQBK, TANAP və TAP boru kəmərləri ölkənin əsas ixrac şəbəkəsidir. Sistem Qara dənizdəki Şahdəniz yatağından Türkiyəyə, daha sonra isə Avropaya qaz daşıyır və hazırda İtaliya, Yunanıstan, Bolqarıstan, Macarıstan və Rumıniya da daxil olmaqla ondan çox ölkəyə qaz tədarük edir. İxracat ötən il 12 milyard kubmetri keçib və ildə 20 milyard kubmetrə qədər artırılması planlaşdırılır. Avropanın Rusiya qazından uzaqlaşmağa çalışdığı bir vaxtda Azərbaycanın nüfuzu onun geosiyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir və Türkiyə əsas tranzit mərkəzi kimi ortaya çıxır. Lakin bu vəziyyət İranı getdikcə daha çox kənarlaşdırır".

Həmçinin qeyd olunur ki, Türkiyə LNG infrastrukturunu gücləndirməklə, təchizat müqavilələrini genişləndirməklə və saxlama tutumunu artırmaqla Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevrilib.

Təhlildə deyilir ki, Azərbaycanın ixracı artdıqca Ankaranın təsiri də artıb və bu vəziyyət İrana qarşı işləyir. "Dünyanın ikinci ən böyük təbii qaz ehtiyatlarına malik olmasına baxmayaraq, İran vacib fürsətləri əldən verdi. Sanksiyalar, investisiya çatışmazlığı və ixrac infrastrukturunun olmaması İranı Avropa bazarından ayırıb. İran artıq Avropa üçün nə birbaşa ixrac, nə də Orta Asiya vasitəsilə qaz tranziti üçün əlverişli seçim deyil. Türkiyə və Azərbaycan bu sahədə tamamilə gücləniblər".

Məqalədə enerji gələcəyinin İran olmadan formalaşacağı qeyd olunur və əlavə edilir: "Türkiyə geosiyasi mövqeyini daha da gücləndirir və Yaxın Şərqdən Balkanlara nüfuzunu genişləndirir. Bu arada, İran, nəhəng ehtiyatlarının olmasına baxmayaraq, tarixi fürsəti əldən verir və Avropa enerji xəritəsindən tamamilə silinmə riski ilə üzləşir".