Türkiyə qoşunları Laçında, Şuşada, Ağdərədə ruslarla paralel durmalıdır - Müsahibə

11:44 17.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan üçtərəfli sazişə əsasən Qarabağda yerləşən Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı müəyyən gərginliklər yaşandı. İndi isə, Rusiyanın Dağlıq Qarabağdakı ermənilərə pasportlar paylayacağı deyilir. Əslində nə baş verir? Hafta.az-a müsahibə verən politoloq Natiq Miri bir çox faktlara toxunub.

- Natiq müəllim, bu gün Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi regionun geosiyasi mənzərəsinə hansı dəyişikliyi, təsirləri göstərməkdədir. Rusiya sülhməramlılarının regiondakı əsl mahiyyəti nədir?

-  Rusiya heç bir zaman sülhməramlı statusunda çıxış etməyib. Biz bunu ötən əsrin 90-cı illərində Moldovada, Dnestryanıda,  Gürcüstanda 8 günlük müharibədə də müşahidə elədik. Hansı ki, Rusiya BMT mandatı ilə Abxaziya və Osetiyada sülhməramlı statusunda çıxış edirdi və təmas xəttində məhz rus qoşunları dururdu. Sonradan Rusiya qoşunları təcavüzkar işğalçıya çevrilərək, Tiflisin kəndarına qədər getdilər. 

Rusiya sülhməramı statusunda BMT-dən heç bir mandat almayıb. Beynəlxalq səviyyədə heç bir hüququ statusu yoxdur. Bu statusu sadəcə Ermənistanla Azərbaycan öz aralarında razılaşdırıb və həmin sənədin altına imza atıblar. Bu məsələdə ərazi Azərbaycan ərazisi olduğu üçün mütləq mənada Rusiyanın sülhməramlı qoşunlarının fəaliyyət sferası, çərçivəsi Azərbaycan Milli Məclisi tərəfindən müəyyənləşdirilməlidir. Əks halda Rusiya ordusu özü üçün müəyyən hədsiz səlahiyyət müəyyənləşdirir, bu cür hədsiz addımlar atmağa başlayır. Fikir verin, hər həftə Rusiya Müdafiə Nazirliyi yeni bir xəritə tərtib edib, internet vasitəsi ilə yayımlayır. Rusiya sənəddə göstəriləndən qat-qat artıq əsgəri, hərbi texnikalarının sayını artırır. Qarabağda üçtərəfli sənəddə nəzərdə tutulmayan bir çox idarəetmə sistemləri yaradır. Bu səlahiyyəti Rusiyaya kim verib?!  Bildiyiniz kimi, BMT-nin mandat verdiyi sülhməramlı qoşunlar haqqında konkret qərarları var. Rusiya bu çərçivədə beynəlxalq hüquqa uyğun olaraq davranmalıydı. Əgər davranmırsa, deməli, Rusiya üçün bu çərçivəni biz cızmalıyıq. Və Azərbaycan qanunverici orqanı olan Parlament artıq bu yöndə fəaliyyət sferasını müəyyənləşdirərək Rusiyaya təqdim etməlidir. Rusiya bu çərçivədən çıxdığı təqdirdə Rusiyaya etimadsızlıq məsələsi qoyulmalıdır. Çünki Rusiya artıq öz neytrallığını qorumayandan sonra, legitimliyini itirmiş olur.

Bu gün Rusiyanın Azərbaycanda-Qarabağda varlığı dövlətimizin istəyi ilə olub. Rusiya mütləq mənada bunu nəzərə almalı idi. Yəni bu, Rusiyaya bizim tərəfdən olan çox böyük güzəşt idi. Rusiya isə bunun əksinə davranaraq Ermənistan əhalisini heç bir yoxlama keçirmədən Qarabağa gətirir, ayrıca Azərbaycanın haqqında cinayət işi açdığı cinayətkar Araik Harutunyanı de-fakto tanıyır və onunla bütün məsələləri müzakirə edir, paralel olaraq Rusiyadan gələn müxtəlif səpkili təchizatla Qarabağ ermənilərini təmin edir. Bu təchizatın içərisində silahların olub-olmadığı hələlik heç kimə bəlli deyil.

