"Uşaqlar heç bir münaqişənin qurbanı ola bilməz. Xəstələr və yaralılar heç bir düşmənçiliyin məzlumu olmamalıdır".
Hafta.az-ın yazdığına görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca jurnalistlərə açıqlamasında deyib. Qəzzada gəmi xəstəxanasının hazır olduğunu bildirən Koca, "40-a yaxın təciliyardım maşını planlaşdırdıq və onlar da xidmətə hazırdırlar. 8 "Koca Yusuf" təyyarəsi ilə inkubatorlar, ventilyatorlar, çoxlu kiçik və böyük generatorlar göndərdik. 20 nəfərlik tibbi heyətimiz iki direktor yoldaşlarımızla birlikdə hələ də oradadır" deyib.
Həm Rəfah Sərhəd Qapısına yaxın ərazidə, həm də Əl Ariş Hava Limanında 20 səhra xəstəxanası qurmaq üçün bütün hazırlıqları gördüklərini ifadə edən Koca, Misir və Fələstin Səhiyyə nazirlikləri ilə yaxın dialoqda olduqlarını söyləyib. Nazir deyib ki, amma həmin xəstəxanaların təhlükəsizliyi təmin edilməli və icazələr verilməlidir.
Koca, icazə veriləcəyi təqdirdə dərhal səhiyyə əməliyyatlarına başlamağa hazır olduqlarını vurğulayıb.