Ən nəhayət, Rusiyanın bəyanata əsasən üzərinə götürdüyü öhdəliklər var. Bu öhdəliklərin içərisində erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması məsələsi də var. Rusiya nəinki bunu etməyib, hətta erməni silahlı qüvvələrindən öz maraqları üçün istifadə edərək, Azərbaycanın istənilən müstəqil bir qərarına qarşı çıxmaq üçün Qarabağ yarasını hər an qanatmağa hazırdır. Biz bunu Xocavənd, Hadrutun iki kəndində Azərbaycan əsgərinə qarşı açdığı atəşlərdə də gördük.

- Ermənilərin, Rusiyanın Hadruta olan “sevgisi”, narahatlığı nə ilə əlaqəlidir?

- Hadrut bölgəsini mən çox gözəl tanıyıram. Hadrut bölgəsi İranla həmsərhəd Horadiz qəsəbəsində olan zastavanın baş idarəsinin mərkəzi idi.  Hadrut ərazisi ən yüksəklikdə yerləşdiyi üçün bütün İran sərhədləri, Ermənistan, Azərbaycan, hətta Xankəndi və Şuşa daxil olmaqla bütün ərazilər ordakı radioelektronaviqasiya sistemləri vasitəsi ilə çox rahatlıqla nəzarət altına alına bilinirdi.  Yəni Rusiya ordan bütün məkanlara nəzarət edə bilirdi. Əslində, bu cür davranışın, hərbi təxribatların əsas məqsədlərindən biri də  süni bəhanə yaradıb tədricən Rusiya qoşunlarının Hadrut bölgəsinə yeridilməsini təmin etməkdir. Ayrıca Füzuli rayonunun işğal olunmamış Əhmədbəyli kəndindən Şuşaya bir yol çəkilir. O yol həmin Tağlar kəndi istiqamətindən keçir.  Bunlar dağətəyi reliyefi olan çox çətin ərazilərdir. Çox maraqlıdır ki, belə bir yolun çəkilişi dolayısı ilə Rusiyanın Azərbaycana təsir imkanlarını məhdudlaşdırır. Yən artıq Şuşa ilə kommunikasiya imkanlarımız artdığı səviyyədə bu sülhməramlılara o qədər də ehtiyac qalmayacaq. Düşünürəm ki, əslində məhz Tağlar istiqamətində erməni silahlı qüvvələrinin Azərbaycana qarşı istifadə olunmasında əsas məqsəd bu ərazilərə rus qoşunlarının gəlməsini təmin etməkdir ki, buna da nail oldular. Şuşa yolunu nəzarətə almaq istəyirdilər. Artıq bu məsələlər Azərbaycan dövləti üçün çox böyük təhlükəyə çevrilib. Bu təhlükə Azərbaycanın ərazi bütövlüyünü ciddi mənada təhdid altına salır.

- Çıxış yollarını nədə görürsünüz?

- Birinci növbədə Parlamentdə Rusiya sülhməramlılarının fəaliyyət sferası qanuniləşdirilməlidir, müəyyənləşdirilməlidir və bu ultimatum şəklində Rusiyaya bildirilməlidir. İkincisi, hərbi təzyiq artırılmalıdır. Azərbaycan öz ərazilərini hərbi yolla azad etdi. Halbu ki, bütün dünya iddia edirdi ki, bu məsələnin hərbi həlli yoxdur. Amma görsəndi ki, bunun hərbi yolları var.  Digər tərəfdən, Rusiyann özü yalnız hərbi dili anlayan dövlətdir.  Azərbaycanın qəhrəman əsgərləri bu gün bütün ərazilərdə mövcuddur. Hərbi təzyiq dərhal erməni silahlılarının zərərsizləşdirilməsi ilə bağlı olmalıdır. Bu, Azərbaycan dövlətinin bilavasitə siyasi iradəsini ortaya qoyacaq. Rusiya anlayacaq ki, Azərbaycan ordusu həqiqətən də zarafat etmir.

- Natiq müəllim, belə fikirlər də var ki, dediyiniz bu təhlükənin aradan qaldırılması, vəziyyətin balanslaşdırılması üçün Türkiyə sülhməramlılarının da bölgəyə gətirilməsi şərtdir. Eləcə də Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasının da istər Rusiya, istərsə də torpağımıza iddia edən digər qüvvələr  üçün “hədiyyə” olacağı vurğulanır. Bununla bağlı nələri söyləmək olar?

- Bu, 10 illərdir xalqın dövlətdən etdiyi bir tələbdir. Düşünürük ki, sözün əsl mənasında Türkiyə ilə Azərbaycan arasında strateji, hərbi müttəfiqlik yönündə müstəqil bir saziş olmalıdır. Əslində, qarşılıqlı yardım haqqında iki qardaş ölkənin belə bir sənədi var. Hərbi müttəfiqlik, yəni Rusiya ilə Ermənistan arasında bağlanmış 9 ildir mövcud olan hərbi saziş yoxdur. Belə bir sazişin imzalanmasına ehtiyac var. Bu sənədin imzalanması Türkiyə Ordusunun Azərbaycanda hüquqi varlığına zəmin yaradacaq və bu prosesə kimsə etiraz edə bilməyəcək.  İkinci bir məsələ, bu, Rusiyaya ciddi bir mesaj olacaq. Türkiyə Ordusunun Azərbaycanda varlığı qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişmiş olacaq. Türkiyə Böyük Millət Məclisində Türkiyə ordusunun Azərbaycana gəlməsi ilə bağlı qərar verilib. Belə olduğu təqdirdə hesab edirəm ki, Ağdamda infrastrukturun yaradılmasını gözləməyə ehtiyac yoxdur. Türkiyə qoşunları hər bir halda qərara uyğun olaraq Azərbaycanda yerləşməlidir. Bunu Azərbaycan istəyib və Azərbaycanın istəyinə uyğun olaraq müəyyən coğrafi mövqelərdə yerləşməlidir. Əsas etibarilə Türkiyə qoşunları Laçın dəhlizində durmalıdır. Bu, Azərbaycanın istəyidir və Rusiya bundan imtina edə bilməz. Yəni söhbət sühməramlı statusdan getmir, Azərbaycan istəyir ki, Türkiyə silahlı qoşunları  bu bölgələrdə dursun. Bu proses Rusiyanın Suriyada varlığı kimi olmalıdır. Belə ki, Rusiya bütün dünya dövlətlərinin gözünə soxur ki, onları Suriya dövlət başçısı Bəşər Əsəd dəvət edib.  Eyni addımı Azərbaycan da atmalıdır. Düşünürəm ki, Türkiyə qoşunları Laçında, Şuşada, Ağdərədə, Xocavənddə və bütün erməni yaraqlılarının olduğu nahiyələrdə ruslarla paralel şəkildə durmalıdır.

- Rusiyanın Xankəndiyə toplaşan ermənilərə rus pasportları verəcəyi ilə bağlı bu günlərdə yayılan məlumatların mahiyyətində nə dayanır?

- Bu cür fikirlərin ortalığa atılması şaiyə xarakterlidir, konkret məqsədlərə xidmət edir. Bunu sıradan bir informasiya kimi qəbul etmək olmaz. Bu xüsusi xidmət orqanlarının ortalığa atdığı bir şaiyədir. Bu, daha çox ermənilərin Qarabağa gəlməsini stimullaşdırmağa yönəlib. Düşünürəm ki, bunun heç bir ciddi həqiqi əsası yoxdur.  Qarabağın Rusiyaya nə aidiyyəti var?  Rusiya ilə Qarabağ arasında heç bir quru sərhəd də yoxdur. Ona görə Azərbaycanda yaşayan qarabağlı ermənilərə Rusiya pasportunun verilməsi nə qədər ciddi qəbul oluna bilər?  Bu nə beynəlxalq, nə regional, nə də dövlətlərarası münasibətlərdə ciddi qəbul oluna bilməz. Burda məqsəd daha çox ermənini Qarabağa sövq edə bilmək üçündür. Rusiya artq məhz ermənilərin yaşadığı Qarabağ bölgəsində 40 min evin tikilməsi ilə bağlı göstəriş verib və bu yöndə çox ciddi hazırlıqlar başlayıb. Bu o deməkdir ki, daha çox ermənini Qarabağa cəlb edib, perspektivdə öz geosiyasi maraqlarını təmin etmək istəyirlər.

Digər tərəfdən, bilirsiniz ki, artıq Xocalı aeroportunun bərpası məsələsi gündəmdədir. Rusiya bu məsələdə çox ciddi hazırlıqlar görür. Əgər Rusiyanın yükdaşıyan ağırtonnajlı hərbi təyyarələri birbaşa o aeroportuna enəcəksə və bu nəzarət bizdə olmayacaqsa, hansı ki, yoxdur, bu, bizim üçün gələcəkdə bizə çox böyük bəlalar açacaq. Təkcə inşaat materialları deyil, paralel olaraq əmin olun ki, silahlar da daşıyacaq.